KANAL24.AZ
Az Iw En Ru

Prezident İlham Əliyev: "Biz işğala son qoymalıyıq və qoyacağıq"

"Biz işğala son qoymalıyıq və qoyacağıq". Bunu Prezident İlham Əliyev Azərbaycanın hərbi təhsil müəssisələrinin Füzuli rayonundan olan kursantları ilə və şagirdlərlə söhbətində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, ölkəmizin hərbi potensialı gündən-günə güclənir: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordu quruculuğu prosesi uğurla gedir. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Bu gün Azərbaycan Ordusunda olan texnika, silah-sursat ən yüksək texnologiyalara malikdir. Döyüş qabiliyyətimiz artır, peşəkarlıq artır. Kadr potensialı da güclüdür. Və sizin kimi gənclər gələcəkdə ordumuzun, bütün hərbi birləşmələrimizin inkişafında öz rolunu oynayacaqdır.

Siz hərbçi peşəsini seçmisiniz. Çox şərəfli peşədir. Bu peşə ölkəmizə lazımdır, dövlətimizə lazımdır. Bax bu ərazi işğal altında idi. 1994-cü ildə Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat keçirərək bu ərazini və Füzuli rayonunun digər ərazilərini işğalçılardan azad etmişdir. İndi bu ərazilərdə binalar, qəsəbələr salınır, inkişaf gedir və bu, ölkəmizin gücünü göstərir. Biz işğaldan azad edilmiş ərazilərdə belə yüksək səviyyəli şərait yarada bilmişik".

İlham Əliyev vurğulayıb ki, bu il Azərbaycan Ordusu növbəti tarixi qələbə qazanıb: "Füzuli rayonunda Lələtəpə zirvəsinin işğalçılardan təmizlənmə əməliyyatı bizim şanlı tariximizdir. Biz ordumuzla fəxr edirik. Şəhidlərimiz Vətən uğrunda qan töküb. Biz işğala son qoymalıyıq və qoyacağıq".

 


05:27 13.11.2016
Xəbər lenti
Bütün xəbərlər