KANAL24.AZ
Az Iw En Ru

Polislərin səlahiyyəti artırıldı

Bu gün Prezident İlham Əliyev polislərin səlahiyyətini rəsmən artıran "Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri təsdiq edib.
 
Kanal24.az xəbər verir ki, "Polis haqqında” Qanunu 1.1-ci maddənin 7-ci abzasında "əl-qolu bağlama” sözlərindən sonra "və elektroşok” sözləri əlavə olunub. Eyni zamanda, 2. 26-cı maddəyə aşağıdakı məzmunda III-I hissə əlavə edilib:
"III-I. Elektroşok vasitələri bu maddənin 2-ci hissəsinin 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər. Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
Qeyd edək ki, ötən ay Milli Məclisdə “Polis haqqında” qanunun 26-cı maddəsinə edilən dəyişikliyə əsasən yalnız müvafiq icra hakimiyyəti (Daxili İşlər Nazirliyi) tərəfindən siyahısı müəyyən olunan polis əməkdaşları elektroşokdan istifadəsinə icazə verilməsi nəzərdə tutulmuşdu. 
Dəyişikliyə görə, elektroşok vasitələri insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə, qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə, yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə, tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstəriləcəyinə ehtimal etməyə kifayət qədər əsas olduqda istifadə oluna bilər.
Bununla yanaşı, cinayət törədilməsində şübhəli bilindiyinə görə tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş və ya müəyyən müddətə azadlıqdan məhrumetmə, yaxud ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxsin həbsdən qaçmasının qarşısını aldıqda, habelə bu şəxsin qanunsuz azad edilməsi üçün kənar şəxslər tərəfindən güc işlədildikdə elektroşok vasitəsinin istifadəsi mümkün olacaq.
Hazırkı qanunvericiliyə görə isə elektroşokdan istifadədə məhdudiyyət yoxdur.
 
İdarə və bölmə rəislərinin, komandirlərin icazəsi ilə hər bir polis nəfəri elektroşokdan istifadə edə bilər.

07:15 14.11.2014
Xəbər lenti
Bütün xəbərlər