KANAL24 ONLINE TV
Az Iw En Ru

Allahın evində qonaq olmaq

Qonaq olmaq qəribədir. Qonaqsan, amma qaldığın yerin əsl sakini deyilsən. Qarşında  min bir naz-nemətli süfrələr açılır, evin sahibi hörmət-ehtiram göstərir. Ancaq bu evdəki heç nə sənin şəxsi malın deyil. Özünü nə qədər rahat hiss etsən də bir gün oranı tərk etməlisən. Bir yerdə qonaq olmaq dünya həyatına necə də çox oxşayır. Elə dünya həyatı da qonaq olmağa...

Milli.Az azerimuslims.com-a istinadən bildirir ki, dünya bir qonaq evi, insan isə orada müvəqqəti sakin, qonaqdır. Bu qonaq evinin sahibi isə hər şeyin sahibi olan Uca Allahdır.

Uca Allah xüsusi qayğı ilə yaratdığı bu nəhəng kainatın sanki kiçik modeli ola biləcək bir canlı - bir xəlifə yaratmağı diləyir və bunu mələklərinə bildirir: "Mən yer üzündə xəlifə yaradacaq, onu yer üzünün ən şərəfli, izzətli qonağı qılacağam. Bu haqda nə fikirləşirsiniz?"

Yalnız özlərinə öyrədilənləri bilən mələklər Uca Allahın bu qərarının hikmətini bilmədikləri üçün - təbii olaraq - dərk edə bilmədikləri şeyə etirazlarını bildirirlər. Ancaq hər bir hökmü hikmətli olan Uca Allah qərarını çoxdan Yaradan mələklərinə: "Mən sizin bilmədiklərinizi də bilirəm", - buyuraraq, yer üzünün ən şərəfli qonağını yaradır.

Yaratdı ki, əsl nemət gizli qalmasın

Uca Allah xəlifəni cənnətdə yaradır. Xüsusi qayğı ilə yaratdığı və bir çox nemət bəxş etdiyi ilk insana həm də ilk peyğəmbər olma xüsusiyyətini də verərək, onu həyat yoldaşı ilə müəyyən müddət cənnətdə saxlayır. Axı insan cənnət nemətlərinin ləzizliyini dadmalı idi ki, onun dünya ilə fərqini dərk etsin. Axı insan Rəbbinin onu müvəqqəti məskunlaşdırdığı qonaq evi ilə əbədi yurdu olan cənnətin eyni olmadığını bilməlidir. Bilməlidir ki, adəm övladı qəlbini dünya həyatının ötüb-keçən nemətlərinə verməsin, daim əbədi qalacağı axirət yurdu haqda düşünsün, cənnət üçün darıxsın, bu dünyanın müvəqqəti nemətlərinə aldanmasın.

Yəqin insanın genlərində gizlənmiş cənnət dadındandır ki, bəşər övladı bütün dünya nemətlərinə sahib olsa da həmişə nəyi isə yarımçıq qalır. Yurdu gül bağçası olana bircə damcı gül yağı neyləsin! Allahın insanı cənnətdə yaratdıqdan sonra müvəqqəti qaldığı dünya yurduna göndərməyində məqsəd isə adəm oğlunun daim axirət yurdunu arzu etməsini diləməsidir. Uca Allah bu həqiqəti sonuncu peyğəmbərinin dili ilə belə ərz edir: "Bu dünyada qərib  bir yolçu kimi ol!" (əl-Buxari).

Allahın rəsulunun səhabələri sonuncu peyğəmbərin məramını bir qədər də açıqlayır: "Axşam düşdüyü vaxt səhəri, səhəri açdığında isə axşamı gözləmə" (Abdullah ibn Ömər).

İnsan hər an qaldığı qonaq evindən geri çağırıla bilər. Bu səbəbdən o, bu ana həmişə hazır olmalıdır. İnsanın bu müvəqqəti qonaq evini görüb dünya həyatına aldanmamasının vacibliyini ilahi vəhylə ona daim xatırladılır:

"(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir" (əl-Hədid, 20).

Dünya və axirət həyatının müqayisə olunduğu bu ayədə əslində dünya həyatı pislənməmiş, bu dünyanın nemətləri ilə kifayətlənmənin mənfi cəhətləri qeyd olunmuşdur. Belə ki, dünya həyatı və oradakılar əbəs yerə yaradılmamışdır. Elə dünya həyatı da pislənməməlidir. Pis və qəbuledilməz olan dünya həyatını və onun nemətlərini Allaha və Onun peyğəmbərinə itaətsizliyə yönəltmək, sanki axirət yoxmuş düşüncəsi ilə özünü tamamilə dünya həyatına həsr etməkdir:

"(Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir!" (əl-Kəhf, 46);

"(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir!" (əl-Hədid, 21).

Yaxşı qonaq ev sahibinin dostudur

Şübhəsiz ki, qonağa yaraşan qaldığı yerin sahibi deyil, orada qonaq olduğunu dərk etməsidir. Belə ki, o, ev sahibinin onun istifadəsinə verdiyi əşyaları lazımi şəkildə yararlanmalı və buna görə minnətdarlığını bildirməlidir. Həmçinin, qonaq qaldığı evin sahibinin comərd və əliaçıq olduğunu də dərk və təsdiq etməlidir.

Qonağın evdəki əşyalara tamah salmaması, istifadəsinə verilən şeylərin əmanət kimi ona təqdim olunduğunu unutmaması gərəkdir. Qonaq qaldığı məkanın sahibi olmadığını dərk etməlidir.

Belə qonaq arzuolunan bir kəs kimi imtahandan keçərək, ev sahibinin razılığını qazanmışdır. Artıq ev sahibi ilə onun arasında möhkəm sevgi münasibəti yaranmışdır; o, qonaqdan daha çox ev sahibinin dostuna çevrilmişdir. Belə dostun daha gözəl və daim qalacağı bir yurda dəvət olunması münasib deyilmi? Uca Allah bu şərəfli qonağını öz dərgahına qəbul etmək istəyər və onu cənnətinə - insanın bütün ömrü boyu həsrətini çəkdiyi doğma yurduna dəvət edər.

Bu, çox mühüm andır. Bu an insanın fanilikdən əbədiliyə keçid anıdır; əzəldən əbədiyyətə doğru gedən o uzun yoldakı ən mühüm andır. İnsanın təbiəti gərəyi qorxmaması, çəkinməməsi qeyri-mümkündür. "Görəsən, nə baş verəcək?" - deyə sual etməsi qaçılmazdır. Axı aqibətinin nə olacağı özünə məlum deyil.

Uca Allah razılığını qazanmış qulunu belə əndişəli vaxtında yalqız buraxarmı? Onu qarşılamaq üçün Öz mələklərini göndərər, onu təsəlli verdirər, cənnətlə müjdələyər, qorxmamasını, arxasında qoyduqları üçün də kədərlənməməsini buyurar mələkləri vasitəsilə:

"Şübhəsiz: "Rəbbimiz Allahdır!" - deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): "Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır. Bağışlayandan, rəhm edəndən (Allahdan) ruzi (ziyafət) olaraq!" (əl-Fussilət, 30-32).

Bu müjdəni alan mömin sanki qanadlanmışdır. Artıq bütün işləri elə asanlaşmışdır ki, onun üçün hər yer əmin-amanlıqdır; daralan dünyası genişlənmiş, üzləşdiyi hər çətinliyi yox olmuşdur. Axı o müjdəsini alıb, cənnətə getdiyini bilir. Həmçinin, o, dünya həyatında tərk etdiklərinin Allah tərəfindən əmin-amanlıqda olduğundan əmindir. Buna görə də gözü arxada qalmayıb. O, yanındakı mələklərin müşayiəti ilə cənnətə doğru yola çıxmışdır...

Bu çətin andan sonra artıq möminin axirəti də gözəldir. Çünki o cənnətə, cənnət də ona yaxınlaşdırılmışdır:

"Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. (Onlara deyiləcəkdir: ) "Bu, vəd olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan; Rəhmandan (Onu) görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönmüş qəlblə gələn bəndə üçündür! Ora sağlıqla (əmin-amanlıqla) daxil olun. Bu, əbədiyyət günüdür!" (Qaf, 31-34).

Cənnət əhli məhşərdən cənnətin qapılarına yenə mələklərin müşayiəti ilə gətirilər və orada böyük hörmət-ehtiramla qarşılanar:

"Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və (cənnət) gözətçiləri (onlara): "Salaməleyküm! (Sizə salam olsun!) Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!" - deyəcəklər. Onlar isə: "Bizə verdiyi vədini yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. (Dünyada yaxşı) əməllər edənlərin mükafatı necə də gözəldir!" - deyəcəklər (əz-Zümər, 72-73).

Ərşdəki bütün mələklər bu gözəl mərasimin iştirakçılarıdır. Yer bayram yeri, gün isə bayram günüdür:

"(Ya Peyğəmbər!) Mələkləri də ərşi (hər tərəfdən) əhatə edərək Rəbbini həmd-səna ilə təqdis edən görəcəksən. Onların (bütün məxluqatın) arasında ədalətlə hökm olunacaq (möminlər Cənnətə, kafirlər Cəhənnəmə gedəcək) və (mələklərlə möminlər tərəfindən bir ağızdan): "Aləmlərin Rəbbi olan Allaha həmd olsun!" - deyiləcəkdir!" (əz-Zümər, 75).

Bura cənnət, əbədi xoşbəxtlik diyarıdır:

"(O gün) bir çox üzlər sevinəcək; (Dünyadakı) zəhmətindən razı qalacaq; (Dərəcəsi, qədir-qiyməti) yüksək Cənnətdə olacaq, Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir. Orada axar bulaq; Orada uca taxtlar;  (Çeşmələr kənarında) piyalələr; Və döşənmiş (nəfis) xalılar vardır!" (əl-Ğaşiyə, 8-16); "Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (möminlərin təsəvvür edə bilmədikləri nemətlər, Allahın rizasını və s.) mövcuddur!" (Qaf, 35).

Alimlər möminlərə bəxş olunacaq daha böyük nemətin onların Allahı görə bilməsi olduğunu qeyd etmişlər. Haradan haraya ... İnsanın layiqli şəkildə dünya həyatında qonaq funksiyasını yerinə yetirib başa vurması ona necə xəzinələrin qapısını açır.


14:19 01.01.2017