KANAL24 ONLINE TV

QDİƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib

Xarici işlər naziri Elmar Məmmədyarovun QDİƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxış edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, E.Məmmədyarov vurğulayıb: "Biz qətiyyətlə inanırıq ki, Təşkilat daxilində davamlı şəkildə islahatların həyata keçirilməsi QDİƏT-in səmərəliliyinin və effektivliyinin artırılması zərurəti ətrafında davam edən müzakirələrə və təşkilatın hüquqi və institusional imkanlarının möhkəmləndirilməsinə əlavə dəyər qatır.

Bu kontekstdə biz təşkilatın səmərəliliyinin artırılması və möhkəmləndirilməsi kimi məsələlərin müzakirə edildiyi qeyri-rəsmi görüşlərin keçirilməsi təcrübəsini alqışlayırıq. Biz ümid edirik ki, bu görüşlərdə qarşıya qoyulan məqsədlə bağlı konkret nəticələr və mütərəqqi həllər əldə edəcəyik.

QDİƏT-in təsisçi üzvlərindən biri kimi Azərbaycan QDİƏT-in regionda oynadığı mühüm rolu anlayır. Biz Təşkilatın səmərəliliyinin möhkəmləndirilməsində maraqlıyıq. Biz, QDİƏT daxilində islahatlar prosesini dəstəkləyirik və hesab edirik ki, bu proses təşkilatın qlobal inkişaf gündəliyinin dəyişən reallıqlarına daha yaxşı uyğunlaşmağa və üzv dövlətlərin ehtiyaclarına daha yaxşı cavab verməyə kömək edəcəkdir. Ümumilikdə islahatlar prosesi QDİƏT-in Daimi Beynəlxalq Katibliyini möhkəm peşəkar icraçı quruma çevirməyə gətirib çıxarmalı və qəbul edilmiş qərarları daha səmərəli icra etməlidir".

Məmmədyarov bildirib ki, Azərbaycan QDİƏT-ə üzv bir sıra dövlətlər və özünün beynəlxalq tərəfdaşları ilə birgə irimiqyaslı enerji və nəqliyyat layihələri ilə bağlı təşəbbüslərlə çıxış etmək və bu layihələri icra etməklə regional inkişafa öz töhfəsini verir: "Biz regionlar arasında qovşaqların daha da möhkəmləndirilməsində maraqlıyıq və beynəlxalq əhəmiyyətli Şimal-Cənub və Şərq-Qərb Nəqliyyat Dəhlizlərinin reallaşdırılmasında fəal surətdə iştirak edirik. Bu baxımdan, 2017-ci ildə tam şəkildə işə salınması planlaşdırılan və yeni dəmiryolu ilə xətti ilə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryolu xətti region üçün strateji əhəmiyyətə malikdir və sərnişin və yüklərin daşınmasında etibarlı xətt kimi Asiya və Avropa arasında çoxmodullu nəqliyyat axınının həcmini artıracaqdır. Biz tam inanırıq ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti və yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycan ərazisindən keçən dəmiryolu, avtomobil yolu və dəniz marşrutlarının qovşağını yaratmaqla QDİƏT daxilində regional inkişafa öz töhfəsini verəcək".

Gələcəkdə regionun mühüm ticarət və logistika qovşaqlarından biri olacaq yeni Bakı Beynəlxalq Dəniz Tcarət Limanı mal və əmtəələrin Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə daşınmasında mühüm rol oynayacaq və bununla da regional ticarəti təşviq edərək QDİƏT regionu və bu regiondan kənar ərazilərə öz töhfəsini vermiş olacaq".

Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan regional əhəmiyyətli bir sıra mühüm enerji layihələri öz növbəsində QDİƏT regionunda etibarlı və dayanıqlı infrastrukturun yaradıldığını deyən nazirvurğulayıb:" Azərbaycan QDİƏT-ə üzv altı dövləti özündə birləşdirən nadir layihə olan Cənubi Qaz Dəhlizini (CQD) reallaşdırmaqla regional enerji əməkdaşlığının daha da genişləndirilməsinə sadiqdir və gələcəkdə də sadiq qalacaq. Bu layihənin komponentlərindən biri olan Trans-Anadolu Kəmərinin (TANAP) tikintisi hazırda davam etdirilir. Bu ilin may ayında CQD-nin digər mühüm komponenti olan Trans-Adriatik Kəmərinin (TAP) Saloniki şəhərində təməlqoyma mərasimi uğurla həyata keçirilib.

Azərbaycan bu strategiya vasitəsilə QDİƏT-ə Üzv Dövlətlər arasında mövcud əməkdaşlığın gücləndirilməsi və region və regiondan kənar əlaqələrin möhkəmləndirilməsinə, bununla da region daxili və regionlar arasında davamlı inkişafa töhfə verməyə çalışır".

E.Məmmədyarovun sözlərinə görə, regional əməkdaşlıq çərçivəsində işbirliyi üçün geniş imkanların olmasına baxmayaraq, sülh və təhlükəsizliyə olan çağırışlar hələ də regionun davamlı inkişafına əngəl yaradır: "Qonşu Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü və beynəlxalq hüquq və BMT-nin TŞ-nin müvafiq qətnamələrini kobud surətdə pozmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-ni işğal etməsi regional əməkdaşlıq və dayanıqlı inkişafa hələ də ciddi təhdid təşkil edir.

Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və qaçqın və məcburi köçkünlərin öz evlərinə geri qayıtması nəinki Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhfə verəcək, həmçinin bütövlükdə QDİƏT regionunda tam əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq".


21:22 23.09.2016