KANAL24.AZ
Az Iw En Ru

“Həbs edilən general yaxın qohumumdur”

İsgəndər Həmidov: “Bəzi şəxslər və dairələr çalışdılar ki, Kəlbəcər seçki dairəsində seçkini İsgəndər Həmidov-Cavid Qurbanov qarşıdurmasına çevirsinlər”

Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri, Müsavat Partiyasının 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizədi, keçmiş daxili işlər naziri İsgəndər Həmidov seçki kampaniyasının gedişi, MTN-lə bağlı baş verənlər və digər aktual məsələlərlə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb. 

 

- İsgəndər bəy, seçki kampaniyası yekunlaşmaq üzrədir, bu günə qədər seçki kampaniyanız necə gedir?

 

- Bir-iki dəfə Bakıda seçicilərlə görüşümə polisin mane olmasını istisna etsək, seçki kampaniyamın normal, problemsiz getdiyini söyləyə bilərəm. Heç bir məhdudiyyət yoxdur, rayonları gəzib didərgin həyatını yaşamağa məhkum qoyulan kəlbəcərlilərlə görüşlər keçirirəm. Məni insanlar çox isti qarşılayır. Məcburi köçkün rayonlarından deputatlığa namizəd olmağın əlavə çətinlikləri var. Kəlbəcərli seçicilər ölkənin 60 rayonunda, 88 kəndində məskunlaşıblar. Təsəvvür edin ki, cəmi 65 min əhalisi, 42 min seçicisi olan bir rayondan deputatlığa namizədin seçicilərlə görüşü üçün cəmi iki yer ayrılıb. Həmin yerlər də Gəncədədir. Qalan 59 rayon və 88 kənddə məskunlaşan kəlbəcərlilərlə görüşlər keçirmək üçün faktiki olaraq yer ayrılmayıb. Müvafiq qurumlar təlimat qəbul ediblər ki, məcburi köçkün rayonlarından olan namizədlər seçicilərlə görüşlər keçirilməsinə yer ayrılması üçün görüş keçirmək istədiyi rayonların icra hakimiyyətinə müraciət eləməlidir. Deməli, mən 59 rayonun icra hakimiyyətlərinə müraciət etməliyəm. Bu isə əlavə vaxt itkisidir. Buna baxmayaraq, artıq demək olar ki, Qəbələdən başqa kəlbəcərlilərin məskunlaşdığı bütün rayonları əhatə edə, görüşlər keçirə bilmişik. Qəbələdə də bugünlərdə keçirəcəyik. 

 

- Görüşlər zamanı nə müşahidə etdiniz?

 

- Bu seçki kampaniyasında Kəlbəcər əhalisinin çox ağır vəziyyətdə olduğunu daha dərindən öyrənə bildim. Camaatın acınacaqlı durumu qəlbimi parça-parça edir. Şamaxının Çuxuryurd kəndində məskunlaşan Kəlbəcər köçkünlərinin yaşadığı evi ev adlandırmaq mümkün deyil, yağış başlarından tökür. İnsan yaşayışı üçün zərrə qədər tələblərə cavab verməyən yataqxanalarda, yardımçı təsərrüfat binalarında, transformator ambarında həyatları çürüyən kəlbəcərlilər var. Bərdədə, Tərtərdə camaatın əlində olan torpaqları onlardan su qiymətinə almaq istəyiblər. Camaat satmaq istəməyəndə ərazinin suyunu, qazını, işığını kəsiblər ki, bezib ərazidən getsinlər. Deputat seçilməkdə məqsədim acınacaqlı həyata məhkum edilmiş kəlbəcərlilərin bu və digər problemlərini ciddi şəkildə qaldırmaqdır. 

 

- İsgəndər bəy, indiyədək xeyli namizəd seçki mühitinin normal olmadığını əsas gətirib namizədliyini geri götürüb. Sizin belə bir fikriniz yoxdur?

 

- Şayiə buraxdılar ki, guya kimsə mənə pul verib və mən seçkidən yarımçıq çəkilmişəm, seçkidən sonra kimlərisə təbrik edəcəyəm və sair. Mən özümü və seçicilərimi təbrik edə bilərəm. Çünki seçilən mən olacağam. Məzahir Pənahovun qutusundan kim çıxacaq, onu bilmirəm. Amma camaatın seçdiyi şəxs mən olacağam. Buna əminəm. 

- 123 saylı Kəlbəcər seçki dairəsi hakimiyyət üçün önəmli dairələrdən biridir. Bu amil sizi narahat edirmi? İndiyədək hansısa müdaxilələrlə qarşılaşmısınız?

 

“Dilqəm və Şahbaz məsələsini tamamilə kənara qoymaq, unutmaq, xalqa unutdurmaq göstərişi verilib”

 

- Öncə deyim ki, bəzi şəxslər və dairələr çalışdılar ki, Kəlbəcər seçki dairəsində seçkini İsgəndər Həmidov-Cavid Qurbanov qarşıdurmasına çevirsinlər. Mən qətiyyən bunun tərəfdarı deyiləm. Yaxşı haldır ki, seçkidə hakimiyyətdən olan opponentim Cavid Qurbanov da buna getmədi. Bizim dairədən 10 nəfərin namizədliyi qeydə alınmışdı. Bir neçəsi artıq namizədliyini geri götürüb. Heç kim bir-biri ilə qarşıdurmaya getməyib və getmir. Normal seçki mübarizəsi aparırıq. Kəlbəcərlilərin bir əxlaqı var və o əxlaq imkan vermir ki, biz seçkini qarşıdurmaya, düşmənçiliyə çevirək və bir-birimizin arxasınca danışaq. Seçkidə bir-birinin rəqibi olmağı adi hal sayırıq. Cavid Qurbanov tərəfindən mənim seçki kampaniyama heç bir problem yaradılmayıb, heç bir maneə yoxdur. Hətta Cavid Qurbanovun seçicilərlə görüşündə kimsə yarınmaq fikrinə düşüb mənim arxamca danışmaq istəyib, Cavid Qurbanov deyib ki, belə lazım deyil, biz bura özümüzü təbliğ eləməyə gəlmişik. Bilirsiniz ki, Cavid Qurbanov tanınan bir nəslin nümayəndəsidir, Aşıq Şəmşirin nəvəsi, Qənbər müəllimin oğludur. Yəni hamımız bir-birimizi yaxşı tanıyırıq. Odur ki, nəzərə alırıq ki, seçki kampaniyası gəlib keçəndir, amma həmyerlilik, el-oba məsələsi daim qalır. Maddi resurslara gəldikdə isə təbii ki, mənim maddi imkanlarımın olmaması seçki kampaniyamda problemdir. Halal olsun doğma kəlbəcərlilərimə ki, bizə münasibətlərində maddi imkan məsələsini önə çıxarmırlar. 

 

- Oktyabrın 27-də həmyerliləriniz Dilqəm Əsgərovla Şahbaz Quliyevin üzərində separatçı Dağlıq Qarabağ rejiminin qondarma məhkəmə qurmasından bir il ötür. Düz bir il öncə Dilqəm və Şahbaza qarşı bütün dünyanın gözü qarşısında qondarma məhkəmə quruldu və onlara çox ağıq cəza kəsildi. Azərbaycan dövlət və cəmiyyət olaraq Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad olunması, ən azından “məhkəmə prosesi”nin pozulması üçün gərəkən bütün addımları ata bildimi?

 

- Dəfələrlə bəyan etmişəm ki, Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad olunmasının yolu bir neçə iri çəkili ermənini ələ keçirib onlarla dəyişməkdir. Hətta bunun üçün dövlət mənə sanksiya verərsə, erməni ələ keçirib gətirmək məsələsini həll etməyə hazır olduğumu da bəyan etmişəm. Təəssüf ki, Azərbaycan hakimiyyəti Dilqəmlə Şahbazı azad etmək məsələsində gərəkənlərin hamısını etmədi. Artıq onların barəsində mediada da demək olar ki, heç nə yazılmır, heç bir iş aparılmır. Sanki hansısa qaranlıq əlin işarəsi ilə Dilqəm və Şahbaz məsələsini tamamilə kənara qoymaq, unutmaq, xalqa unutdurmaq göstərişi verilib. Azərbaycan dövləti hər iki qəhrəman soydaşımızın azadlığına nail ola bilərdi. Sadəcə, bu iş üçün lazım olan addımlar atılmalı idi. Biz Dilqəmə və Şahbaza minnətdar olmalıyıq ki, onlar hər cür işgəncəyə rəğmən Azərbaycan dövlətinin əleyhinə bir cümlə belə ifadə vermədilər. Onlara separatçı “Dağlıq Qarabağ  Respublikası”nın rəhbərliyinə əfv üçün müraciət yazmaları da təklif edildi. Ancaq hər ikisi Azərbaycanın maraqlarını öz həyatlarından üstün tutdular və “Dağlıq Qarabağ” adında respublika olmadığını bəyan etdilər. Bu, hər kişinin bacara biləcəyi iş deyildi, ancaq qəhrəman qardaşlarımız bunu bacardılar. Dilqəmlə Şahbazın dözümü, iradəsi, vətənə sadiqliyi, qorxmazlığı tarixdə az-az təkrarlanan fenomendir. Bunu bir örnək kimi gənclərə, yeniyetmələrə məktəblərdə təbliğ, tədris etmək lazımdır. Hər kəs onlarla fəxr etməlidir. Mən Dilqəm və Şahbaz kimi kişilərlə həmyerli, soydaş, əmioğlu olmağımla fəxr edirəm.    

     

- İsgəndər bəy, Milli Təhlükəsizlik Nazirliyi, sabiq nazir Eldar Mahmudovla bağlı baş verənləri, hər halda, izləyirsiniz. Eldar Mahmudovun vaxtilə “OBXSS” işlədiyi və milli təhlükəsizlik naziri olandan sonra həmin sistemi bu vacib struktura tətbiq etdiyi bir sıra insanlar tərəfindən bildirilir. Qeyd olunur ki, belə bir şəxs MTN kimi vacib struktura rəhbər qoyulmamalı idi. Siz də SSRİ dövründə “OBXSS” işləmisiniz. Bu iddialara münasibətiniz necədir? Eldar Mahmudovla şəxsən tanışlığınız olub?

 

- Milli Təhlükəsizlik Nazirliyinin bir çox adamlarının iş adamlarını taladığı, reketçiliklə məşğul olduğu, ölkədə biznesi çökdürdüyü barədə şəxsən mən hələ 4-5 il öncə mediaya müsahibələrimdə fikirlər bildirmişdim. Hətta bir dəfə bəyan etmişdim ki, Milli Təhlükəsizlik Nazirliyini elə vəziyyətə gətiriblər ki, dönüb olub Millətə Təhlükə Nazirliyi. Bunları mən boşuna demirdim. Biz də sistem işçisi olmuşuq, az-çox təcrübəmiz və məlumatlarımız var. Təəssüf ki, dəfələrlə edilən xəbərdarlıqlara vaxtında məhəl qoyulmadı. İndi görünür, Eldar Mahmudov hardasa siyasi hakimiyyətin birbaşa marağına zidd hərəkətə yol verib, ona görə də cəzalandırıldı. Bu addım illər öncə atılmalı idi. Gözləmək lazım deyildi ki, 11 il keçsin. O ki qaldı Eldar Mahmudovun “OBXSS”, keçmiş polis zabiti olması məsələsinə və məlum işləmək mexanizminə onun keçmişinin təsir göstərməsi barədə iddialara, əvvəla, DİN orqanlarında çox peşəkar, qanunlara hörmət edən insanlar işləyir və kiminsə korrupsioner olmasında, qanunları ayaqlar altına atmasında keçmişdə polis olması rol oynamır. İkincisi, “OBXSS” deyilən orqan SSRİ dönəmində idi və sənədlərlə işləyirdi, reketliklə məşğul deyildi. Eldar Mahmudov “OBXSS”-də işləməyib. Eldar Mahmudov DİN-də əvvəl İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə, sonra isə Narkobiznesə Qarşı Mübarizə İdarəsində işləyib. Şəxsən tanışlığa gəlincə, onunla tanışlığım olmayıb. 

 

- Onun bu posta təyinatına münasibətiniz necə olub?

 

- Eldar Mahmudov nazir təyin olunandan sonra da bildirmişdim ki, MTN strukturu ilə DİN strukturu ayrı-ayrı şeylərdir. MTN dövlətin bel sütunudur. Əgər dövlətin bel sütunu bu qədər çirkab işlərə bulaşırsa, dövlət hələ ayaq üstə qala bilibsə, böyük işdir. Hesab edirəm ki, həbslər daha yuxarılara doğru aparılmalıdır. Lakin artıq belə sezilir ki, yenə də həmişəki əsas fiqurlar qıraqda qalır, orta və aşağı ranqlı fiqurlar həbsə atılır. Azərbaycanı iqtisadi, siyasi fəlakətlərdən xilas etmək üçün ilk növbədə ölkədə inhisarçılıq, gömrükdə rüşvətxorluq aradan qaldırılmalıdır. Bunlar edilmədiyi halda gündə 50 dənə fərman olsa da müsbət dəyişiklik mümkün olmayacaq. Soyğunçuluq gömrük, vergi orqanlarında və digər strukturlarda da dəhşətli həddədir. Adını çəkdiyim orqanların da rəhbərliyi vəzifədən uzaqlaşdırılmalıdır, məhkəmə qarşısına çıxarılmalıdır. Onlar MTN-çilərdən də pis hala düşməlidirlər. Bunlar olmayacaqsa, təkcə MTN-lə bağlı tədbirlərlə problemləri həll etmək mümkün deyil. 

 

- Yayılan məlumatlara görə, dediyiniz o cəzalandırma dalğası artıq Vergilər Nazirliyi strukturuna və digər qurumlara da çatıb. Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi, general-mayor Vidadi Məmmədovun vəzifəsindən azad edildiyi və saxlanılaraq “MTN işi”nin istintaqına cəlb edildiyi məlumatı yayılıb. Vidadi Məmmədovun sizinlə qohum olduğu haqda məlumatlar da var.Bu, düzdürmü?

 

- Bəli. Dediyiniz general Vidadi Məmmədovla qohumluğumuz var. Vidadi Məmmədov mənim əmim qızının həyat yoldaşıdır. Lakin düz 22 ildir mənə salam vermirdi. Oğlu da MTN-də işləyir. Vidadi Məmmədov əslən Göyçə mahalındandır. Kim qanunları pozubsa, cinayət edibsə, istər mənim qohumum olsun, istər hansısa nazirin qohumu olsun, fərq etməz, mütləq cəzasını almalıdır. Vəzifəli adamların qohumları cinayət edirsə, onlara cəza bir az da sərt olmalıdır. 


16:09 28.10.2015