KANAL24.AZ
Az Iw En Ru

HDP-çi deputatdan şok AÇIQLAMA: “Melkonyanın abidəsinin sökülməsinə icazə verməyəcəyik”

Türkiyə Böyük Millət Məclisinin Tunceli bölgəsindən seçilmiş kürd əsilli deputatı, PKK-ya dəstəyi ilə tanınan Xalqların Demokratika Partiyasının (HDP) üzvü Alican Önlü Tuncelinin Aşağıdoluca kəndində ASALA terrorçularına abidə qoyulması barədə yayılan məlumatlara münasibət bildirib.

O, açıqlamasında deyib ki, sözügedən abidə hələ də sökülməmiş qalır:

“Türkiyə hökuməti bu abidənin sökülməsilə bağlı müvafiq qərar verib. Hazırda yerli valilik abidəni sökməyə çalışır. Ancaq biz buna imkan verməyəcəyik. Sözügedən abidənin qalması üçün bütün addımları atacağıq. Bütün beynəlxalq təşkilatlara müraciət edəcəyik ki, abidə sökülməsin”.

Kürd deputat “Bəs erməni terrorçusu Monte Melkonyanın adı hansı səbəbə görə bu abidədə əks olunub. Axı onun Türkiyəylə nə bağlılığı olub” sualına cavab verməkdən yayınıb:

“Doğrusu, Monte Melkonyanın kim olduğunu mən də dəqiq bilmirəm. Siz deyirsiniz ki, Monte Melkonyan ASALA terrorçusudur. Ancaq mən onun adını ötən il açılışını etdiyimiz abidənin üzərində görəndə elə bildim ki, Türkiyədə yaşayan insanlardan biri olub. Yaxşı olar ki, onun haqqında olan məlumatları mənə göndərin, tanış olum!”.

A.Önlü Xocalı soyqırımı ilə bağlı da danışmaqdan yayınıb:

“Xocalı haqqında bizim müraciətlərimiz olub. Mən bundan artıq danışmaq istəmirəm”.

Xatırladaq ki, Türkiyənin Tunceli bölgəsinin Aşağıdoluca kəndində erməni terrorçularının adını əbədiləşdirən abidə qurulub. Belə sensassion məqalə ilə Türkiyənin tanınmış araşdırmaçı jurnalisti və yazarı Saygı Öztürk çıxış edib.

Həmin abidənin açılış mərasimi bu il aprelin 26-da keçirilib. Mərasimə Fransa və Yunanıstandan da erməni diasporu nümayəndələri qatılıblar. Abidənin üzərində ASALA terror təşkilatı üzvlərindən və radikal erməni millətçilərindən olmuş Armenak Bakırcıyan, Manuel Demir, Nubar Yanıkyan, Kevork Çavuş, Monte Melkonyanın adları da əks olunub.

Sözügedən abidə Azərbaycan ictimaiyyətinin də böyük etirazına səbəb olub. Bununla əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş müşaviri Yalçın Topçu bildirib ki, məsələ Türkiyə hökuməti tərəfindən araşdırılır:

“Əgər söylənilən bu abidə hazırda mövcuddursa, o zaman dağıdılacaq. Yerində isə türk qəhrəmanların abidəsi ucaldılacaq”.(publika.az)


23:01 09.12.2016