KANAL24.AZ
Az Iw En Ru

Səudiyyə Ərəbistanı Azərbaycan iqtisadiyyatına 368 milyon dollar investisiya yatırıb

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Müştərək Komissiyanın 4-cü iclası və biznes forum keçirilib.

Dekabrın 15-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində Azərbaycan Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, tədbirdə Müştərək Komissiyanın həmsədrləri - iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osmanın rəhbərliyi ilə hər iki tərəfdən aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev mehriban dostluq və qarşılıqlı maraq prinsiplərinə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində yüksək səviyyəli dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin xüsusi rolunu qeyd edib.

Bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri və səfər çərçivəsində keçirdiyi görüşlər əlaqələrimizin inkişafında dönüş nöqtəsi olmuş və qarşılıqlı əməkdaşlığın təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin aprelində Səudiyyə Ərəbistanına rəsmi səfəri və Kral Əlahəzrət Salman bin Əbdüləziz Al Səudla, eləcə də digər dövlət rəsmiləri ilə görüşləri ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin genişlənməsində mühüm əhəmiyyət kəsb edir.

Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyini daim dəstəkləyir və işğalçı ölkə ilə diplomatik münasibətlərin qurulmasından imtina edir. Azərbaycan Səudiyyə Ərəbistanı dövlətinin bu mövqeyini yüksək qiymətləndirir.

Ərəbistan - 2 Müştərək Komissiyanın ölkələrimiz arasında əməkdaşlığın inkişafında rolunu qeyd edən nazir Şahin Mustafayev Komissiyanın 3-cü iclasından ötən dövr ərzində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, bu müddətdə hüquq-müqavilə bazasının genişləndirilməsi məqsədi ilə vergitutma, hava əlaqəsi, media qurumları arasında əlaqələrin inkişafına dair sənədlər, həmçinin "Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması və genişləndirilməsi"nə dair Kredit Sazişi imzalanıb. Hazırda ədliyyə, gömrük işi, baytarlıq, fitosanitariya, mədəniyyət və s. sahələrdə əməkdaşlıq haqqında sənəd layihələri üzrə danışıqlar davam etdirilir.

Ümumiyyətlə, indiyədək Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 20-ə yaxın sənəd imzalanıb. Səudiyyə şirkətləri Azərbaycanda ticarət, sənaye, xidmət, bank və sığorta sahələrində uğurla fəaliyyət göstərirlər. Səudiyyə Ərəbistanın dövlət və özəl qurumları tərəfindən Azərbaycan iqtisadiyyatına 368 mln. ABŞ dolları həcmində investisiya yatırılıb. Səudiyyə İnkişaf Fondu Azərbaycanda bir sıra infrastruktur layihələrində iştirak edir.

Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artırılması üçün geniş imkanların olduğunu qeyd edən Şahin Mustafayev işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin, o cümlədən ötən gün keçirilən Səudiyyə Ərəbistanı - Azərbaycan biznes forumunun və Azərbaycan məhsullarının sərgisinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında, birgə layihələrin həyata keçirilməsində faydalı olacağını bildirib. Bundan başqa, alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, bu sahədə yüksək texnologiyalar parklarının yaradılması ilə bağlı aidiyyəti qurumlar arasında məlumat mübadiləsi həyata keçirilir. Bankçılıq və turizm sahəsində də əməkdaşlıq üçün geniş imkanlar var.

Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə də məlumat verib. Bildirilib ki, Cənubi Qafqaz iqtisadiyyatının 70%-nə malik olan Azərbaycan son illər tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirib və Səudiyyə Ərəbistanı yük daşımalarında Azərbaycanın tranzit imkanlarından, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizindən istifadə edilə bilər.

Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Müştərək Komissiyanın həmsədri Əbdüllətif bin Əhməd Əl-Osman çıxışında ölkələrimizi ümumi dəyərlərin və qədim tarixin birləşdirdiyini vurğulayıb, Səudiyyə Ərəbistanın Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini qeyd edib. Müştərək Komissiyanın ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdıran Əbdüllətif bin Əhməd Əl-Osman iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bildirib, həmçinin Səudiyyə Ərəbistanının iqtisadiyyatı, Müştərək Komissiya çərçivəsində ölkəsi tərəfindən ötən müddətdə görülmüş işlər barədə məlumat verib.

Sonda Azərbaycan Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Müştərək Komissiyanın həmsədrləri – iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman imzalayıblar. Sənədə əsasən, iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, bankçılıq, rabitə və yüksək texnologiyalar, əmək və məşğulluq, mədəniyyət və turizm, idman və gənclik, elm və təhsil, səhiyyə, hava əlaqəsi və s. sahələrdə əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi nəzərdə tutulur.

Həmin gün Səudiyyə Ərəbistanı - Azərbaycan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan tərəfi kənd təsərrüfatı, qida sənayesi, tikinti, maliyyə və konsaltinq, turizm, logistika, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 50-ə yaxın, Səudiyyə Ərəbistanı isə analoji sahələrdə fəaliyyət göstərən 100-ə yaxın şirkətlə təmsil olunub.

Biznes forum çərçivəsində ilk dəfə olaraq Azərbaycanın qida məhsullarının Səudiyyə Ərəbistanında sərgisi də təşkil edilib. Sərgidə Azərbaycan şirkətlərinin 40-dan çox adda kənd təsərrüfatı və qida məhsulları nümayiş olunub, qonaqlara Azərbaycanın biznes və investisiya mühitinə dair bukletlər və digər çap materialları paylanıb.

Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf AİŞ-in həyata keçirdiyi layihələrə, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktor müavini Zaur Məmmədov sənaye parkının fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər.

Səudiyyə Ərəbistanının nümayəndələri anoloji təqdimatlarla çıxış etmiş, təmsil etdikləri şikrkətlər, azərbaycanlı həmkarları ilə əməkdaşlıq imkanları barədə məlumat veriblər.

Biznes forum iki ölkənin iş adamları arasında əlaqələrin inkişafına, birgə layihələrin həyata keçirilməsinə, ticarət əlaqələrinin genişləndirilməsinə dair ikitərəfli görüşlərlə başa çatıb.

Səfər zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman, Səudiyyə Ərəbistanı Palatalar Şurasının sədri Abdul Rahman Əl-Zamil və Səudiyyə Ərəbistanın Əsas Sənaye Korporasiyasının Baş icraçı direktoru Yusif Abdulla Əl-Benyan ilə görüşüb. Görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri, iş adamları arasında əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


19:34 16.12.2015
Xəbər lenti
Bütün xəbərlər