KANAL24.AZ
Az Iw En Ru

Diqqət:ŞAGİRDLƏRİN HƏYATI TƏHLÜKƏDƏDİR

Binəqədi rayonu Biləcəri qəsəbəsi Vüqar Əvəzov adına 300 saylı tam orta məktəbin birinci və üçüncü korpuslarının təmirə ehtiyacı var. Orada şagirdlərin oxuması üçün normal şərait yoxdur.

Bu barədə Publika.az-a məktəbin valideyn müraciət edib.

Müraciətdə bildirilib ki, 300 saylı məktəb çox bərbad gündədir. Ötən əsrin 30-cu illərində də istifadəyə verilən məktəbin korpusları təmir edilməyib, istilik sistemi yoxdur, məktəbdə sanitar vəziyyət pisdir, tualetlərin qapısı yoxdur, hətta bu ilin sentyabrında siniflərdən birinin tavanı uçub: “Məktəb 3 korpusdan ibarətdir: 1-ci korpus 1930-cu ildə istifadəyə verilib (pəncərəsi yox, divarları uçmuş), 2-ci korpus 2013-cü ildə istifadəyə verilib, 3-cü korpus əsas məktəbdən 300 metr kənardadır (6-cı Polis bölməsindən 10 m kənarda). Keçmişdə ora xəstəxana-pansionat olub. Korpusda məcburi köçkün ailələri yaşayır və o, korpusda neçə illərdi ki, şagirdlər oxuyur. Məktəbin ən qorxulu və natəmiz korpus da məhz oradır. Şagirdlər təmirsiz və pis şəraitdə oxuyur, siniflərdə istilik sistemi yoxdur. Xüsusən ikinci növbədə uşaqların əksəriyyəti üst paltarda-paltoda otururlar. Məktəbdə və siniflərdə antisanitariyadır (tualet iyindən durmaq olmur), tualetlərin qapısı yoxdur. Məktəbin cəmi 2 elektron lövhəsi var, idman zalı artıq 5 ildir ki, fəaliyyətsizdir. Uşaqlar həyətdə məşq edir ya da sinifdə şaşki oynayırlar. Akt zalını isə heç kim görməyib, kompüter otağı yoxdur. Övladım artıq yuxarı sinifdə oxuyur, amma indiyə kimi heç bir fəndən tədbir keçirtməyiblər. Bu il sentyabrda siniflərin biri uçub. Yaxşı ki, həmin vaxt uşaqlar orada olmayıb”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-ın sorğusuna verilən cavabda problemdən xəbərdar olduqlarını bildiriblər: "Binəqədi rayonu 300 nömrəli tam orta məktəbin qəzalı vəziyyətdə olan korpusunda təhsil alan şagirdlər digər korpusa köçürülüb. Hazırda qəzalı vəziyyətdə olan korpusların sökülərək yenidən tikilməsi ilə bağlı layihə-smeta sənədləri hazırlanır. Yaxın vaxtlarda müvafiq işlərin icrasına başlanılması nəzərdə tutulub”

 


23:52 26.12.2016
Xəbər lenti
Bütün xəbərlər