KANAL24.AZ
Az Iw En Ru

Yol qəzaları daha çox harada baş verir?

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 21 bölməsi üzrə aparılan araşdırmalar göstərib ki, yol nəqliyyat qəzaları daha çox Bakı şəhərinin Sabunçu, Yasamal, Binəqədi və Nərimanov rayonlarının payına düşür.

Bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2009-2016-cı illər ərzində yol nəqliyyat hadisələri ilə bağlı daxil olan müraciətlərin və zərərçəkənlərin sayı son 2 il ərzində azalmağa doğru gedir. Sevindirici haldır ki, son zamanlar ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin sayı da azalıb.

2016-cı ilin yanvar ayından noyabr ayınadək yol nəqliyyat hadisələrində xəsarət alanların sayı 1984, xəstəxanaya yerləşdirilənlərin sayı 1677 nəfər təşkil edib.

R.Nağıyev qeyd edib ki, yol nəqliyyat hadisələri zamanı çağırışı icra edən təcili yardım briqadaları zərərçəkənləri yaxınlıqdakı xəstəxanalara tez çatdırmağa çalışaraq işıq və səs siqnallarından istifadə etmələrinə baxmayaraq, bəzi nəqliyyat vasitələrinin sürücüləri təcili yardım avtomobillərinə yol verməyərək hospitalizasiyanın ləngiməsinə, zərərçəkənlərin vəziyyətinin ağırlaşmasına səbəb olurlar.

Respublika Təcili Yardım Stansiyasının direktoru Mirələm Cavadov deyib ki, 2016-cı il yanvar – oktyabr aylarında yol nəqliyyat hadisələri ilə bağlı 794 müraciət qeydiyyata alınıb. Bu isə keçən ilin analoji göstəricisindən 15% azdır. Bu hadisələrdə 1140 zərərçəkən qeydə alınıb, bu isə keçən ilin analoji göstəricisindən 7% azdır. Ümumilikdə, zərərçəkənlərin 758 (66%) nəfəri xəstəxanaya yerləşdirilib.

M.Cavadov qeyd edib ki, yol nəqliyyat hadisələri ilə bağlı çağırışlar ən çox Şirvan, Kürdəmir, Yevlax, Siyəzən, Gəncə və İmişli məntəqələrinin xidmət göstərdiyi ərazilərdə baş verib.


20:25 21.11.2016