KANAL24.AZ
Az Iw En Ru

Cəfər Cabbarlı ziyarət edildi

Kanal24.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun, Azərbaycan Yazıçılar Birliyinin, Xızı rayon İcra Hakimiyyətinin,  “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin və Cəfər Cabbarlı adına Ev Muzeyinin birgə təşkilatçılığı ilə  dahi dramaturqun anadan olmasının 115-ci ildönümü qeyd olunub.

 “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin üzvləri və tədbir iştirakçıları ilk öncə C.Cabbarlının abidəsi önünə əklil və gül dəstələri qoyublar. Təşkilatın sədri Mahirə xanım Əsədova, İcraçı direktor Şamil Sabiroğlu, sədr müavini Natiq Qasımov, birliyin fəalları- İlkin Məmmədov, Dilbər Sultanova və başqaları yubiley mərasimində iştirak ediblər.

Yubiley mərasimində AYB-nin katibi İlqar Fəhmi, C.Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, filologiya elmləri doktorları Şirindil Alışanlı, Tahirə Məmməd, Gülşən Əliyeva-Kəngərli, şair Oqtay Rza və başqaları çıxış edərək ədibin yaradıcılığı, Azərbaycan ədəbiyyatındakı mövqeyi, teatr, kino sahəsindəki fəaliyyəti haqqında danışıblar.

Bildirilib ki, yaradıcılığa şeirlə gələn Cəfər Cabbarlı Azərbaycan dramaturgiyasına “Almaz”, “Aydın”, “Solğun çiçəklər”, “Sevil”, “Od gəlini”, “Oqtay Eloğlu” kimi ölməz səhnə əsərləri bəxş edib.

Diqqətə çatdırılıb ki, C.Cabbarlı, eyni zamanda, milli kino sənətimizin inkişafında da misilsiz xidmətləri olan fədakar ziyalılarımızdandır. O, həm ilk milli kinossenarist, kinorejissor, həm Azərbaycan kinosuna ilk milli kadr gətirən kino xadimidir. Teatr sənətinin inkişafında böyük xidmətləri olan C.Cabbarlı dəfələrlə dram əsərlərinə quruluş verərək həm rejissor, həm bədii hissə müdiri, həm də səhnə tərtibatçısı kimi fəaliyyət göstərib.

Tədbirdə Xalq artistləri – Mələkxanım Əyubova, Möhlət Müslümov, Məleykə Əsədova, habelə,  Rəşad İlyasovun ifasında mahnılar səsləndirilib.


16:00 02.12.2014
Xəbər lenti
Bütün xəbərlər