KANAL24.AZ
Az Iw En Ru

DAMM İB: dünya azərbaycanlılarını kreativ birləşdirək...

İctimai Nəzarət Koalisiyası İH sədri, Dünya Azərbaycanlarının Mədəniyyət Mərkəzi İB-nin I vitse-prezidenti Rasim Məmmədovun “Kanal24.az”a müsahibəsi

- Bir neçə gün öncə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin 20 illiyinə həsr olunmuş ikigünlük  20 illik Yubiley tədbir və təşkilatın ümumi konfransı baş tutdu. Bu möhtəşəm tədbirlər haqqında təəsüratlarınızı öyrənmək istərdik...

- Bəli, oktyabrın son günlərində Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMM İB) 20 illik möhtəşəm yubiley tədbirlərini, eləcə də Konfransını keçirdik. Çox yüksək səviyyədə baş tutan, xaricdən gələn çoxsaylı nüfuzlu qonaqların iştirak etdiyi bu tədbirlər haqqında 50-dən artıq yazılı və elektron KİV, xəbər portalları, saytlar, həmçinin yeni media sayılan sosial şəbəkələrdə indiyə qədər də yazılırsa, danışılırsa, deməli, məqsədimizə çatmışıq. Əslində fəaliyyətimizə verilən yüksək qiymət bizi daha da ruhlandırdı. Bunu hər bir qonağın dilindən də eşitmək olardı. Bu təşkilatçılıq və gördüyümüz işlər onu göstərdi ki, DAMM İB-nin əsası sağlam, millətimiz üçün gərəkli olan məsələlər üzərində təşkil olunduğuna görə uğurlu alındı. İyirmi il fəaliyyət göstərən DAMM İBnin təşkilatçılığı peşəkarcasına hazırlanmış və həyata keçirilən bu tədbirlərdən də görsənirdi. Eyni zamanda onu da bildirim ki, DAMM İB-nin respublikamızda və ölkənin hüdudlarından kənarda keçirtdiyi çoxsaylı, çoxistiqamətli layihələri  heç də rəsmi orqanlarının təşkil etdiyi tədbirlərdən geri qalmır. Bu il 20 illik fəaliyyətimiz ərzində ilk dəfə olaraq Prezident Yanənda QHT-lərə Dövlət Dəstəyi Şurasından bizə simvolik miqdarda maliyyə vəsaiti ayrıldı. O kiçik vəsaitlə təşkil etdiyimiz tədbirlərlə növbəti dəfə ölkədə böyük səs-küyə səbəb olan iş ortaya qoyduq. Onu da xüsusi olaraq vurğulayım ki, DAMM İB-nin tədbirlərinə gəlmiş yüzlərlə insana heç bir dəvətnamə, yaxud xüsusi bildiriş göndərməmişdik. Onların hər biri sosial şəbəkədə bizimlə bağlı xəbərləri oxuyub bu möhtəşəm tədbirlərə qatılmaq üçün müraciət ediblər. Həmin insanlarla birgə Ümummilli Liderimiz Heydər Əliyevin, Zərifə xanım Əliyevanın, eyni zamanda Fəxri Xiyabanda əbədi uyuyan tanınmış elm, sənət, ədəbiyyat adamlarının məzarlarını ziyarət etdik. İzdihamla birlikdə yürüş edərək Şəhidlər Xiyabanına üz tuduq. Oradakı Azərbaycan və türk şəhidlərinin məzarlarını da and yerimiz kimi ziyarət etdik. Elə birinci günün tədbirləri sırasında II Fəxri Xiyabandakı elm, mədəniyyət, sənət və ədəbiyyat adamlarının məzarlarını da ziyarət etdik, DAMM İB-nin təsisçisi və ilk prezidenti, xalq şairi Söhrab Tahirin məzarı üstündə ədəbi-mədəni anım mitinqi təşkil etdik.

Xüsusi olaraq xatırladım ki, Türkiyədən, Rusiyadan, İrandan, Misirdən, Səudiyyə Ərəbistanından rəsmi qonaqlar və Türkiyənin bir neçə universitet rektoru, mədəniyyət sahəsinin məmurları da bizim sıralarımızda yer alırdı.

Kanada, Qazaxıstan, Tacikistan, İsveçrədən gəlmək istəyən üzv və rəsmi şəxslər bizə İnternet vasitəsilə qoşulmaq istəsələr də, yalnız təbrik teleqramı göndəriblər.

- Hər zaman bu qəbil tədbirlərdən sonra rəsmi qonaqlarla təşkilatçılar arasında səmimi dialoqun şahidi oluruq. Bəs bu dəfə necə, sizin təşkilatçılığınız haqqında söhbət oldumu? Belə söhbətlər zamanı ölkəmizə gəlmiş qonaqların razı və narazı məqamları oldumu?

- İnanın, onların tədbir haqqında fikirləri elə gedişatda məlum oldu. Həyata keçirtdiyimiz tədbirlər silsiləsi maraqlı alındığı üçün heç kim bunu gizlədə bilmirdi. Təbii olaraq ölkə xaricindən gəlmiş onlarla qonaq çox gözəl anlar yaşadılar və bizə təşəkkür edərək geri qayıtdılar. Qonaqlarımız 28, 29 və 30 oktyabr Bayraq meydanında, Xalça müzeyində, Şəhidlər xiyabanında və Fəxri Xiyabanda böyük şəxiyyətlərin məzarını, xalq şairi Söhrab Tahiri ziyarət edib, onların yaradıcılığı ilə tanış olmaq şansı qazandılar.

- Çox kiçik xərc və böyük iş – DAMM İB-nin tədbirini sizə ayrılmış simvolik maliyyə vəsaiti ilə təşkil etdiyiniz haqqında eşitmişik. Həqiqətən bu beləydi?

- Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev təşkilatçılar olaraq bizim tədbirə dəstək verdiyinə görə öz təşəkkürlərimizi ona, eyni zamanda Prezident İlham Əliyev cənablarına və dövlətimizə çatdırırıq.  Düz buyurursuz, kiçik də olsa, bizə müəyyən miqdarda maliyyə vəsaiti ayrıldı:1000 manatla bu işin öhdəsindən gələ bildik Söz yox, belə möhtəşəm tədbirlərin təşkili böyük maliyyə vəsaitləri hesabına mümkün olur. DAMM İB-nin daxil olduğu İctimai Nəzarət Koalisiyasında birləşən 69 QHT, KİV, İnternet qurumları və başqa qurumların texniki-maliyyə dəstəyi, eləcə də dostlarımızın, könüllülərimizin dəstəyi olmasaydı, nəzərdə tutduğumuz möhtəşəmliklə Yubiley və Konfransımızı keçirə bilməzdik. Təşkilatçılar olaraq bizə köməyi dəyən hər kəsə, hər bir quruma öz dərin minnətdarlığımızı bildiririk.

- Konfransdakı və ondan sonra İdarə Heyətinin iclasındakı seçkilərdən sonra bəlli oldu ki, DAMM İB-nə artıq tanınmş şəxsələr rəhbərlik edəcək. Xalq yazıçısı, dünyaşöhrətli detektiv əsərlər ustası Çingiz Abdullayevin DAMM İB-nə prezident, eyni zamanda Rasim Məmmədovun ikinci dəfə I vitse-prezident seçilməsi hansı yeniliklərə səbəb olacaq?..

- Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev dünyada tanınan böyük şəxsiyətlərimizdən hesab olunur, canlı klassikdir. Çingiz Abdullayevi Azərbaycan xalqına böyük göstərən yazıçının bütün dünyanı əhatə edən xarici oxucusunun qiymətli fikirləri oldu. Yadımdadır, lap əvvəllər Çingiz müəllimi ən yüksək təbəqnin nümayəndələri tanıyırdılar. Zaman keçdikdə daha çox insan Çingiz Abdullayevi qəbul etməyə başladı. O, elə insandır ki, ictimaiyyətdə hər kəs onu öz süzgəcindən keçirə bilməz. Bunun üçün gərək Çingiz Abdulayevin bildiyinin yarısından xəbərin olsun. Amma dünya liderləri, böyük şəxsiyyətlər Çingiz Abdullayevi qəbul edəndən sonra, bizə də bəlli oldu ki, belə bir dahi azərbaycanlı var. Mən Çingiz Abdullayev qədər böyük bir insan deyiləm, amma çalışıram ki, elə dəyərli insanlar cərcəsində olum. Bunun üçün də durmadan çalışıram. İnsan kiçilə-kiçilə böyüyür. Gələcəkdə işimizin sürətini və keyfiyyətini sözsüz ki, daha da artırmağı düşünürük. Eyni zamanda fevral ayında Xocalı faciəsi ilə bağlı xaricdə silsilə tədbirimiz olacaq.  Türkiyənin 10 şəhərində baş tutacaq tədbirlər Ankarada, ya da İzmirdə sonuclanacaq. Bununla bağlı indidən fəaliyyətə başlamışıq. Kreativ yeni nəsil nümayəndələrindən ibarət Gənclər Təşkilatımız müxtəlif əlamətdar bayramlarla bağlı tədbirlər hazırlayaraq müntəzəm olaraq onları gerçəkləşdirirlər. Bütün tədbirlərimizdə peşəkarlıq, intellektuallıq və kreativliyi əsas götürürük. Eyni zamanda niyyətimiz var ki, qonşu Rusiyada da möhtəşəm bir tədbir təşkil edək. Orada Azərbaycanın qədim xalçaçılıq sənətini, mətbəxtini, incəsənətini, ədəbiyyatını və digər yaradıcı sahələrini insanlara təqdim edək. Ölkəmizin zəngin ədəbi-mədəni, tarixi-milli dəyərləri haqqında xaricilərə geniş məlumatlar vermək üçün sosial media vasitəsilə, eləcə də İnternetin geniş imkanlarından yararlanmağı düşünürük.

- DAMM İB-yi barədə danışmağınızı istərdik, necə oldu ki, belə bir təşkilat meydana çıxdı?

- Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi 20 illik geniş fəaliyyəti ölkə ictimaiyyəti arasında və beynəlxalq aləmdə hər zaman maraqla qarşılanıb. Bunu həyata keçirdiyimiz layihələr, çoxistiqamətli fəaliyyətimiz, milli diaspor siyasətinə verdiyimiz dəstəyimizlə sübut etmişik.
Uzun müddət DAMM İB-nə rəhbərlik etmiş, Güney Azərbaycan düşüncə adamı, ədəbiyyatımızın, mədəniyyətimizin, milli dəyərlərimizin dünyada tanınmasında əvəzsiz xidmətləri olan, Ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq Azərbaycanın xalq şairi, “Şöhrət” ordenli Söhrab Tahir haqq dünyasına qovuşduğundan, onun milli-mədəni missiyasını davam etdirmək bizim mənəvi borcumuzdur.

Əsası xalq şairi Söhrab Tahir tərəfindən qoyulan DAMM İB-yi artıq yeni heyətlə faəliyyət göstərir. Belə ki, vitse-prezidentlər Hacı Quliyev, Rəşad Mahmudov və əngəlli kreativlər üçün mərkəzinin direktoru Rahilə xanım Həsrətova,  eləcə də yeni icraçı direktor Aydın Xan Əbilov  bizim yeni komandamızda çalışır.

DAMM İB-nin də təsisçisi olduğu, sıralarında 67 təşkilatı birləşdirən İctimai Nəzarət Koalisiyası - İNK öz İnternet televiziyası, qəzet və İnternet resurslarıyla Prezident İlham  Əliyevin qarşımıza qoyduğu ictimai nəzarətlə bağlı ideoloji tapşırıqları uğurla həyata keçirir.

Ölkəmizdə əksər tədbirlər xarici təşkilatçılar tərəfindən böyük pullar müqabilində hazırlanır. Amma DAMM-ın 20 illik yubiley tədbirlərində də biz gördük ki, təşkilati işlərinizi çıxsaylı könüllü gənc yerinə yetirir. Belə gəncləri kreativ fəaliyyətə motivasiya etmək, onlardan belə düzgün istifadə etməyin sirri nədədir?

- Mənim çoxillik təcrübəmdə belə bir fikir var ki, dünyada düzəlməyən iş yoxdur. Hər bir işə düzgün yanaşıb, yaxud yanaşmamaq var. Eyni zamanda dünyada bacarıqsız kadr yoxdur, əsas təcrübəli və bacarıqlı rəhbərin olmasıdır. Əgər bu gün rəhbərlik sizləri seçibsə, lideriniz düzgün yoldadırsa, onda hətta təcrübəsiz işçilərdə həvəs yaratmaq bacarığı varsa, deməli, qarşıya qoyulan bütün planlar uğurla həyata keçirmək olar. Belə halda o rəhbərliyin hazırladığı könüllülər əksər dövlət qurumunda çalışan işçilərdən üstündür. Çünki bu könüllülər təmənnasız çalışırlar və qarşılarına qoyulan vəzifəni ürəklə yerinə yetirirlər. Əgər hər hansı bir işdə halallıq və zəhmət varsa, orda uğur olar. Bizim işimizdə bu istiqamətdə gedir. Baxın, bacarıqsız bir işçini böyük vəzifəyə qoysan, o həmin vəzifəni yerə vurmuş olur. Amma bacarıqlı biri ən kiçik vəzifədə olsa belə, öz işi ilə kreslosunun qiymətini qaldırar. Məncə, hər bir kəs ağsaqqalara, savadlı insanlara və Prezidentimizin tapşırıqlarına əməl edib, ölkəmizə, millətimizə xeyir vermiş olar...

 

Cavid ƏHMƏDOĞLU

Kanal24.az


17:30 15.11.2016
Xəbər lenti
Bütün xəbərlər