KANAL24.AZ
Az Iw En Ru

Ulu öndərin xatirəsi anıldı

Kanal24 xəbər verir ki, dekabrın 9-da Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Abşeron rayon İcra Hakimiyyəti və "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin büstü önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra mərhum prezident Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. "Yeni Yurd" təşkilatının maliyyə dəstəyi ilə çəkilən "Mən Azərbaycanlıyam" adlı sənədli film nümayiş etdirilib

Anım mərasimində ictimai xadimlər, ziyalılar, təşkilat sədrləri, gənclər və digər şəxslər iştirak ediblər.

Təşkilat sədri Mahirə xanım Əsədova çıxış edərək deyib ki, 12 il əvvəl müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. O, xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir: "Hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əliyev hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub" deyə, Mahirə xanım bildirib.

"Yeni Yurd" təşkilatının sədri qeyd edib ki, rəhbərlik etdiyi qurum öz fəaliyyətində Heydər Əliyev ideyalarının təbliğatını gerçəkləşdirir. Hər il ulu öndərə həsr edilən tədbirlər təşkil edirlər.

Abşeron rayon mədəniyyət və turizm şöbəsinin müdiri İlham Manafov çıxış edərək deyib ki, 90-cı illərin əvvəllərində Azərbaycanın həlli görünməyən müdhiş problemləri vardı: "ölkə dağılmaq, parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Lakin eyni zamanda bu ölkəni öz canı qədər sevən Heydər Əliyev kimi böyük şəxsiyyət vardı. Heydər Əliyev həmin tarixi zamanın yeganə siyasətçisi olaraq bu təhlükəli niyyətləri birdəfəlik dəfn etməyə qadir oldu".

Heydər Əliyevə həsr edilən anım mərasimində çıxış edən ədəbiyyatşünas, filologiya elmləri doktoru Asif Rüstəmli ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən söz açıb. Bildirilib ki, bütün ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider Azərbaycan dövlətinin, xalqının mənafeyi və bütövlüyü uğrunda, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.

Tədbirdə digər çıxış edənlər bildiriblər ki, bütün mənalı həyatını öz xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Anım mərasimində mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya səsləndirilib.

 

 

 


02:41 10.12.2015
Xəbər lenti
Bütün xəbərlər