KANAL24.AZ
Az Iw En Ru

Parlamentdə Aİ və ABŞ-a çağırış edildi

Azərbaycan parlamenti Avropa İttifaqını (Aİ) və ABŞ-ı Ermənistana göstərilən yardımları kəsməyə çağırıb.

Kanal24-ün məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc çıxış edib.

O, qeyd edib ki, ötən gün Brüsseldə Aİ xarici işlər nazirləri Krıma qarşı sanksiyaları növbəti dəfə razılaşdırdılar: “Onlar diplomatlarının hər hansı şəkildə ora göndərilməsini qadağan edirlər. 50 adda məhsulların oradan alınmasına qadağa qoyurlar, eyni zamanda, maliyyə-bank sektorunda bütün əməkdaşlıqların ciddi şəkildə qadağan edilməsini razılaşdırırlar. Bunun yaxşı və ya pis olması gələcək dövrdə özünü göstərəcək. Amma Aİ eyni sanksiyaları Dağlıq Qarabağa münasibətdə də tətbiq etməlidir”.

Z.Oruc ABŞ Konqresinin Ermənistana maliyyə yardımı məsələsinə də toxunub: “3 gün öncə ABŞ Konqresi xarici yardımlarla bağlı məsələni razılaşdırıb. Gürcüstana 75 milyon, Ermənistana 25 milyon və Azərbaycana 13 milyon dollar yardım etmək haqqında qərar verdi. Biz pul davası açmırıq. Ulu öndər 1999-cu ildə ABŞ rəhbərləri ilə görüşdə demişdir ki, 907-ci düzəliş bizi o cəhətdən ağrıtmır ki, siz bizim azadlığımıza dəstək vermək istəmirsiniz, o cəhətdən ağrıdır ki, bu mənəvi və siyasi cəhətdən bizə mane olur”.

Millət vəkili qeyd edib ki, ABŞ yardımlarını Ermənistandan kəsmiş olsa [20 il ərzində bu rəqəm 2 milyard dollardan artıqdır] bu, daha müsbət nəticə verə bilər: “Bu vəsaitlər Ermənistanı demokratikləşdirməyib, bölgədəki təhlükəsizliyə xidmət etməyib. Hesab edirəm ki, Avropa İttifaqı da, ABŞ da o yardımları Ermənistandan kəssə, bu, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox təsirli tədbir olar. Onda biz ABŞ-Azərbaycan münasibətlərinin daha yeni bir dönəmdə inkişafının şahidi olarıq. Ona görə mən həm Avropa İttifaqına, həm də ABŞ-a müraciət edirəm ki, bu yardımları dayandırsınlar”.


22:00 16.12.2014