KANAL24.AZ
Az Iw En Ru

Milli Məclisin səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Sentyabrın 20-də Milli Məclisin səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Komitənin sədri Əhliman Əmiraslanov əvvəlcə 2016-cı il yaz sessiyası dövründə görülən işlər üzrə hesabat və həmin ilin payız sessiyasının qanunvericilik işləri barədə məlumat verib.

Daha sonra isə “QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond arasında” Çərçivə Sazişinin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə edilib.

Komitə sədri “Dərman vasitələri haqqında” Qanuna müvafiq dəyişikliklərin təklif edildiyini bildirib. Qanun layihəsinə əsasən sənədin 1-ci maddəsinə “ekvivalent dərman vasitələri – təsiredici maddəsi (maddələri), farmasevtik forması və vahid xam maddəsinin miqdarı (dozası) və (və ya) qablaşdırmadakı vahid miqdarı fərqli olan dərman vasitələri” məzmunlu 1.0.18-ci, “oxşar dərman vasitələri – təsiredici maddəsi farmasevtik forması və vahid xam maddəsinin miqdarı (dozası) və (və ya) qablaşdırmadakı vahid miqdarı fərqli olan dərman vasitələri” məzmunlu 1.09.19-cu və “bioloji fəallığa malik qida əlavələri – qida rasionunu zənginləşdirmək məqsədilə bitki, heyvan. Mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullar” məzmunlu 1.0.20-ci maddələr əlavə ediləcək.

Qanuna, həmçinin 4-7-ci, 16-4-cü və 14-1-ci maddələr əlavə edilməsi nəzərdə tutulur. Bu əlavələrə əsasən dərman vasitələrinin istehsalçıları, xarici istehsalçıların yerli nümayəndəlikləri (filialları) və ya onların müvəkkil etdikləri şəxslər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədilə bəyannamələri, hesabat sənədlərini və zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməyə borcludurlar. Həmçinin dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır.

Müzakirələr zamanı deputatlar sənədlə bağlı təkliflərini səsləndiriblər.

Sonda hər iki qanun layihəsi Milli Məclisin plenar iclaslına tövsiyə edilib.


00:22 21.09.2016