KANAL24.AZ
Az Iw En Ru

Ötən həftənin mənzərəsi

Ötən həftənin mənzərəsi Azərbaycanda, eləcə də dünyada baş verən bir çox hadisələrlə yenə rəng çalarlarını dəyişdi.

Atəşkəs rejimi hər həftə olduğu kimi ötən həftə də pozuldu. Həftəboyu düşmən Azərbaycan Silahlı Qüvvələrinin atəş zərbələri ilə susduruldu.

Həftə Azərbaycan üçün 1246 nəfərin deputatlığa namizədliyinin qeydə alınması ilə başlasa da, həftəiçi MSK sədri Məzahir Pənahov deputatlığa namizədliyi qeydə alınmış şəxslərin bir hissəsinin namizədliyini geri götürdüyünü, nəticədə 1000-ə yaxın deputatlığa namizədin seçki təşviqatını davam etdirdiyini bəyan etdi.

Ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi.

Yola saldığımız həftə Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana işgüzar səfəri və Azərbaycanın beynəlxalq terrorizmlə mübarizə üçün bundan sonra da bütün səylərini əsirgəməyəcəyi ilə bağlı səsləndirdiyi bəyanatla da yadda qaldı.

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətva ilə oktyabrın 15-də Azərbaycanda Məhərrəm ayı başladı.

Şəki şəhərindən 30 km cənub-şərqdə Oğuz rayonu ərazisində, 15 km dərinlikdə 4 maqnituda gücündə baş verən zəlzələ də xoşbəxtlikdən ötən həftənin mənzərəsini dəyişmədi.

Ötən həftə də bal yarmarkası paytaxtda öz işini davam etdirdi ki, şirin rəng çalarları Azərbaycan mənzərəsindən əskik olmadı.

Azərbaycanda ötən həftənin iqtisadi mənzərəsində dollar və avronun məzənnəsi yenə xəfif “rəqs etdi”. Bu mənzərədə qara rəngi təcəssüm etdirən “qara qızılın” qiyməti də dəyişkən oldu. “Pirallahı adası-quru” və “Pirallahı-dəniz” yataqlarında 2 yeni quyuda qazma işlərinin başlanması isə yeni xoş mənzərələrin müjdəçisi oldu.

İdman mənzərəsində də ötən həftə gözoxşayan rənglər müşahidə etdik. Belə ki, Qətərin paytaxtı Dohada təşkil olunan boks üzrə dünya çempionatında qazanılan medallar göz qamaşdırdı. Güləşçilərimiz də Qroznıdan əliboş qayıtmadılar. Təəssüf ki, futbol üzrə millimiz "Avro-2016"nın seçmə mərhələsində Bolqarıstan yığmasına məğlub oldu.

Azərbaycanın səmasında rənglər tutuldu-açıldı, artıq sarı-qızılı rəng tonları ötən həftənin mənzərəsini dəyişməyə başladı. Yağış ötən həftənin mənzərəsini əməlli-başlı islatdı.

Ötən həftəni Azərbaycan bayramla yola saldı. Belə k, oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi Gününü qeyd etdi.

Ötən həftə dünyanın mənzərəsi də dəyişkən rəngli oldu. ABŞ və müttəfiqləri ötən həftə də İraq və Suriyada İŞİD qruplaşmalarının mövqelərinə zərbələr endirməkdə davam etdilər.

İlk dəfə ötən həftənin mənzərəsində İranın yeraltı raket bazalarından birinin video görüntüləri yer aldı.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu bəyan etdi ki, Silahlı Qüvvələr ölkənin hava məkanını pozan təyyarələri vuracaq.

Belarusun hazırki Prezidenti Aleksandr Lukaşenko seçicilərin 83,49% səsini yığaraq yenidən respublikanın başçısı seçildi.

Beləcə ötən həftəni yola saldıq...


16:13 19.10.2015