KANAL24.AZ
Az Iw En Ru

“Xocalı Soyqırımını Tanıtma” İB 7 yaşını qeyd etdi

Kanal24.az xəbər verir ki, noyabrın 29-da  “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi 7 yaşını qeyd etdi.

     Binəqədi rayonundakı “White Palace” restoranının banket zalında təşkilatın ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirin aparıcısı –Birliyin Binəqədi rayon şöbəsinin sədri, Xocalı rayonundan məcburi köçkün Ayna Allahyarqızı Novruzova bu təşkilatın fəaliyyəti barədə məlumat verdi. O,  Binəqədi rayon icra hakimiyyətinin rəhbərlik etdiyi şöbəyə göstərdiyi diqqət və qayğıdan danışdı. Tədbirin təşkil olunduğu zalın təmənnasız olaraq, təşkilata verilməsi də, rayon icra hakimiyyətinin işgüzar kollektivinin adi ilə bağlıdır. Birliyin sədri, “Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi” medalının mükafatçısı, müharibə veteranı  Şamil Sabiroğlu Ümummilli Lider, Heydər Əliyevin xocalılara göstərdiyi diqqət və qayğıdan danışdı. Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Qarabağ faciəsinin, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün atdıqları zəruri addımları qeyd etdi. O, Fondun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın 2008-ci ilin mayında Moskvada başladığı “Xocalıya ədalət, Qarabağa azadlıq” Beynəlxalq Məlumatlandırma kampaniyasının uğurlu fəaliyyətindən söz açdı. Ş.Sabiroğlu, bu istiqamətdə fəaliyyət göstərən “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Türkiyədə, Almaniyada, Ukraynada təşkil etdiyi tədbirlər,keçirdiyi yüksək səviyyəli görüşlər barədə barədə məlumat verdi. 

    Tədbirdə iştirak edən Azərbaycan Tibb Universitetinin məsul əməkdaşı, Prof. Mübariz Allahverdiyev, Azərbaycan Dillər Universitetinin Alman dili Kafedrasının baş müəllimi, Xocalı soyqırımı zamanı Ata-anasını,bacısını və digər doğmalarını itirmiş tanınmış şair-tərcüməçi Yusif Savalan, “Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, “Vətənpərvərlər və Gənclərin İntellektual Mülkiyyətinə Dəstək Koalisiyası”nın rəhbəri, ”Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Hacı xanım Mahirə Əsədova, “Gəncliyə Yardım Fondu”nun vitse-prezidenti Salman Əliyev, “Aşıq Şəmşir Mədəniyyət Ocağı” ictimai birliyinin İdarə heyətinin üzvü, şairə Nəzmiyyə Hicran, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Qarabağ Regional Departamentinin rəhbəri, Yevlax şəhərində fəaliyyət göstərən “EL TV” kanalının əməkdaşı, müharibə veteranı Daşqın Abdullayev, bu Təşkilatın Sumqayıt şəhər şöbəsinin sədri, 7 saylı tam orta məktəbin müəllimi Xalidə Vural-Cəbrayılova, “Azərbaycan” qəzetinin məsul əməkdaşı, Kəlbəcər rayonundan məcburi köçkün, yazıçı-publisist  Məhəmməd Nərimanoğlu, məcburi köçkün Ceyhun Ələkbərov və başqaları çox məsuliyyətli bir missiyanı öz üzərinə götürən “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvlərinə, gələcək işlərində uğurlar arzuladılar.

Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Rafiq Rüstəmovun rəhbərlik etdiyi Xan Şuşinski adına Ağdam rayonlararası Muğam Musiqi Məktəbinin “Qarabağ bülbülləri” ansamblı, habelə, müğənnilərdən Nicat Həsənov, Rəna Xudiyeva və başqaları milli vətənpərvərlik ruhunda olan mahnılarla tədbir iştirakçıları qarşısında çıxış etdilər.


20:27 01.12.2014
Xəbər lenti
Bütün xəbərlər