KANAL24.AZ
Az Iw En Ru

“Əli Kərimli ilə eyni yolda yürümək mümkün deyil"

Azər Ayxan: “Müsavatdakı gərginlik Əli Kərimlini həvəsləndirib, hesab edir ki, müxalifətin şəriksiz lideri olacaq” 

 

Son vaxtlar AXCP ilə “Yeni Müsavat” qəzeti arasında yenidən söz savaşı başlayıb. Xalq Cəbhəsinin funksionerləri qəzetin və onun baş redaktoru Rauf Arifoğlunun ünvanına bəzi ittihamlar səsləndirir, qarşı tərəf də bu ittihamlara sərt formada cavab verir. Qəzetlə partiya arasında qarşılıqlı ittihamlar günbəgün artmaqdadır.
 
AXCP funksionerləri əsasən iddia edirlər ki, “Yeni Müsavat” hakimiyyətin tapşırıqları ilə fəaliyyət göstərir. Qarşı tərəf isə bu işlə məhz bəzi cəbhəçi funksionerlərin məşğul olduğunu bildirir.
 
Kanal24.az xəbər verir ki, “Yeni Müsavat”ın baş redaktorunun 1-ci müavini Azər Ayxan Publika.az-a açıqlamasında AXCP-“Yeni Müsavat” davasının səbəbləri və tarixçəsi haqda danışıb. A.Ayxan bildirib ki, neçə illərdir Əli Kərimlinin və onun dəstəsinin mənəvi terroru ilə üz-üzədirlər: “Bizim üzərimizə sosial şəbəkələrdə, qəzetlərində hücuma keçirlər. Səbrli davranırıq, bir müddət onların iftiralarına cavab vermirik. Amma susduqca cəbhəni daha da böyüdürlər. Ona görə də öz dillərində cavablarını vermək məcburiyyətində qalırıq”.
 
A.Ayxan “indi yenə başlayıblar, üstümüzə-üstümüzə gəlirlər, ağızlarına gələn bütün ittiham və şər-böhtanı utanmadan ictimailəşdirirlər”- deyə bildirdi.
 
Azər Ayxan AXCP funksionerlərinin onları hakimiyyətə işləməkdə ittiham etməsinə belə münasibət bildirdi:
 
“Əli Kərimli illərlə hakimiyyətlə gizli-aşkar iş birliyində olub. Bunu ölkədə siyasətlə maraqlanan hər kəs bilir. Bu məsələdə kompleksi var. Ona görə də bizi vaxtı ilə özünün məşğul olduğu əməldə suçlamaqla barəmizdə şübhə toxumu səpməyə çalışır. Bu, mümkün olan iş deyil. Əlinin, Vəlinin, nə bilim, Fuadın və s. danışmağı ilə nolacaq ki, zatən Azərbaycan ictimaiyyəti kimin kim olduğunu çox yaxşı bilir. Hakimiyyətə işləyən, iqtidardan çuvalla pul alan (bu da yurdçuların uydurmalarından biridir) media rəhbəri sutkanın 16-17 saatını kompüter arxasında keçirərmi? İqtidardan aldığı pulları istirahətinə həsr edər də”.
 
Onun sözlərinə görə, 1990-cı illərdən bu yana Əli Kərimli və onun “Yurd” fraksiyası Müsavat Partiyasına və “Yeni Müsavat” qəzetinə qarşı qərəzli davranışları ilə seçiliblər: “Onların bizimlə davaları əslində 21 ildir ki səngimir. Elçibəy iqtidarı vaxtından “Yurd” fraksiyası Müsavata, onu müdafiə edən bütün şəxslərə və təsisatlara qarşı hücumdadır. AXC iqtidarı həm də bu cür intriqaların qurbanı oldu. “Yurd” fraksiyası Müsavat Partiyasını və “Yeni Müsavat” qəzetini həmişə özünə ən böyük rəqib görüb. Müsavata qarşı davranışı başa düşmək olar: çünki bu  partiya və onun əski başqanı Əli Kərimlinin yuxusuna haram qatıb, o, düşünüb ki, İsa Qəmbər və partiyası olmasa, qabağa özü çıxar, lider olar, özü də şəriksiz lider. Bizimlə ədavəti onunla bağlıdır ki, biz qəzetçi olaraq İsa Qəmbəri müdafiə edib, onun mövqeyini gücləndiririk. Əli Kərimli zaman-zaman bizə təklif edib ki, onu müdafiə edək, onun yanında olaq, onun prezident olması üçün çalışaq. Amma biz onu yaxşı tanıyırıq, onun necə bir ruh xəstəsi olduğunu yaxşı bilirik. Onunla eyni yolda yürümək, fəaliyyət göstərmək sadəcə mümkün deyil. Bu xüsusiyyətinə görə ən yaxım dostları, silahdaşları onu tərk etdi, proses bu gün də davam edir”.
 
A.Ayxan bildirdi ki, Əbülfəz Elçibəy Kələkidə olan zamanlarda Əli Kərimlinin özünün və dəstəsinin əl-qolu açıldı: “O zaman hakimiyyətdən aldıqları pullar və tapşırıqlar əsasında Müsavata və “Yeni Müsavat”a qarşı iyrənc hücumlar təşkil etdilər. Məhz iqtidardan yemləndikləri üçün o zamanlar Əli Kərimlinin xeyli qəzeti vardı. Həmin qəzetlərdə barəmizdə nələr yazdırmırdı”.
 
“Yeni Müsavat”ın redaktoru sonrakı illərdə Əli Kərimlinin hakimiyyətlə əməkdaşlığının sona yetməsinin səbəblərini də açıqladı: “2002-ci ilə qədər Əli Kərimlinin iqtidarda gizli-aşkar əməkdaşlığı davam edib. Bunu sayəsində iki dəfə deputat oldu. Amma sonralar o, həmin əməkdaşlıq proyektindən biabırçı şəkildə qovuldu. Hakimiyyətlə anlaşmada ciddi yanlışlığa yol verdiyi üçün onu cəzalandırdılar. 2002-ci ilin aprel ayında parlamentin iclası zamanı Əhəd Abıyevin heç kimin gözləmədiyi halda Əli Kərimliyə hücumu, onu bəlli ifadələrlə təhqir etməsi təsadüf deyildi. Bu, Əli Kərimlinin sifətinə atılmış siyasi “şıram” idi...”
 
A.Ayxan bildirdi ki, Əli Kərimli hazırda Fuad Qəhrəmanlı, Əbülfəz Qurbanlı kimi qeyri-ciddi adamların ümidinə qalıb:“Vaxtilə onun ətrafında olanların siyasi çəkiləri var idi. İndi isə AXCP-nin vitrininə baxın. Bu vitrinləmi iqtidara gələcəklər? Əli Kərimli hazırkı “komanda” ilə nəinki iqtidara gələ bilməz, heç müxalifətdə də qalması mümkün deyil. Bəyənib bəyənməməyimizdən asılı olmayaraq vaxtı ilə onun yanındakılar – Asim Mollazadə, Qulamhüseyn Əlibəyli Əliməmməd Nuriyev, Fuad Mustafayev və digərləri siyasətdən anlayan, savadlı, intellekt sahibi olan şəxslər idi. İndiki vitrinlə o zamandakı vitrini müqayisə edin və nəticə çıxarın”.
 
“Müsavatdakı gərginlik onu həvəsləndirib, narazı elektoratın lideri olacağını düşünür”
 
A.Ayxan Müsavatdakı proseslərin Əli Kərimlini həvəsləndirdiyini düşünür: “Müsavatdakı son proseslər onu xeyli həvəsləndirib. 2003-cü ildə olduğu kimi, indi də Müsavatın mövqeyinin zəiflədiyini və özünün önə çıxacağını düşünür. Hesab edir ki, narazı elektoratın lideri olacaq. Əli Kərimli bu gün özünü İsa Qəmbərdən sonrakı dövrün şəksiz lideri hesab edir. 2003-cü il 15-16 oktyabrından sonra obyektiv səbəblərdən İsa Qəmbər siyasi proseslərdən bir qədər kənarda qaldı. Xüsusilə də Müsavata təzyiqlərdən sonra. Əli Kərimli o vaxt həvəslənərək təcili partiyasının toplantısını keçirdi və özünü yeni dövrün lideri elan etdi. Onda arzusu gözündə qaldı. İndi də bu adamda “Müsavatda başqan dəyişikliyi olub, gərginlik var, qabağa düşmək üçün fürsətdir” qənaəti yaranıb. Bunun üçün də “Yeni Müsavat” və Rauf Arifoğlunu zərərsizləşdirmək lazım olduğunu düşünür. Çünki Müsavat və İsa Qəmbərin ən yaxın müttəfiqi və müdafiəçisi bu qəzetdir. “Yeni Müsavat” bu gün saytı və çap versiyası ilə ölkədə öndə gedən KİV-dir. Bizi hakimiyyətə işləməkdə ittiham etməklə nüfuzdan salmağa, ləkələməyə çalışırlar. Bu illərdir “yurdçu”lar tərəfindən aparılan prosesdir. İsa Qəmbəri “Yeni Müsavat” kimi güclü silahdan məhrum etməklə təkləmək, sonra üzərinə hücuma keçmək, onu nüfuzdan salmaq və müxalifət düşərgəsinin liderinə çevrilmək Əli Kərimlinin beynində qurduğu kombinasiya, mexanizmdir. Onun fikrincə, İsa Qəmbəri məğlub etmək üçün ilk növbədə “Yeni Müsavat”ı nüfuzdan salmaq lazımdır. Əli Kərimli onun yanında olmayan “Yeni Müsavat”dan və qəzetin rəhbəri Rauf Arifoğludan böhtan atmaqla qisasını alır. Zombilərinə komanda verib facebookda bizə hücum təşkil etdirir. Bizə İsa Qəmbərdən, Müsavatdan və tutduğumuz müstəqil yoldan qopmaq üçün şantaj edir”.
 
“Onların şər-böhtanlarına qarşı sona qədər cavab verməyə hazırıq”
 
A.Ayxan “AXCP-ni bu ittihamlarına görə məhkəməyə vermək niyyətindəsinizmi” sualına “gələcəkdə hər şey ola bilər. Amma indi belə bir fikir yoxdur” cavabı verib. O, bildirib ki, bəzən bir cümlə, bir məqalə məhkəmənin çıxardığı hökmdən daha güclü və təsirli olur: “Biz onların gerçək mahiyyətini yazılarımızla, cavablarımızla üzə çıxarırıq. Onların şər-böhtanlarına qarşı sona qədər cavab verməyə hazırıq. Çünki onların cavabını verməsək, qorxduğumuzu və özlərinin haqlı olduqlarını düşünəcəklər”.

 


20:50 04.11.2014