KANAL24.AZ
Az Iw En Ru

Bayram günlərində qatarlara əlavə vaqonlar qoşulacaq

Bayram günləri ərəfəsində artan sərnişin sıxlığını nəzərə alaraq, qatarlara əlavə vaqonlar qoşulacaq. Bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, artıq bu məqsədlə 20 vaqon hazırlanıb: “Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hər il belə tədbirlər həyata keçiririk. Bu il də əlavə vaqonlar hazırlanıb. Əlavə vaqonlar, əsasən, Gəncə, Qazax, Tovuz, Ağstafa və Tbilisi istiqamətində hərəkət edən qatarlara qoşulacaq. Bayrama bir həftə qalmış ictimaiyyətə bu barədə ətraflı məlumat verəcəyik”.

Qurum rəsmisi bildirib ki, bayram günlərində sərnişinlərlə yanaşı, yüklərin də daşınmasında problemlərin yaşanmaması üçün "Azərbaycan Dəmir Yolları" növbəli iş rejiminə keçəcək: “Biz hər il bayramla əlaqədar istirahət günlərində hər hansı problem yaşanmaması üçün xüsusi iş qrafiki tətbiq edirik. Əməkdaşlar növbəli iş rejimində çalışırlar. Bu dəfə də belə rejim tətbiq edəcəyik. Çünki bayram günləri olsa da, yükləri qəbul edib, yola salmaq lazımdır".

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.


00:22 15.12.2015
Xəbər lenti
Bütün xəbərlər