KANAL24.AZ
Az Iw En Ru

Müstəqillik Günümüz Neapolda anıldı

Neapol Bakı Assosiasiyasının təşəbbüsü ilə Neapolda Azərbaycanın müstəqillik günü qeyd olunub. 

“Qafqazinfo” xəbər verir ki, Assosiasiyanın prezidenti Cuzeppe Caniqlia və vitse-prezident Emilio Saponaro qonaqları salamlayaraq, Azərbaycan haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb və onlara Odlar Yurdu haqqında filmi təqdim ediblər. Assosiasiyanın vitse-prezidenti Elnur Camalxanov italyan dilinə tərcümə olunmuş müstəqillik günü ilə bağlı filmi nümayış etdirib. Filmdə həmçinin 90-cı illərin çətin və əzablı günlərindən, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi və qanımız bahasına qazanılan müstəqilliyimizin beşikdəcə boğulmasının qarşını almasından bəhs olunub. Qonaqlara Azərbaycanın stabil və dinamik inkişafından danışan Elnur Camalxanov bildirib ki, hazırda ölkədə əlverişli biznes mühiti də yaradılıb. Daha sonra vitse-prezident belə tədbirlərin Bakıda və Neapolda mərhələli şəkildə keçiriləcəyini də diqqətə çatdıraraq, üzərində Ümummilli liderin şəkli olan qiymətli xalçanı Neapol Merinə təqdim edilməsi üçün meriyanın nümayəndəsi Moniya Alibertiye verib.

Çıxış edən Azərbaycanın İtaliyadakı səfirinin ikinci katibi Zaur Qədiməliyev qonaqları ölkəmizin oradakı səlahiyyətli səfiri adından salamlayıb və Azərbaycanın müstəqilliyi barədə məlumat verib. Mərasimdə həmçinin tarixi hələ sovet dönəminə söykənən Bakı-Neapol dostluğunun təşkilatçılardan biri olan Luici Marino öz təəssüratlarını bölüşüb.

Diqqətə çatdırıb ki, o, 1975-ci ildə Bakıda keçirilən İtaliya Mədəniyyəti günləri tədbirində iştirak edib və burada rastlaşdığı mühitə sözün əsl mənasında heyran qalıb. İfası ilə dünyaya səs salan Müslüm Moqamayevin səsinin indiyə qədər qulaqlarından getmədiyini deyən təşkilatçı, ona tərcümə olunan Nəbi Xəzri şerlərinə də vurğunluğunu bildirib. Luici Marino elə həmin ərəfədə İtaliyada keçirilən Azərbaycan mədəniyyəti günlərində rəssam Tahir Salahovun əsərlərinin italiyalıların heyrətinə səbəb olduğunu da deyib. Tədbirin sonunda üzərində Qarabağın adı, milli musiqi alətlərimizin əksi olan hədiyyələr təqdim olunub və Bakı Neapol qardaşlaşması haqqında film nümayiş etdirilib. Tədbir zamanı qonaqlarda da Azərbaycan barədə müsbət təəssüratlar yaranıb. Bununla bərabər, İtaliya sahibkarları ölkəmizdə fəaliyyətə başlaması üçün maraqlı olduqlarını ifadə ediblər.

Müstəqillik Günümüz Neapolda anıldı
Müstəqillik Günümüz Neapolda anıldı
Müstəqillik Günümüz Neapolda anıldı
Müstəqillik Günümüz Neapolda anıldı
Müstəqillik Günümüz Neapolda anıldı

 


16:01 26.10.2015