KANAL24.AZ
Az Iw En Ru

Milli Məclisdə məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi barədə təklif layihədən çıxarılıb

"Məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi ilə bağlı müddəa ictimai narazılıq, o cümlədən deputatların etirazı səbəbindən layihə ikinci oxunuşda hazırlanarkən ləğv edilib".

Bu barədə Milli məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı komitə sədri İsa Həbibbəyli bildirib.

İsa Həbibbəyli bildirib ki, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi məsələsi qapanıb. "Amma bizim qanunvericiliyin imkan verdiyi çərçivədə istənilən xarici və daxili investorlar məktəbəqədər təhsil müəssisəsinə müvafiq yatırımlar edə bilər. Lakin bu da dövlətin nəzarəti ilə olacaq".

İsa Həbibbəyli, həmçinin bildirib ki, məktəbəqədər təhsil müəssisələri əlavə iqtisadi gəlir və sosial səmərə əldə etmək məqsədilə nizamnaməsində nəzərdə tutulmuş qaydada ancaq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. "Dövlət məktəbəqədər təhsil müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradacaq. Dövlət məktəbəqədər təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldiləcək".

 


05:07 16.12.2016