KANAL24.AZ
Az Iw En Ru

Ah, mən gündən-günə bu gözəlləşən, İşıqlı dünyadan necə əl çəkim?-DEYƏN ŞAİRİN GÜLLƏLƏNDİYİ GÜN-FOTO/VİDEO

Yanvarın 6-sı həyatdan vaxtsız getmiş istedadlı şairimiz Mikayıl Müşfiqin vəfatı günüdür. Daha doğrusu, Stalin rejiminin yerlərdəki nökərləri tərəfindən güllələndiyi gündür.

Məlumat üçün deyim ki, Mikayıl Müşfiq Qədir oğlu İsmayılzadə 1938-ci ildə Azərbaycan SSR Cinayət Məcəlləsınin 64, 70, və 73-cü maddələri ilə təqsirli bılınib və SSRİ Ali Məhkəməsınin Səyyar Hərbi Kollegiyasının 5 yanvar 1938-ci il saat 11:20-də başlanan məhkəməsi saat 11:40-da onun güllələnməsi hökmü ilə başa çatır.

Diqqət edin: məhkəmə cəmi 20 dəqiqə çəkir. Hökm yanvar ayının 6-na keçən gecə həyata keçirilir. Bəs hələ yaradacağı neçə-neçə əsərləri yarımçıq qalan bu gənc, istedadlı şairi güllələnməyə qədər aparan yollar haradan keçirdi? Onun «günahı» nə idi? Kimlər idi onun torbasını tikənlər? Bu barədə S.Mümtaz adına Azərbaycan Dövlət Arxivinin şöbə müdiri, tədqiqatçı Aslan Kənanın arxiv materialları əsasında araşdırmalarını oxuduqca adam heyrətə gəlməyə bilmir. Siz də oxuyun və görün ki, ədəbiyyata, poeziyaya yenilik gətirən istedadlı bir şairə qarşı nə qədər haqsızlıqlar olub.

«Mikayıl Müşfiq oğlu Yalçının ölümü ilə uzun müddət barışa bilmirdi. Həyatına sevinc gətirən, ilhamına yeni qanad verən bu uşağın qəfil ölümü onu çox sarsıtmışdı. Qələm dostları tez-tez yanına gələr, ona təsəlli verməklə ələmini, kədərini unutdurmağa, çalışardılar. Həmin ərəfədə Moskvaya - ədəbi yığıncağa dəvət alan bir qrup yazıçılar arasında M.Müşfiqin yaxın dostu Rəsul Rza onu bu kədərli anlardan ayırmaqdan ötrü onlarla getməyi təkid edir.

O ilin yayında M.Müşfiqlə Mir Mehdi Seyidzadə Mərdəkan bağlarında ailəvi ev tutub bir yerdə dincəlirdilər. Həmin yay günlərində Rəsul Rza, Ənvər Əlibəyli, Ənvər Məmmədxanlı yaxınlıqdakı bağlarda dincəldikləri üçün demək olar hər gün bir yerdə olurdular. Hərdən buralara satirik şeirləri və meyxanaları ilə xalqın qəlbinə yol tapan Əliağa Vahid də təşrif gətirər, dahi Füzulidən, buzovnalı Azərdən, türk şeirinin görkəmli ədiblərindən söhbət açar, onlardan şeirlər deyər, bəzən də yazıb, lakin hamıdan gizli saxladığı qəzəllərıni bu məclisdə oxuyardı. Bu kiçik məclisdə Müşfiq və onun yanındakılar Ə.Vahidin qəzəllərindən xüsusi zövq alırdılar. Ətraf seyrəkləşəndən sonra Müşfiq Vahidlə bir tərəfə çəkilər, Xəyyamdan yenicə tərcümə etdiyi rübailəri ona oxuyardı. Əkrəm Cəfərin təbiırincə desək: «Müşfiq gözəl şeir oxumaq qabiliyyətinə malik» idi.

Vəfasız aləmi gəzdim doyunca,
Ölçdüm öz ölçümlə hər şeyi bunca.
Parlaq üzün kimi bir ay görmədim,
Bir sərv bulmadım sənin boyunca…


Bağdan köçəndən sonra Müşfiqgildə şadyanalıq hökm sürürdü. Qəhqəhə və alqış səsləri, bir-birinin ardınca səslənən şeirlər məclisə xüsusi şənlik gətirirdi. Badələrin cingiltisi, alqış səsləri şeir deyənləri daha da ilhamlandırırdı. Bakı Sovetindən M.Müşfiqin ailəsinə ayrılmış mənzilin təbrikinə yaxın qohumları ilə yanaşı, qələm dostları da gəlmişdilər. Hamı gülüb-danışır, sevinc içində mənzil sahibinə gözaydınlığı verir, evin düşərli olmasını arzulayırdılar.
Gecədən keçmiş qonaqlar dağılışır. Sevimli müəllimi Abdulla Şaiq ayağa qalxır, əlini Müşfiqin çiyninə qoyub küçəyə çıxmağı təklif edir.

Abdulla Şaiq bu qarışıq zəmanədə Müşfiqə ehtiyatlı olmağı məsləhət bilir, Hüseyn Cavidin aşağıdakı beytini ona xatırladır və bu misraları unutmamağı tövsiyə edir:

Göz, qulaq - görmək, eşitmək aləti
Daima aldatmış insaniyyəti.


Həmin görüşlərdən bir müddət sonra Azərbaycan Yazıçılar İttifaqının plenumunda, dövri mətbuatda M.Müşfiqə qarşı kəskin, qərəzli, hətta ifrat dərəcədə sərt tənqidlər təşkil olunmağa başlayır. Bu tənqidlər bəzən təhqirlərə də keçirdi. Haqsız hücumlara məruz qalan safqəlbli, genişürəkli, fitri istedad sahibi olan M.Müşfiq ona qarşı bu cür sərt çıxışlara görə bədbinliyə qapılsa da özünü ələ almağa çalışır.

Azərbaycan Yazıçılar İttifaqının yığıncaqlarından birində İttifaqın sədri S.Şamilovun çıxışı ən azı, təəccüb doğurmaya bilməzdi:

«Müşfiq nə üçün Səməndər kimi əfsanəvi bir quş ilə maraqlanır, ancaq bızim sovet quruluşu ilə, bizim sovet qəhrəmanları ilə maraqlanmır? Bax bu Səməndər sizin fikrinizə haradan gəlib? Biz demirik sənin flankəsdir qohumun. Ola bilər demişik ki, sənin qohumun müsavatçının qohumudur. Ancaq sən öz yaradıcılığın haqqında danışmalısan. Sən bu gün Sovet ədəbiyyatının ifşa etməyə çalışmırsansa, bəs bu Səməndəri nə üçün yazmısan, kim səni məcbur etmişdir bunu yazasan».

Zənnimcə, bu sözlərin izaha ehtiyacı yoxdur. Yalnız onu xatırladım ki, S.Şamilov özü də sonralar iki dəfə haqsız yerə həbs olunur.
Yazıçılar İttifaqının başqa bir plenumunda ədəbiyyat sahəsində heç izi olmayan, «şeirlərini» mətbuat səhifələrində görmək arzusu ilə «qovrulan», onun üçün də görkəmli şair və yazıçıların himayəsinə ehtiyac duyan, bununla da ondan bir alət kimi istifadə edilən Feyruz adlı «şair» əda ilə tribunaya qalxır..

O, ilk növbədə, bir neçə şairin ünvanına kəskin ifadələr işlətdikdən sonra «əsas mətləbə» keçir. Bu «mətləb» onun gələcəkdə «şeirlərinin» mətbuata çıxması üçün gözəl məqam idi. İlk zərbəni yeni quruluşun bir nömrəli «düşməni» sayılan Əhməd Cavada yönəldir və bundan sonra istedadı ilə neçə-neçə qələm sahiblərindən seçilən, addımbaşı «dostlar»ı tərəfindən qısqanclıqla qarşılanan M.Müşfiqə tərəf istiqamət götürür, onu «Ə.Cavadın qanadı altında yaşayan» gənc şair adlandırır.

Natiq M.Müşfiqin «ədəbiyyatımızda və şeirimizdə ən inkişaf etmiş şair» olduğunu etiraf etmək məcburiyyətində qalsa da, ünvanına «əksinqilabçı» damğası vurmağı da unutmur. O dövrdə «əksinqilabçı» damğası vurulan şəxsin həyatının nə ilə qurtaracağı heç kəsə gizli deyildi.
Salonda əyləşib bu ilhamsız «şair»in nitqinə istehza ilə qulaq asan M.Müşfiqin qəlbindən aşağıdakı misralar doğulmağa başlayır:

Şairə ilhamdan maya gərəkdir
Anasız çocuğa dayə gərəkdir!
Şairəm söyləyir yerindən duran,
Adamın üzündə hayə gərəkdir!


Həmin plenumun səhərki iclasında çıxış üçün söz verilən şair M.Rzaquluyev M.Müşfiqin Stalinə həsr etdiyi şeirin üzərində durur. O, «Stalin»in müsbət cəhətlərindən qısa xülasə verəndən sonra dolayı yolla əsərə, daha doğrusu, şəxsən M.Müşfiqə qarşı açıq hücuma keçir. Xüsusi hazırlanmış belə çıxışa görə böyük istedad sahibi olan bir şairin gələcək aqibətinin nə ilə nəticələnə biləcəyi o illərdə yaşayan hər kəsə aydın idi. Maraqlıdır ki, M.Rzaquluyev M.Müşfiqin iki əsərindən nümunə gətirməsinə baxmayaraq, yalnız «Stalin»in üzərində «var-gəl» edir və bu, bizdə təəssüf doğurmaya bilmir.

O dövr ictimaiyyətinin, tənqidinin müsbət rəyini almış bu əsər nədənsə, müəyyən dairələri qane etməmiş, Müşfiqin nailiyyətlərinə qısqanclıqla yanaşılmış, onu aradan götürmək üçün çoxdan gözlənilən fürsəti əldən buraxmayaraq bu yolla şairin «topa tutulmasına» göstəriş verilmişdi.

Natiq şeiri parça-parça, misra-misra «iynə ucundan» keçirir. Bu azmış kimi, M.Müşfiqi rus dilini bilməməkdə, köhnə kitablar oxumaqda və onlardan istifadə etməkdə də suçlayır. Onu da qeyd edək ki, Rzaquluyev şairin hər bir müsbət fikrinə başqa don geyindirdikcə vicdan əzabı çəkirdi. Çıxışçının başqa yolu yox idi. Sonradan ona aydın oldu ki, bu simasız cəlladlar qardaşı qardaşın üzünə durmağa məcbur etməkdən böyük həzz alırlar.

M.Müşfiqi «köhnə kitablar» oxumaqda suçlandıran ifadələrə biz H.Nəzərlinin çıxışında da rast gəlirik. Görünür, o dövrdə M.Müşfiqə qarşı xüsusi bir «maraq» var idi. Əks təqdirdə, gənc şairə qarşı küll halında hücumlar olmazdı.

Bizə elə gəlir ki, bir qələm sahibi kımi, M.Rzaquluyevin də M.Müşfiqi bu və ya başqa şəkildə tənqid etməyi öz üzərinə götürməkdə məqsədi qarşıdan gələn repressiyalardan sığortalanmaq idi. Yığıncaqda M.Rzaquluyevin haqsız hücumlarına dözə bilməyən, həmin illərdə Yazıçılar İttifaqının sədri olmuş, bəzi yazıçılara qarşı sərt çıxışlar etməyə məcbur edilən S.Şamilov «bir neçə kəlmə də öz perestroykanızdan danışın» deməklə çıxış edənin sözünü kəsmək məcburiyyətində qalır. Arxiv sənədlərini vərəqlədikcə əsərlərində gənclərə yol göstərən, xeyirxahlıqdan, mərdlikdən, düzlükdən dəm vuran, ikiüzlülükdən, yaltaqlıqdan, paxıllıqdan, simasızlıqdan uzaq olmağa çağıran həmin şəxslərin yazılarını oxuduqca onların haqsız ittihamlarına acımalı olursan.

Bu məqamda müəllifıni unutduğum bir hikmətli sözü xatırlamalı oldum: «Haqqı deməyə cürətin çatmırsa, sus!».

Sənədlər arasında M.Seyidzadənin Yazıçılar İttifaqının idarə heyətinə yazdığı məktubu oxuyanda istər-istəməz damarımda qanım dondu. Onu da unutmaq olmaz ki, həmin məktub M.Seyidzadənin həyatı bahasına başa gələnlər siyahısına daxildir.

«Sizin tələbinizə (məcbur etdiyinizə - A.K.) görə alçaq kontr-revolyusioner Hüseyn Cavid və Müşfiqlə olan əlaqəm haqqında aşağıdakı məlumatı verirəm: Alçaq Mikayıl Müşfiqi mən Yazıçılar Cəmiyyətində tanımışam. Onunla birlikdə Firdovsinin (məşhur fars-tacik şairi Əbülqasım Firdovsi - A.K.) şeirlərindən tərcümə etmişik… Müşfiq haqqında plenumda danışmaq istəmişəm, iki dəfə sədrə yanaşmışam, mənə söz verilməyib. Müşfiqin yazıları haqqında yazdığım materialları iclasdan sonra yoldaş Məmməd Rahim məndən alıb məqalə üçün istifadə edəcəyinə söz verdi».

Yazmağa məcbur edilən bu söz müəllifinin bir neçə il sonra M.Müşfiq haqqında yazdığı xatirəyə nəzər yetirək:

«… Müşfiq bəzən gecələr də bizdə qalırdı».
«Mikayıl Müşfiq fitrətən şair yaranmışdı. O, bütün varlığı ilə ədəbiyyata, sənətə bağlı idi. Müşfiq həyatında bir gün də ilhamsız yaşamırdı».
«1934-cü ildə biz Müşfiqlə bərabər Mərdəkanda bir bağa köçmüşdük. Səhərlər və axşamlar dəniz sahilinə gedərdik».

Bu, M.Seyidzadənin daxilindən gələn həqiqi bir səs idi. Bu fikirləri demək üçün şair uzun illər gözləmişdi.

Gələcəkdə böhtan dolu yazılacaq məqaləsi üçün «danos» yığan, bunun üçün də M.Seyidzadədən ustalıqla istifadə edən M.Rahim həmin materiallardan lazımınca «bəhrələnməyə» müvəffəq olur.
Repressiya illərində danosbazlar bir neçə yerə bölünürdü; bir qismi xüsusi tapşırıqla, bir qismi ona toxunulmasın deyə könüllü, bir qismi istedadlılara qarşı paxıllıq, qısqanclıq yarandığına görə, bir qismi isə yuxarılara xoş gəlmək, onların «adamı» olmaqla ev, vəzifə, əsərlərini nəşr etdirmək üçün bu üsuldan istifadə edirdi.
Həmin hadisədən bir ay keçməmiş «Ədəbiyyat» qəzetində Mikayıl Müşfiqə həsr edilmiş «Kontr-revolyusioner, kontrabandçı, oğru…» adlı heç bir haqqa, ədalətə sığmayan şairin yazısı dərc edilir. M.Rahim öz yazısında prokuror rolunu oynayaraq M.Müşfiqə üç maddədən ibarət «cinayət işi» açır. O, əksinqilabçı, kontrabandçı və oğru kimi «hakimə» hökm çıxarmağa «yol göstərir».

M.Rahım M.Müşfiqi tənqid edirdi;
birinci «maddəyə» görə - «zahirən sovet, lakin bütün daxili quruluşu etibarilə qəddar kontr-revolyusioner ruhu ilə dolu olan» əsərlərin müəllifi kimi;
ikinci «maddəyə» görə - «dili və şeirlərindəki kontrabanda yolu ilə gətirdiyi fikirləri etibarilə» «proletariata sadiq» olmadığını sübut edən şair kımi;
üçüncü maddəyə görə - «sinfi qardaşı Çobanzadədən də «oğurluq» etdiyinə görə.
M.Rahim «qatı millətçi «Şeirlər» kitabından «Buludlar»ı oğurlayaraq «Küləklər» kitabçasına» köçürüb» iddiasından əl çəkmir. Belə üzdəniraq çıxışlar o dövrdə «düşmən ovuna» çıxan NKVD-nin əlinə əsas verirdi. Bundan da məharətlə istifadə edərək vətəni xarici düşmənlərdən «qoruyan»lar və onların erməni havadarlarının əlinə analoqu olmayan «sübutlar» ötürənlərin qayğısı nəticəsində «həqiqət aydın olur» və sonda bu «xalq düşmən»ləri cəzalarına çatırdı. Maraqlıdır ki, həmin faciəni törədənlərə havadar olanlar «sular durulandan» sonra öz günahlarını görmək istəmir və nəticədə bütün günahları NKVD-nin üzərinə yönəltməklə sudan quru çıxmağa çalışırdılar. Daha düşünmürdülər ki, tarix əvvəl-axır həqiqəti yerinə qoyur.

Bəs kim idi günahkar?

Əgər yuxarıda qeyd edilən qələm sahiblərinin hökmlü çıxışları M.Müşfiqi «barmaqlıqar arasına» sürükləyirdisə, Xalq şairi Xəlil Rza Ulutürkün təbirincə desək, «həmişə Müşfiq ilə gəzən bu fitnəkarın (M.Rahim nəzərdə tutulur - A.K.) məkrli, xəbis təbiətindən» gələn yazıları «Mənim sevimli Müşfiqim, mənim müqəddəs Müşfiqim, pak Müşfiqim, nur heykəlli Müşfiqim»in (Əkrəm Cəfər) ölümünə bir fərman idi. Bu yazı M.Müşfiqin getdiyi gedər-gəlməz yolun qapılarını «üzünə taybatay açırdı».

Bu, ulu Hüseyn Cavidin vaxtilə dediyi «Müşfiq bir odur ki, öz-özünü yandıracaq» ifadəsinə qısqanclıqla yanaşanların hökmü idi.

Həmin hücumlardan bir müddət sonra oxucularla görüşdən evə dönən M.Müşfiq yaşadığı Nijnı Priyutskaya (indiki Süleyman Rəhimov) küçəsinin yaxınlığında dayanan qara maşının yanında iki iricüssəli kişinin xısın-xısın söhbət etməsinə fikir vermədi. Müşfiq ondan nigaran qalan Dilbərin həyəcanını sakitləşdirmək üçün evə tələsirdi. Qapını açan Dilbər Müşfiqin yorğun gözlərinə baxıb - «harada idin, niyə gec gələcəyini qabaqcadan bildirmədin, axı Balacaxanımla (Müşfiqin bacısı - red.) mənim gözümüz yolda qalmışdı» - deməsi ilə qapının döyülməsi bir oldu. Qapının belə vaxtsız-vədəsiz döyülməsindən Dilbərin üzünə bir qorxu yayıldı, bənızi ağardı. Müşfiq isə heç nə olmamış kimi Dilbəri sakitləşdirib içəri otağa ötürdü və qapını açdı.
- Mikayıl Müşfiq İsmayılzadə sizsiniz?
- Bəli, mənəm!
Bizimlə getməlisiniz! - deyib heç ailəsinə xəbər verməsinə də lüzum görmədilər.
Yolun kənarında dayanan qara maşın onları gözləyirdi. Qonşular qorxularından qapılarını açmağa cürət etməsələr də, bəziləri mənzillərin işığını söndürüb, pərdə arxasından bu təlatümlü gecənin «qurbanı»na acıyırdılar…

27 may 1937-ci ildə NKVD-nin təhlükəsizlik kapitanı Çinmanın tərtib etdiyi arayışda göstərilir ki, guya Mikayıl Müşfiq Qədir oğlu İsmayılzadə hal-hazırda «Müsavat» gənclər təşkilatı ilə əlaqə saxlayır. O, partiya və hökumətin ünvanına böhtanlar deməkdən çəkinmir. Bundan əlavə, M.Müşfiq «Azərbaycanın öz azadlığı yoxdur, o, Rusiyanın koloniyasında yaşayır» kimi qızışdırıcı sözləri ilə xalq arasında narazılıq yaratmaq istəyir. M.Müşfiq burjua -millətçi fikirləri, əksinqilabi düşüncələrilə ədəbiyyat sahəsində bu yöndə iş aparmasında günahkar bilinir. O, əksinqilabi təşkilat qrupuna daxildir. Həbs olunmuş müttəhimlərin «könüllü» surətdə yazdığı izahatlar da nəzərə alınmış və müstəntiq tərəfindən hazırlanan həmin arayışa əsasən, Mikayıl Müşfiqin adına iyunun 3-də 508 nömrəli order yazılmış, 4-də isə həbs edilmişdi.
NKVD rəisi Sumbatovun (oxu. Sumbatyan - red.) və SSRİ prokurorunun baş köməkçisi Rozovskinin imzası ilə təsdiq olunan ittihamnamədə deyilir:
«1936-cı ilin sonlarında NKVD guya Azərbaycanda fəaliyyət göstərən trotskiçi-millətçi təşkilatını üzə çıxarıb zərərsizləşdirmişdir. Azərbaycan SSR-in SSRİ tərkibindən ayrılması istiqamətində bir çox millətçilər hərbi yolla inqilab, ziyankarlıq, partiya və dövlət rəhbərlərinə qarşı terrora əl atmağı qarşılarına məqsəd qoymuşdular.
İstintaq materiallarından o da «aydın olur» ki, 1926-cı ildən 1930-cu ilə qədər əksinqilabçıları müdafiə etmək nəticəsində Almaz İldırımzadə və Nəsir Quluzadə tərəfindən İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlu əksinqilabi müsavat ruhunda hazırlanmışdır. M.Müşfiq 1930-cu ildə Nəsirzadə tərəfindən dəvət almış və qanunsuz gənc «Müsavat» təşkilatına cəlb edilmişdir.
1930-35-ci illərdə İsmayılzadə qəddar əksinqilabi millətçi «Müsavat» təşkilatının üzvü olub. Bu əksinqilabi hərəkat keçmiş müsavatçılardan Ə.Cavad, H.Cavid, həmçinin başqa millətçilər tərəfindən dəstəklənib.
1935-ci ildə İsmayılzadə əksinqilabi «Milliyyətçi hərəkətlərinə görə» Məmmədkazım Ələkbərli tərəfindən təşkilata cəlb olunub. İsmayılzadə təşkilata M.Ələkbərli tərəfindən cəlb olunduğunu, onun Sovet dövlətinə qarşı iş apardığını «boynuna almışdır».
İsmayılzadə Mikayıl Müşfiq «boynuna almışdır» ki, o, əksinqilabi təşkilatın demək olar, bütün qərarlarını yerinə yetirib.

Buna görə də İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlu Azərbaycan SSR Cinayət Məcəlləsinin 64, 70, 73-cü maddələri ilə təqsirli bilinir. Bundan sonra SSRİ Ali Məhkəməsinin Səyyar Hərbi Kollegiyasının 5 yanvar 1938-ci il 11:20 dəqiqədə başlanan məhkəməsi 11:40 dəqiqədə İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlunun güllələnməsi hökmü ilə başa çatır. Hökm yanvarın 6-na keçən gecə həyata keçirilir.

NKVD divarları arxasında ifadə verən məhbuslar yaşından asılı olmayaraq ağır işgəncələrə davam gətirə bilmir, «günahlarını» boynuna almağa məcbur olurdular. Həmin ifadə verənlərdən biri ömrünün son günlərini yaşayan şair Hacıkərim Sanılı edilən zülm və məşəqqətlərə dözə bilməyərək aşağıdakı ifadəni vermək məcburiyyətində qalır:
«Mikayıl Müşfiq qatı millətçi olub. Mənim iştirakımla hər dəfə həvəslə Müşfiq əksinqilabi fıkirlərlə çıxış edərək deyirdi: «Azərbaycan əhalisi başqa millətlərdən fərqli olaraq (rus, erməni) gözdən salınmışdır. Başqa millətlər (rus, erməni) Azərbaycana öz mədəniyyətini inkişaf etdirməyə imkan vermədiyindən nəticədə də xalq gözdən düşmüş sayılır».
Həmin ifadədən sonra ağır işgəncələrə dözə bilməyən H.K.Sanılı dünyasını dəyışir.
1937-ci il noyabrın 1-də artıq NKVD inspektoru Kolginanın təqdimatı ilə M.Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin həbsi üçün rəis müavini Borşev qərar çıxarır. Noyabrın 2-də isə Dilbər Rza qızı İsmayılzadə-Axundzadənin həbsi üçün order yazılır.
M.Müşfiqin güllələnməsinə dörd gün qalmış Dilbər Axundzadə vətən xaininin həyat yoldaşı kimi həbs edilir.
Həyat yoldaşının güllələnməsindən bir ay keçməmiş təhlükəsizlik leytenantı Q.B.Avanesov tərəfindən ilk dindirilmə aparılır. Dilbər xanım iki aydan bəri davam edən əzab-əziyyətli ingəncələrə dözməyərək psixi gərginlik keçirir. O, 28 fevral 1938-ci ildə 1 saylı əsəb xəstəlikləri xəstəxanasına müalicəyə göndərilir. Həmin xəstəxananın baş həkimi İ.İ.Antonov və qadın şöbəsinin müdiri A.A.Əsgərovun 19 fevral 1939-cu il tarixdə tərtib etdiyi aktda Dilbər Axundzadənin müalicə olunduğu zaman gəldikləri nəticədən aydın olur ki, xəstə müalicə olunan zaman nitqi sistemsiz, suallara cavabı anlaşılmaz olmuşdur. Onun heç nə ilə maraqlanmadığı, suallara ötəri cavab verdiyi qeyd olunur. 1938-ci ilin oktyabrında Dilbər xanım sakitləşəndən sonra hallyusinasiya (qarabasma, gözəgörünmə) halları keçirir. Son zamanlar bir qədər fəallaşdığı, ətrafındakılara qarşı marağının artdığı, qəzet oxuduğu, əl hərəkətləri ilə məşğul olduğu da aktda göstərilir, bəzən onda qəribəliklər də mövcud olunduğu bildirilir.
7 mart 1939-cu ildə Respublika Prokurorluğunun xüsusi işlər şöbəsi D.Axundzadənin həbsdən azad olunması üçün təqdimat yazır. 10 mart 1939-cu ildə NKVD-nin rəis müavini Kərimovun imzaladığı qərara əsasən, D.Axundzadə həbsdən azad edilir və istintaq işi arxivə verilir.
D.Axundzadə həbsxanadan azad olandan sonra yenə də özünü təqsirli bilməmişdi. Belə ki, növbəti sorğuda günahsız olduğını bir daha bildirmişdi.
…M.Müşfiqin həbsindən sonra ailənin növbəti qurbanı 8 saylı məktəbdə müəllimə işləyən bacısı Balacaxanım Qədir qızı İsmayılzadə (Şükürlü) olur. Hər cür rəzalətə əl atan rejim Balacaxanım müəlliməni məhz qardaşına görə şərləyib işdən xaric etdirir. İşdən azad edildiyini bilən Balacaxanım Şükürlü həmin gün Voroşilov rayon (keçmiş 26, indiki Səbail) Xalq Maarif Şöbəsinin müdiri Axundovaya müraciət edir. Ondan da müsbət cavab ala bilməyən müəllimə Voroşilov rayon Partiya Komitəsinin katibi Ankışeviçə müraciət edir. Ankışeviç müəllimənin M.Müşfiqin bacısı olduğunu bilib, onu xalq düşməni, əksinqilabçı, antisovetçi kimi təhqir edib kabinetindən qovur. Bu azmış kimi, bir qrup öyrədilmiş şəxsləri yanına çağırıb Balacaxanım Şükürlüyə qarşı akt tərtib etdirir. Həmin şəxslər tərəfindən rayon milis şöbəsinə müəllimənin «xuliqanlığı» barədə müraciət edilir.
Akta rayon xalq maarif şöbəsinin müdiri Səkinə Rüstəm qızı Axundova, inşaatda fəhlə işləyən Vasili Pavloviç Straçennikov, 13 saylı məktəbin metodisti Sahib Hüseyn oğlu Hüseynov, 10 saylı məktəbin dərs hissə müdiri Çələbi İbrahim oğlu Qasımov, teleqrafda texnik işləyən Mariya Yevlamkovna Tarasova, rayon partiya komitəsinin təlimatçısı Yakov İosifoviç Qolumb, bölmə müdiri Natalya Afanasyevna Abramova, Voroşilov rayonunda təbliğatçı işləyən, ştatlı «danosbaz» Ruben Cümşüdoviç Ayriyan imza atırlar.
Həmin hadisənin bilavasitə iştirakçısı olan Ankışeviç nədənsə, akta imza atmır. Lakin bu hadisədən heç xəbəri olmayanları akta imza atmağa cəlb edirlər.
13 sentyabr 1937-ci ildə 3 saylı şəhər milis şöbəsi belə nəticəyə gəlir ki, doğrudan da 1906-cı ildə Bakı şəhərində anadan olmuş, bitərəf, evli, orta təhsilli müəllimə İsmayılzadə (Şükürlü) Balacaxanım Qədir qızı Axundova Ankışeviçi təhqir etmiş, əksinqilabi, antisovet sözlər deməklə kifayətlənməmiş, mürəkkəbqabını onlara tərəf atmışdır. Qərara alınır ki, Balacaxanım İsmayılzadə (Şükürlü) həbsə alınsın.
Məhz «İttihamnamə»də də İsmayılzadə (Şükürlü) əvvəlcə «sestroy razoblaçennoqo vraqa naroda İsmailova Mikaila» yazmaqla B.İsmayılzadəni xuliqanlıq etdiyinə görə yox, məhz xalq düşməni Mikayıl İsmayılzadənin bacısı olduğuna görə həbs edildiyi bir daha aydın olur. Şahverdiyanın sədrliyi ilə məhkəmə Balacaxanım Qədir qızı İsmayılzadənin altı il müddətinə azad- lıqdan məhrum edilməsi üçün qərar çıxarır.

5 iyun 1954-cü ildə bəraət alan Balacaxanım İsmayılzadə haqqında H.Abramova, S.Hüseynov, Q.İ.Qolusi tərəfindən verilən şahid ifadələrindən məlum olur ki, müəllimə «doşlo do takoqo stepeni çto razbila qrafin».
Amma yuxarıdakı şahidlərin imza atdığı aktdan məlum olur ki, Balacaxanım İsmayılzadə (Şükürlü) mürəkkəbqabını rayon partiya komitəsi katibinə və xalq maarif şöbəsinin müdirinə «atmışdı»??


Maraqlıdır, necə olur ki, müəllimə ayrı-ayrı binalarda, ayrı-ayrı kabinetlərdə əyləşən bu iki məmuru bir mürəkkəbqabı ilə vurmağa nail olmuşdu?
Buradan belə bir nəticəyə gəlmək olar ki, B.İsmayılzadə heç də məmurlara mürəkkəbqabı atmamış, həmin hadisə nəticəsində müəllimənin əsəbləri o qədər gərilmişdir ki, su içmək üçün stolun üstündə olan qrafini götürərkən hə-
yəcandan onu əlində saxlaya bilməyib yerə salmışdır. Bu vəziyyətdən məharətlə istifadə edən partiya katibi B.İsmayılzadənin hərəkətlərinə yuxarıdakı şəkildə don geyindirərək onu həbs etdirməyə müvəffəq olmuşdur.
…Dilbər Axundzadə bəraət alandan sonra həyat yoldaşı olmuş M.Müşfiqin şəxsi ev əşyalarını yazılı surətdə tələb etsə də, Balacaxanım İsmayılzadə bu tələbə etiraz etmiş və əşyaların ona çatacağını xatırlatmaqla onlardan imtina etdiyini də bildirmişdi».
Belə, dəyərli oxucu! Mikayıl Müşfiq yaşasaydı, yəqin ki, hələ bir çox şedevr əsərlər yaradacaqdı. Bu da taleyin bir qisməti, alın yazısı idi. Ölümünü də sanki qabaqcadan duyurdu, hiss edirdi şair.







Ah, mən gündən-günə bu gözəlləşən,
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən,
Dostdan, aşinadan necə əl çəkim?

Aslan Kənan


18:50 06.01.2017
Xəbər lenti
Bütün xəbərlər