KANAL24.AZ
Az Iw En Ru

Rauf Arifoğlu: “17 ildir ki, Əli Kərimlinin mənəvi terroru ilə yol gedirik”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Publika.az-a müsahibəsində AXCP sədri Əli Kərimlinin ona və rəhbərlik etdiyi qəzetə qarşı apardığı mənəvi terrorunun əsl səbəblərindən danışıb.
 
Kanal24.az müsahibəni təqdim edir:
 
- Rauf bəy, son günlər AXCP və bu partiya sədri Əli Kərimli Sizə və rəhbərlik etdiyiniz qəzetə qarşı açıq şəkildə təhqir kampaniyası aparır, müxtəlif ittihamlar irəli sürür. Bu münasibətin kökündə nə dayanır?
 
- Əli Kərimli və çevrəsinin bizə qarşı kampaniyası artıq 17 ildir davam edir. Bu illər ərzində bəzən yaxınlaşma prosesi də olub. Lakin Əli Kərimlinin mənə qarşı əksər vaxt apardığı savaş 1997-ci ildən davam edir. Mən və rəhbərlik etdiyim qəzet müxtəlif dövrlərdə müxtəlif səbəblərə görə Əli Kərimlinin mənəvi terroru ilə üzləşmişik. Bu müddət ərzində sadəcə ansambl üzvləri dəyişib. Yaxınlaşma dövrlərində isə Əli Kərimli araya adamlar salaraq danışmağa çalışıb. Mənə müavinlik və “Azadlıq” qəzetinə nəzarət etməyi təklif edib. Mən qəbul etməyəndə, yəni yaxınlaşma alınmayanda yenidən münasibətlər gərginləşib. Düz 17 ildir Əli Kərimlinin mənəvi terroru ilə yol gedirik. Bu müddət ərzində onun mənə qarşı şər, böhtan  kampaniyasında istifadə etdiyi adamların bir çoxu işlədiyi media orqanını, düşərgəsini dəyişib. Əksəriyyəti hakimiyyət yönümlü olub. Dünyasını dəyişənlər var. Lakin ittihamlar və Əli Kərimlinin mənəvi terroru dəyişməyib. Müəyyən zaman kəsimini təhlil edəndə bəzən mətnlərin dəyişdiyini, hədəfinsə eyni olduğunu görürəm. Anadolular demişkən, bu adam beyninə xəstə paxıntı yerləşdirib. Ya onun tərəfinə keçməli, ya da sıradan çıxarılmalıyam. Batumi olaylarından sonra öz təbirincə mənə son hücumu edir. Batumidən xəbər yazan qəzet redaktorunun üstünə sosial şəbəkələrdə, “Azadlıq” qəzetində, Əli Kərimliyə yaxın media orqanlarında aparılan kampaniyanı sonradan mənə aydın oldu. Bu kampaniyanın başında şəxsən Əli Kərimli dayanırmış. O, hər fürsətdə mənə qarşı belə kampaniyalar aparır.
 
- Bir neçə həftə öncə Azər Ayxan bizimlə söhbətində Əli Kərimlinin ona və Sizə İsa Qəmbəri atıb onun yanına keçməyinizi təklif etdiyini açıqlamışdı. Belə təkliflər nə zaman olub?
 
- Bu bir dəfə yox, bir neçə dəfə olub. 2012-ci ildə son söhbətimizdə də bu təklifi dedi. O vaxt hətta birinci müavinlik postunu təklif edirdi. “İsa Qəmbərdən əl çəkin, yanıma gəlin, vəziyyət dəyişəcək” deyirdi. Onun fikrincə, mən onun yanında olsam, gücü İsa Qəmbərdən çox olacaq. Bildirirdi ki, ölkənin əsas mediası sənin əlindədir. Belə təklifləri dəfələrlə irəli sürüb. Sonuncu dəfə 2012-ci ildə böhtan yağdırdığı, “şpion” dediyi, hakimiyyətin adamları dediyi bizlərə öz yanında yer almağı təklif edib. Mən açıq şəkildə demişəm ki, sən elə bir vəziyyətdəsən ki, nəinki sənin yanında olmaq, sənə salam vermək, insani münasibətlər bəsləmək təhlükəlidir. Yürütdüyün siyasi taktika nəticəsində yanında adam qalmayın. Belə davam edəcəksə, heç kim qalmayacaq. Məndən bunun nə taktika olduğunu soruşdu. Dedim ki, siyasi lider, siyasi təşkilat rəhbəri olduğunuz halda radikal media taktikası həyata keçirirsiniz. Yəni prosesləri media rakursundan təhlil edir. Halbuki, siyasi lider belə olmamalıdır. Ona media siyasətini bilavasitə özünün yürütdüyünü deyəndə etiraf etdi ki, çevrəsində media mütəxəssisi yoxdur. Ona görə də bu işləri özü görmək məcburiyyətindədir. Hətta xətti dəyişmək haqda düşündüyünü da bildirdi. Lakin indiki situasiyada bu mümkün deyil. Çünki çevrəsində normal adamlar qalmayıb. Bu adamın mahiyyəti budur. Söyər, şantaj edər, amma söydüyü, şantaj etdiyi şəxslərə ilk təmasda “gəl mənim yanımda ol” deyər. Ona sual verdim ki, məni bu qədər təhqir edirsən, haqqımda olmazın ifadələr yazdırırsan, bəs öz kollektivinə, çevrədə necə izah edəcəksən ki, bu adamı xain elan etmişdik, lakin birdən-birə birinci müavin postuna gətirdik. O, çevrəsini rahat şəkildə idarə etdiyini, hər şeyin bir cümləsinə bağlı olduğunu dedi. Bildirdi ki, bizdə vəziyyət Müsavatdakı kimi deyil, liderə böyük inam var. Rəyasət Heyətinin bir iclasında bu məsələni qaldıracaq və bir neçə günə həll edəcək. Onun düşüncəsinə görə, “Yeni Müsavat” qəzeti Müsavat Partiyasının əhəmiyyətli gücüdür. Bu qəzet kollektivi və baş redaktoru ilə kimin tərəfinə keçsə, demokratik düşərgədə real güc o olacaq. Əslində haqlıdır. Buna görə də qəzetimizə bu qədər həssaslıq göstərir. Mən bunlardan imtina edəndən sonra mənəvi terrora başlayıb. “Ya bizimlə olmalısan, ya da bizə qarşısan” yanaşması onun yeganə prinsipidir. Onun beynində bundan başqa forma yoxdur. Bu cür xarakterə malik bir insandır.
 
- Sosial şəbəkələrdə cəbhəçilərin sizə qarşı apardığı kampaniyaya Milli Şura üzvləri də qoşulub. Konkret olaraq, məhkəmə prosesində müdafiə etdiyiniz Eldəniz Quliyev də “Yeni Müsavat” qarşı çıxış edir.
 
- Eldəniz Quliyev çox istedadlı yazardır. Onunla münasibətlərimizdə bir neçə dəfə eniş və yüksəliş olub. Sonradan hər şey normallaşıb. Çətin anlarında qəzet olaraq yanında olmuşuq. Görünür, onun da münasibətləri stabil deyil. Özü üçün bir qərar qəbul edib. Əli Kərimlinin yanında olmağın əvəzi budur. Gərək, onun yanında olmayanlara düşmən olasan. Onun kimi ziyalıya bu münasibəti, davranışı rəva görmürəm. Bizim ona münasibətimiz yenə də əvvəlki kimidir. Allah pis gün göstərməsin. Amma yenə də yanındayıq.

22:05 02.12.2014