KANAL24.AZ
Az Iw En Ru

Sabiq kansler qaçqınların qəbulu məsələsində Merkeli dəstəkləməyib

AFR-in sabiq kansleri Helmut Kol milyonlarla qaçqın üçün sərhədlərin açılması siyasətini pisləyib. Kol Macarsıtanda nəşr olunan “Avropa barədə narahat olanda” adlı kitabına ön sözdə yazır: “Problemin həlli Avropada yox, qaçqınların mənşəyi olan regionlardadır. Avropa bütün dünyadan milyonlarla binəsib insan üçün yeni vətən ola bilməz”.

Almaniyada çıxan “Der Tagesspiegel” qəzeti sabiq kanslerin və Macarıstanın Baş naziri Viktor Orbanın görüşü ərəfəsində bu kitabdan sitatlar dərc edib.

Kol AFR-in indiki kansleri Angela Merkelin adını çəkməsə də, onun miqrasiya siyasətini tənqid edir. Sabiq kansler 2015-ci ilin sentyabr ayında Merkelin qaçqınları Macarıstandan AFR-ə dəvət etməsi barədə qərarını nəzərdə tutaraq vurğulayır: “Təkbaşına qəbul edilən qərarlar və milli səviyyədə birtərəfli qaydada görülən tədbirlər onları qəbul edənin nəzərində nə qədər əsaslandırılmış görünsə də, belə hallar keçmişdə qalmalıdır”.

Xatırladaq ki, o vaxt həmin qərar AFR-in Aİ-dəki tərəfdaşları ilə müzakirə edilməmişdi.


21:10 18.04.2016