KANAL24.AZ
Az Iw En Ru

Qocalıq hissi kəmağıllığın inkişafı riskini 30 faiz artırır

Kaliforniya Universitetinin alimlərinin fikrincə, faktiki yaşınızla müqayisədə özünüzü nə qədər daha yaşlı hiss edirsinizsə, kəmağıllığın inkişafı riski də bir o qədər artır. Belə ki, özünü yaşlı hiss edən insanlarda ilkin yaddaş itkisi əlamətləri müşahidə edilib ki, bu da kəmağıllığa səbəb olur. Məsələn, əgər 80 yaşındakı adam 75 əvəzinə, 85 yaşında olduğunu düşünürsə, bu, demensiyanın inkişaf riskini 30 faiz yüksəldir.
AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, alimlər 4 il ərzində 65-98 yaş arasında təxminən 6 min təqaüdçünü tədqiq ediblər. Başlanğıcda iştirakçılarda heç bir koqnitiv problemlər olmayıb. Koqnitiv pozuntuları müəyyən etmək üçün sınaqdan keçirilənlərdə yaddaş və düşüncə bacarıqları qiymətləndirilib. Müəyyən edilib ki, özünü yaşından qoca hiss edən insanlarda koqnitiv pozuntuların inkişafı riski 18 faiz, özünü daha cavan hiss edən pensiyaçılar ilə müqayisədə isə kəmağıllığın inkişafı şansı 29 faiz çoxdur. Ekspertlər qeyd edirlər ki, pərişan, yaxud depressiyadan əziyyət çəkən tədqiqat iştirakçıları özlərini daha yaşlı hiss etməyə meyillidirlər.
Alimlərin sözlərinə görə, əgər insan özünü gənc hiss etməyə imkan verən işlə məşğuldursa, məsələn, fiziki məşğələlər edirsə, yaxud vaxtını dostları ilə keçirirsə, bu, onu koqnitiv pozuntuların inkişafından qoruyacaq. Qocalma barədə mənfi stereotiplər insanların özünü yaşından böyük hiss etməsinin daha bir səbəbi ola bilər. Güman edilir ki, bu stereotiplər koqnitiv funksiyalara mənfi təsir edir və bununla da demensiyanın inkişaf riskini artırır.


05:15 23.08.2016
Xəbər lenti
Bütün xəbərlər