KANAL24.AZ
Az Iw En Ru

"Yeni Yurd" təşkilatı elm xadimlərini mükafatlandırdı


Kanal24 xəbər verir ki, dekabrın 29-da "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyi Milli Elmlər Akademiyasının bir qrup elm xadimlərini mükafatlandırıb.

Mükafatlandırılan şəxslər Azərbaycanda elmin inkişafına töhfə verən xanımlardı.

Mükafatlandırma mərasimində çıxış edən "Yeni Yurd" təşkilatının sədri Mahirə xanım Əsədova deyib ki, təsis etdikləri "Xurşud banu Natavan" mükafatı ölkənin ictimai-siyasi və mədəni həyatında aktiv iştirak edən şəxslərə verilir. Mahirə xanım onu da bildirib ki, elm xadimlərinin bu mükafata layiq görülməsi heç də təsadüfü deyil. Ona görə ki, onların hər biri ölkəmizdə elmin inkişafına töhfə verən dəyərli insanlardır.

Təşkilat sədri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları münasibəti ilə xalqımızı səmimiqəlbdən təbrik etdiyi diqqətə çatdırıb.

Daha sonra "Yeni Yurd" təşkilatının sədri Mahirə xanım Əsədova mükafatları ziyalı xanımlara təqdim edib.

Tədbirdə çıxış edən professor Asif Rüstəmli "Yeni Yurd" təşkilatının ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadığını diqqətə çatdırıb.

A.Rüstəmli bildirib ki, 2015 ci ildə Yeni Yurd təşkilatı ciddi uğurlara imza atıb. Ulu öndər Heydər Əliyevə həsr olunan anım tədbirləri keçirib: "Kimsəsiz insanlara, fiziki qüsurlu vətəndaşlarımıza yardım əli uzadıb, onları bayram sovqatı ilə sevindirib".
 
Professor onu da qeyd edib ki, təşkilat "Böyük Yurd Sevər" və "Xurşud banu Natavan" mükafatlarını təsis edərək ölkənin ictimai-siyasi həyatında fərqlənən şəxslərə təqdim edib. Elm xadimlərinə xüsusi diqqət və qayğı ilə yanaşan Mahirə xanım Əsədovanın rəhbərlik etdiyi təşkilatın Milli Elmlər Akademiyası ilə də qarşılıqlı əməkdaşlıq etdiyini deyən, Asif Rüstəmli vurğulayıb ki, gələcək illərdə də mövcud münasibətlər daha da inkişaf edəcəkdir.

Xocalı Soyqrımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu Kanal24-ə açıqlama verərək deyib ki, Azərbaycanda fəaliyyət göstərən QHT-lər sırasında Yeni Yurd təşkilatı xüsusilə fərqlənir. O bildirib ki, gələcək illərdə də bu təşkilat uöurlu işlərə imza atacaqdır.

"Xurşud banu Natavan" mükafatına layiq görülənlər Kanal24-ə deyiblər ki, bayram ərəfəsində "Yeni Yurd" təşkilatı onların sevincinə sevinc qatıb.

Mükafatlandırılan şəxslər Mahirə xanıma dərin təşəkkürlərini ifadə ediblər.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib

PS: Dəyərli izləyicilər sizlərə təqdim etdiyimiz fotolar Kanal24.az İnternet TV​-ə məxsusdur. Şəkillərdən və yazıdan istifadə edərkən istinad etməyiniz rica olunur.

23:46 29.12.2015