KANAL24.AZ
Az Iw En Ru

Zərdabda “Dini ekstremizm və onun təzahür formaları” mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab rayonu Allahqulubağı kənd məscidi dini icması tərəfindən “Dini radikalizm və onun cəmiyyət üçün təhlükələri” layihəsi çərçivəsində “Dini ekstremizm və onun təzahür formaları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Sədi Hüseynov, Zərdab RİH başçısının Əlibəyli (Allahqulubağı) kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Elşən Səfərəliyev, Allahqulubağı kənd məscidi dini icmasının sədri Zakir Məmmədov, dini icmanın üzvləri, Allahqulubağı və Əlibəyli kəndlərindən olan dindarlar iştirak ediblər.

Dini icmanın sədri Zakir Məmmədov dini radikalizmlə mübarizənin əhəmiyyətindən danışaraq layihənin bu məqsədə xidmət etdiyini bildirib. DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev isə dini radikalizmin mahiyyətini anlamaq üçün onun tarixi köklərinə də nəzər salmağın vacibliyini qeyd edərək, ekstremist fəaliyyətə və radikal təsirlərə qarşı mübarizə haqqında geniş məlumat verib.

Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov öz məruzəsində ölkəmizdə tarix boyunca müxtəlif dinlərin, məzhəblərin və təriqətlərin nümayəndələrinin birlikdə sülh şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Tədbirin sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çapına icazə verilmiş dini ədəbiyyatlar iştirakçılara paylanıb. 
Tədbir iştirakçıları bu tədbirlərin dini maarifləndirmə sahəsindəki əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.


01:27 27.11.2016