KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan və Rusiya parlamentlərinin əməkdaşlıq komissiyasının 12-ci iclası keçirildi

Bu gün Azərbaycan Parlamentində Milli Məclislə Rusiya Federal Məclisinin əməkdaşlıq üzrə parlamentlərarası komissiyasının 12-ci iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, iclası Milli Məclis sədrinin müavini, komissiyanın həmsədri Valeh Ələsgərov açaraq gündəliklə əlaqədar bildirib ki, bugünkü iclasda Milli Məclislə Rusiya Federal Məclisinin əməkdaşlıq üzrə parlamentlərarası komissiyasının tərkibində hər iki tərəfdən olan dəyişikliklər, komissiyanın 2014-cü ildəki fəaliyyətinin əsas yekunları və qarşıda duran vəzifələr barədə məlumatlar dinləniləcək. Energetika sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti, perspektivləri və qanunvericilik baxımından hüquqi təminatı məsələsi müzakirə olunacaq. Rusiya ilə Azərbaycanın regionlararası əməkdaşlıq potensialının inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq. On ikinci iclasda Milli Məclislə Rusiya Federal Məclisinin əməkdaşlıq üzrə parlamentlərarası komissiyasının 2015-ci ilə dair iş planı da müəyyənləşdiriləcək. Həmçinin komissiyanın növbəti, on üçüncü iclasının mövzusu, vaxtı və yeri dəqiqləşdiriləcək.

V.Ələsgərov qeyd edib ki, on birinci iclasdan ötən müddətdə komissiya üzvləri arasında Azərbaycan tərəfinin tərkibində heç bir dəyişiklik olmayıb, tərkib stabildir.

Açılış nitqinin sonunda Milli Məclis sədrinin müavini komissiyanın işinin uğurlu olacağına, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyinə əminlik ifadə edib.

Sonra Rusiya Federasiya Şurasının sədr müavini, komissiyanın həmsədri İlyas Umaxanov çıxış edərək öncə Azərbaycandakı inkişafa, hər gəlişində gördüyü yeniliklərə heyranlığını diqqətə çatdırıb. Ölkəmizin iri addımlarla irəliləməkdə olduğunu xüsusi vurğulayıb. Bakıda yüksək qonaqpərvərliklə qarşılandıqlarına görə təşəkkürlərini bildirib.

İ.Umaxanov ölkəsindəki son seçkilərlə əlaqədar başçılıq etdiyi komissiyanın Rusiya tərəfdən yenilənmiş tərkibi ilə azərbaycanlı həmkarlarını tanış edib. Budəfəki seçkilərdə gender baxımından böyük dəyişikliklər olduğunu, nəticədə mandat alanların 30 faizini qadınların təşkil etdiyini bildirib.

İclasda gündəlikdəki məsələlər müzakirə olunub. Komissiya üzvləri rəy və təkliflərini bildiriblər.

Komissiyanın iclasından sonra həmsədrlər mətbuat konfransı keçiriblər. Jurnalistlərə məlumat verilib ki, iclasda iki ölkə arasındakı bərabərhüquqlu əməkdaşlığın müxtəlif sahələrinə dair müzakirələr aparılıb. Müzakirələr zamanı vətəndaşlıq, miqrasiya, logistik mərkəzlərin yaradılması, Rusiyada təhsil alan azərbaycanlı tələbələrin problemləri diqqət mərkəzində olub. Bildirilib ki, komissiyanın növbəti iclasının gələn ilin yazında keçirilməsi qərara alınıb.

Sonra həmsədrlər jurnalistləri maraqlandıran sualları cavablandırıblar və komissiyanın fəaliyyətinin bundan sonra da uğurlu olacağına əminliklərini ifadə ediblər.


01:42 24.12.2014