KANAL24 ONLINE TV
Az Iw En Ru

Azərbaycanda telekommunikasiya və İT-nin inkişafına dair strateji hədəflər açıqlandı

Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji hədəflər müəyyən olunub.

Bu barədə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, hazırkı güclü tərəf və imkanlarla Azərbaycanın 2025-ci ilədək telekommunikasiya sektorunun perspektivinə baxışı ölkənin telekommunikasiya və informasiya texnologiyaları infrastrukturunu gücləndirmək, bu sahədə göstərilən xidmətləri genişləndirmək və bütün tərəfləri bu xidmətlərdən istifadəyə təşviq etməkdən ibarətdir. Bu baxışın davamı kimi 2025-ci ildən sonrakı dövrdə gündəlik həyatda istifadə olunan xidmətlərin geniş tətbiqi nəticəsində regionun aparıcı texnologiyaəsaslı ölkəsinə çevrilmək əsas prioritetlərdən biridir. Bu məqsədlə ölkədə, ilk növbədə, geniş əhatə dairəsinə malik yüksəksürətli genişzolaqlı infrastrukturun inkişaf etdirilməsi planlaşdırılır. Bu məqsədə nail olmaq üçün 2020-ci ilədək aşağıda göstərilən üç strateji hədəfə çatmaq planlaşdırılır:

● idarəetmə strukturlarının təkmilləşdirilməsi və İKT-nin gücləndirilməsi;
● sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın və əməliyyat səmərəliliyinin artırılması;
● hökumətin və sosial mühitin rəqəmsallaşdırılması.

Eyni zamanda, rabitə əlaqələrinin inkişaf etdirilməsi, dayanıqlı telekommunikasiya infrastrukturunun formalaşdırılması, internetdən istifadənin genişləndirilməsi və özəl sektorun iştirakına təkan verilməsi məqsədilə normativ hüquqi baza təkmilləşdiriləcək. Bu məqsədlə, şəffaf və səmərəli milli tezlik bölgüsünün aparılması, milli tezlik spektrinin effektiv idarə edilməsi, bazar subyektləri arasında münasibətlərin səmərəli təşkil olunması və rəqabət mühitinin daha da artırılması, telekommunikasiya sektoruna investisiya qoyuluşlarının stimullaşdırılması, xidmət keyfiyyətinə nəzarət edilməsi və istehlakçıların maraqlarının qorunması kimi məsələləri tənzimləyəcək tənzimləyici qurumun yaradılması məsələsinə baxılacaq.

İKT sektoru üzrə 2020-ci ilədək strateji baxış ölkədə fiber-optik və LTE texnologiyaları ilə genişzolaqlı xidmətlərin əhatə dairəsinin 70 faizə qədər genişləndirilməsinə və dövlət idarəçiliyinin, iqtisadi və sosial proseslərin (elektron hökumət, e-ticarət, e-bankçılıq, e-səhiyyə, e-təhsil və s.) rəqəmsallaşdırılmasına nail olmaqdır. İKT sahəsində islahatlar ölkənin maliyyə, sosial, iqtisadi və mədəni inkişafı əsasında yeni iş yerlərinin yaradılmasını, özəl sektorun inkişaf etdirilməsini, o cümlədən dövlət büdcəsi gəlirlərinin artırılmasını və xərclərin səmərəli idarə edilməsini nəzərdə tutur.

İnformasiya və kommunikasiya texnologiyaları sektorunda 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış bu sektorda innovasiyayönümlü islahatları davam etdirmək, müasir xidmətlərin çeşidini və həcmini artırmaq, sürətli genişzolaqlı şəbəkənin əhatə dairəsini genişləndirmək, telekommunikasiya sektorunda mühüm beynəlxalq tələblərə cavab verən standartların tətbiqini təmin etmək yolu ilə ölkənin inkişafına, cəmiyyətin texniki savadlılıq səviyyəsinin yüksəldilməsinə və rəqəmsal iqtisadiyyatın formalaşmasına nail olmaqdır.

Strateji Yol Xəritəsində nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə real ÜDM-in 235 milyon manat artacağı, telekommunikasiya sektorunda 1450 iş yerinin yaradılacağı proqnozlaşdırılır.


12:52 30.12.2016