KANAL24.AZ
Az Iw En Ru

Prokuror Cahangir Hacıyevə 17 il cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı çıxışında C.Hacıyeva 17 il, A.Sultanov, İ.Abdullayev, M.Cahangirov, K.Orucovun hər birinə 8 il, İ.Hüseynovla Y.Ələkbərova 11 il və A.Cavadova isə 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasının verilməsini istəyib. Həmçinin dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinin 3 il dövlət və yerli orqanlarda rəhbər vəzifə tutmaqdan məhrum edilməsini də tələb edib.

Beynəlxalq Bankın nümayəndəsi çıxışında banka dəyən ziyanın tam ödənilməsini istəyib. Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün vaxt istəyib. Məhkəmənin növbəti iclası oktyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.


20:14 27.09.2016