KANAL24.AZ
Az Iw En Ru

Jurnalistlərin Gəncə səfəri

Oktyabrın 23-də bir qrup KİV nümayəndəsi Azərbaycana Birgə Yardım qeyri-hökumət təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzində olub.


KİV nümayəndələrinə mərkəzin fəaliyyəti haqqında məlumat verilib.


Reabilitasiya Mərkəzinin əlaqələndiricisi Rəzalə Abbasova bildirib ki, Azərbaycana Birgə Yardım təşkilatı 1998-ci ildə əsasən uşaqların təhsili və sağlamlığı diqqət mərkəzində olmaqla, sosial həyatın inkişafına kömək məqsədilə yaradılıb. Təşkilatın nəzdində fəaliyyət göstərən Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzi isə 2003-cü ildə könüllülük əsasında yaradılıb. Lakin mərkəz fəaliyyətini gücləndirərək bir ildən sonra tam fəaliyyət göstərməyə başlayıb.
Mərkəzin yaradılmasında məqsəd reabilitasiya, cəmiyyətin məlumatlandırılması, erkən müdaxilə, inklüziv təhsil, asudə vaxtın təşkili və s. proqramlar vasitəsilə əlil uşaqlara və onların valideynlərinə kömək etməkdir.
Mərkəz reabilitasiya və inklüziya fəaliyyətlərində uşaqların ailə üzvlərinin, xüsusilə valideynlərinin iştirakının təmin olunmasını vacib hesab edir. Ona görə də mərkəz əlilliyi olan uşaqlar və böyüklər üçün bərabər imkanlar yaratmaq məqsədilə könüllülər, yerli icra orqanları, bələdiyyələr, yerli iş adamları, beynəlxalq və yerli QHT-lər, həmçinin kütləvi informasiya vasitələri ilə əlaqə yaradaraq bu işə bütün cəmiyyəti səfərbər edir.
Fəaliyyətə başladığı vaxtdan bu günə kimi Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin 1068 üzvü olub. Hazırda mərkəzin autizm, daun sindromu, serebral iflic, əqli gerilik, hiperaktiv və digər xəstəliklərdən əziyyət çəkən müxtəlif yaş qruplarında 75 üzvü var. Fiziki və əqli qüsurlu bu cür uşaqlarla mərkəzin 4 xüsusi ixtisaslı müəllimi və könüllülər məşğul olurlar.
Mərkəzin uğurlarından danışan Rəzalə Abbasova deyib ki, vaxtilə buranın üzvü olan gənclər arasında ayrı-ayrı peşə və ixtisaslara yiyələnən, həmçinin idmanın müxtəlif sahələri ilə məşğul olan titullu idmançılar, beynəlxalq yarışların qalibi, Avropa çempionları var.
Sonra qonaqlar mərkəzin müəllimləri ilə və könüllülərlə görüşüb, quruma üzv olan uşaqlarla, gənclərlə aparılan təlim prosesinə baxıblar. Fiziki əngəlli olmalarına baxmayaraq ağırlıqqaldırma üzrə gənclər arasında Avropa çempionu Nurlan Babacanovun və onun qardaşı, gənclər arasında ağırlıqqaldırma üzrə dünya rekordçusu Əli Babacanovun təlim-məşq prosesi qonaqlar tərəfindən maraqla izlənilib.

 


01:29 24.10.2016
Xəbər lenti
Bütün xəbərlər