KANAL24.AZ
Az Iw En Ru

Elnur “Azərbaycan qadını”nı təqdim etdi

Dünən paytaxtın əyləncə məkanlarından birində müğənni Elnurun təşəbbüsü ilə Azərbaycanın məşhur və istedadlı qadınlarına həsr olunan “Azərbaycan qadını” adlı layihənin təqdimat mərasimi keçirilib. Milli.Az xəbər portalının məlumatına görə, mərasimdə ziyalı Azərbaycan xanımlarının, başda birinci xanım Mehriban Əliyevanın portretləri sərgilənmişdir. Foto sərgidə həmçinin Nəsibə Zeynalova, Şəfiqə Axundova, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Rübabə Muradova, Sara Qədimova, Firəngiz Əlizadə, Tükəzban İsmayılova və başqaları var idi. 

Layihənin rəhbəri Mahirə Əsədovanın çıxışı ilə açılan mərasimdə cəmiyyətdə qadının danılmaz rolundan bəhs olundu: “Azərbaycan qadını hər sahədə misilsiz iz qoyub. İncəsənətdə, tibb aləmində, elmdə və digər sahələrdə məhz Azərbaycan qadını bütün dünyada məşhurlaşan nailiyyətlər əldə edib. Bu layihə sadaladığım bütün bu sahələrdə Azərbaycan qadınının illərdən bəri bu günədək müfəssəl rolunu qiymətləndirmək və dəyərləndirmək məqsədilə yaranıb. Biz və şəxsən mən misilsiz istedadlı, biliyi və bacarığı olan qadınlarımızın nailiyyətləri qarşısında baş əyirik”-deyə Mahirə Əsədova çıxış etdi.

Mərasimdə Azərbaycan səhnəsinin məşhur ulduzlarını da görmək olardı. Onların sırasında xalq artistləri Nazpəri Dostəliyeva, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Tünzalə Ağayeva, Elza Seyidcahan, İlqar Muradov, müğənnilər Lalə Məmmədova, Natəvan Həbibi, Səidə Sultan, əməkdar incəsənət xadimi Gövhər Həsənzadə, bəstəkarlar  Aygün Səmədzadə, Xanım İsmayılqızı, Emil Şahin, şairə Leyli, prodüser Anar Mədətov və başqaları var idi. 

Tədbirdə “Azərbaycan qadını” adlı klipin təqdimat mərasimi keçirildi. Musiqisi Aynurə xanıma sözləri isə şairə Leyliyə aid olan mahnını müğənni Elnur ifa edirdi. 

Qeyd edək ki, baş tutan tədbirdə müğənnilər konsert proqramı ilə çıxış etdilər. Hər biri mahnı ifa edərək Azərbaycan qadının əvəzsiz rolundan danışırdılar. 
 
                                                                                                                           Mələk


18:27 12.10.2012
Xəbər lenti
Bütün xəbərlər