KANAL24.AZ
Az Iw En Ru

Quba soyqırımının daha bir nişanəsi - Alpan qəbiristanlığı

1918-ci ilin mart hadisələri zamanı Quba qəzasının Alpan kəndində daşnakların törətdiyi vəhşiliklərin nişanələri indi də qalmaqdadır. Rayon mərkəzindən 16 kilometr uzaqlıqda yerləşən kənd Qubadakı ən qədim yaşayış məntəqələrindən biridir.

Kanal24.az xəbər verir ki, Alpan kənd sakini Ziyafəddin Dadaşov AZƏRTAC-a müsahibəsində qədim kənd qəbiristanlığının soyqırımı hadisələrini əks etdirən tarixi yerlərdən biri olduğunu bildirib. Z.Dadaşov deyib ki, dinc sakinləri qətlə yetirməklə ürəkləri soyumayan erməni vandalları kənd qəbiristanlığındakı baş daşlarını gülləbaran edib, buradakı XVI əsrə aid Subaba türbəsini yandırıblar. Güllələrin izləri baş daşlarının üzərində indi də qalmaqdadır.

Yerli sakinlərin sözlərinə görə, erməni silahlıları Alpana 1918-ci ilin may ayında hücum edib və kəndi üç istiqamətdən mühasirəyə alıb. O dövrdə Quba qəzasında ən varlı kəndlərdən sayılan Alpanda əhalinin çox hissəsi əliyalın meşələrə qaçıb. Bütün evləri yandıran ermənilər qocaya, qadına, uşağa rəhm etməyiblər.

Alpan kənd tam orta məktəbinin tarix müəllimi Zabit Babayev isə qeyd edib ki, erməni dəstələrinin əsas məqsədi buradakı müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirmək olub. Onlar Şahdağdan Xəzər dənizinə qədər olan ərazidə yaşayan yerli sakinlərin hamısını öldürmək əmrini almışdılar.

1918-ci ilin mart hadisələri zamanı Quba qəzasının 167 kəndi tamamilə dağıdılıb, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.


17:42 31.03.2016
Xəbər lenti
Bütün xəbərlər