KANAL24.AZ
Az Iw En Ru

Biz mümkün olmayanı Bakıda reallaşdırdıq - Tilke

Azərbaycan Formula-1 Avropa Qran-prisinə yüksək səviyyədə ev sahibliyi etdi. Yarışlarda ən yüksək sürət qeydə alındı. Biz mümkün olmayanı reallaşdıra bildik.

 

Bu sözləri Bakı şəhər halqası layihəsinin müəllifi Herman Tilke Bakı Qran-prisi barədə Rusiyanın “F1 Nyus” xəbər portalına danışarkən deyib.

 

“F1 Nyus” xəbər portalı iyunun 17-19-da Bakıda keçirilmiş Avropa Qran-prisini geniş işıqlandırıb. Herman Tilke ilə müsahibədə Azərbaycan trasının unikallığından söz açılır. H.Tilke trek barədə deyib: “İlk gündən qarşıya məqsəd qoyulmuşdu ki, bu tras digərlərindən fərqlənməlidir. Bakıda məhz belə oldu. Azərbaycandakı tras saat əqrəbinin tərsinə quruldu və burada ən yüksək və ən aşağı sürət təyin edildi. Bakı treki elə qurulub ki, burada manevr etməyə, demək olar, yer yox idi. Lakin bu, yarışların yüksək səviyyədə keçməsinə mane olmadı. Mən eşitdim ki, belə mürəkkəb trasda biz inanılmaz rekord əldə etdik. Valter Bottas saatda 378 kilometr sürət yığdı. Kompyuter analizlərinin nəticəsinə görə isə, biz saatda 340 kilometr sürət nəzərdə tutmuşduq. Mən çox həyəcanlı idim. Çünki şəhər traslarını idarə etmək olduqca çətindir. Lakin hər şey gözlədiyimizdən daha yaxşı oldu və həm biz, həm pilotlar, həm də azarkeşlər, bir sözlə hamı razı qaldı”.

 

Yazıda “Formula One Management”in rəhbəri Berni Ekklstounun müsahibəsinə də yer ayrılıb. O vurğulayıb ki, Bakının ilk dəfə ev sahibliyi etdiyi Avropa Qran-prisi uğurla başa çatdı. Yeni tras həm pilotların, həm də tamaşaçıların xoşuna gəldi. Təşkilatçılıq yüksək səviyyədə idi və digər Qran-prilər Bakıdan nümunə götürməlidir.

 

Saytda “Motorsport” portalının hazırladığı reportaj da yerləşdirilib. Reportajda pilotlardan Niko Rosberq, Luis Hamilton, Fernando Alonso, Niko Hulkenberqin müsahibələri yer alıb. “Red Bull Racing” komandasının sürücüsü Devid Kultard Azərbaycana, Bakının gözəlliyinə heyran qaldığını deyir: “Hər yerdə insanların isti münasibətinin şahidi oldum. Küləklər şəhəri olan paytaxt Bakı özünün qədim ənənələrini hələ də qoruyub-saxlayır. Ritm buradakı insanların qanındadır. Azərbaycanlılar həm də çox müasirdirlər. İnsanlar nə qədər Şərq ruhludurlarsa, bir o qədər gözəl qərblidirlər”.

 

Formula-1 eksperti Kristian Danner isə bildirib ki, Avropa Qran-prisi kimi dünya miqyaslı idman tədbirləri Azərbaycanın imicini daha da möhkəmləndirir, ölkəni geniş təbliğ edir.


08:15 25.06.2016