KANAL24.AZ
Az Iw En Ru

Təmizlik - sağlamlığın vazkeçilməz prinsipidir

İslam dinində təmizlik insanlığın təməl prinsiplərindəndir.

İbadətə hazırlaşan insan xüsusi təmizlik mərhələlərindən keçdikdən sonra yönünü Qibləyə çevirir. Peyğəmbərimizin (s.ə.s.) həyatında təmizlik həm gözəllik, həm ibadət, həm də sağlamlıq üçün çox önəmli amil kimi dəyərləndirilir. Onun buyruqlarında gigiyena ilə bağlı yer alan tövsiyələr bu gün tibb elmini heyrətə salır. Dinimizə görə, təmizlənmək iki cür olur: həsəddən təmizlənmək, nəcasətdən təmizlənmək. Həsəddən təmizlənmək bütün mənəvi çirkabdan təmizlənmək anlamında işlədilir. İnsan ibadətə hazırlaşanda düşüncəsindəki bütün çirkinlikləri təmizləməlidir. Yəni namaz qıldığın, yaxud dua etdiyin zaman qəlbində kiminsə barəsində pis şeylər düşünürsənsə, demək, həsəddən təmizlənməmisən. Nəcasətdən təmizlənmək isə insanın üst-başının, əzalarının təmiz hala gətirilməsidir. İslamın məqsədi insanı həm mənən, yəni içdən, həm də fiziki baxımdan, yəni çöldən təmiz hala gətirməkdir. Bu cür təmizlənə bilmiş insan əsl insandır, gözəl insandır.

Rəsulullah buyurur ki, dəstəmaz alarkən gözlərinizə su içirin. Bu, o deməkdir ki, göz çuxurlarına su verin, onları yaxşı-yaxşı ovuşdurun. Bu gün bir çox göz xəstəliklərinin məhz göz çuxurlarının təmizlənməməsi ucbatından əmələ gəldiyi məlumdur. Göz masajı, yəni göz çuxurlarının yüngülcə ovuşdurulması görmə qabiliyyətinin yaxşılaşdırılması üçün ən səmərəli təmrinlərdən hesab olunur. Hətta Dünya Səhiyyə Təşkilatı gün ərzində ən azı bir dəfə göz qapaqlarını və çuxurlarını yaxşı-yaxşı yumağı məsləhət görür.

Peyğəmbər Əfəndimiz dırnaqların kəsilməsinə, əlləri yuyarkən barmaq aralarının təmizliyinə xüsusi diqqət yetirir. Adıçəkilən yerlər daha çox mikrobların yığıldığı nahiyələrdir.

Saça baxım məsələsində də Peyğəmbərimiz yenə ən gözəl örnəkləri bizlərə təqdim edir. Başı təmiz yuduqdan sonra ona yüngülcə zeytun yağı çəkərək daramaq, həm dərini masaj edir, həm də zeytun yağı dərini də saçları da qidalandırır. Rəsulullah bəzən də saçları müxtəlif ağacların çiçəkləri və ya bitkilərlə yumağı məsləhət görür.

Rəsulullahın dövründə Avropada daha çox tünd rəngli paltarlar geyməyə üstünlük verirdilər, çünki tünd rəngdə kir izləri bilinmir. Peyğəmbərimiz isə öz səhabələrinə mümkün olduğu qədər ağ rəngli paltarlar geyməyi tövsiyə edir. Çünki ağ rəng təmizliyin, gözəlliyin rəmzidir, kiri gizlətmir. Yəni ağ paltar geyinən adam istər-istəməz onu təmiz saxlamağa məcbur olur.

Yemək və su içmək mövzusunda Allah Rəsulunun o qədər gözəl tövsiyələri var ki... Tibb elmi onların faydasını izah etdikcə adam heyrətə düşür. Peyğəmbərimiz içilən suyun təmizliyinə xüsusi fikir verib.

622-ci ildə müsəlmanlar Məkkədən Mədinəyə hicrət edərkən bu şəhərdə Rumə quyusu yeganə su qaynağı hesab olunurdu. Quyunun səlahiyyəti isə bir yəhudidə idi. Müsəlmanlar su sarıdan korluq çəkirdilər, quyu sahibi müsəlmanlara suyu çox baha qiymətə satırdı. Peyğəmbərimiz: "Kimsə Rumə quyusunu satın alıb bütün müsəlmanların istifadəsinə verəcəkdirmi? Əmin olun ki, cənnətdə onun üçün bundan daha xeyirlisi vardır". Rəsulullahın bu çağırışına cavab olaraq, həzrət Osman həmin quyunu yəhudidən satın alaraq müsəlmanların istifadəsinə verir. Quyunun yəhudinin əlindən çıxıb müsəlmanlara keçməsi də əsrlər boyu söylənən çox ibrətli bir hadisədir.

Quyu bazarlığı

Həzrəti Osman Peyğəmbərimizin istəyinin bir an öncə yerini tutması üçün quyu sahibinin yanına gedir və onunla bazarlaşmağa başlayır. Yəhudi quyunu o zaman üçün real qiymətindən çox baha deyir. Həzrəti Osman o məbləğə sahib olmadığı üçün bu dəfə də quyuya ortaq olmaq haqda yəhudi ilə bazarlıq edir. Deyir ki, quyu bir gün onun, bir gün də yəhudinin səlahiyyətində olsun. Yəhudi razılaşır, amma bu dəfə də real qiymətdən yuxarı məbləğ istəyir. Həzrəti Osmanın bu məbləği ödəməyə imkanı var, ona görə də razılaşır və yəhudinin istədiyi qiyməti verib, quyuya ortaq olur. Beləcə, quyu bir gün müsəlmanların, bir gün də yəhudinin istifadəsində olur. Amma heç üç gün keçməmiş yəhudi nə qədər böyük səhv etdiyini anlayır. Çünki müsəlmanlar quyunun onlara məxsus olduğu gün suya olan bütün ehtiyaclarını həll edir, sonra da evlərindəki bütün qabları doldurub yəhudidən su almağa gəlmirlər. Yəhudi də bu quyudan nə qazanırdısa, müsəlmanlardan qazanırdı. İndi ona məlum olur ki, onun qazancı düşündüyü kimi, yarıbayarı azalmayıb, tamamilə kəsilib.

Yəhudi bir qədər də qazancsız gözləyəndən sonra özü Həzrəti Osmana minnətçi düşür və quyunun digər yarı haqqını da çox ucuz qiymətə ona təklif edir. Həzrəti Osman həmin haqqı da yəhudidən satın alır və quyunu tamamilə müsəlmanların sərəncamına verir.


20:19 26.11.2016