KANAL24.AZ
Az Iw En Ru

"Zirə"nin baş məşqçisi uğurun sirrini açdı

“Zirə” futbol klubunun baş məşqçisi Adil Şükürov Trend-ə müsahibəsində“Topaz” Premyer Liqasının startında komandanın uğurlu çıxışının sirrini açıb. “Zirə” yeddi turun nəticəsinə görə, “Qarabağ” və “Qəbələ”dən sonra üçüncü yerdə qərarlaşıb. Üstəlik komanda heç bir oyunu uduzmayıb və qapısından hamıdan az top buraxıb – 2 top (7 top vurub). Komandanın aktivində 4 qələbə və 3 heç-heçə var. Maraqlıdır ki, 2014-cü ildə yaradılmış komanda I liqada uğurlu çıxışı nəticəsində bu il Azərbaycan çempionatının yüksək divizionunda debüt edib. “Zirə”nin 38 yaşlı baş məşqçisi A.Şükürov buna qədər 2008-2014-cü illərdə yalnız Azərbaycanın yeniyetmə komandlarını və “Bakı” klubunu çalışdırıb.

- Bir çoxları “Zirə”dən belə start gözləmirdi. Uğurlu çıxışın sirri nədir?

- Uğur klub rəhbərliyinin məqsədyönlü və yüksək peşəkar fəaliyyətinin nəticəsidir. Qeyd etmək lazımdır ki, güclü kollektivin yaradılması üçün sağlam düşüncəli, vəziyyəti real qiymətləndirən, vicdanlı və məsuliyyətli şəxslər lazımdır. Kollektivdə hər kəs ambisiyalı olmalı, qarşıya qoyulan məqsədlərə nail olmalıdır. Komandada yaxşı məşqçi komandası toplaşıb, biz daim məsləhətləşirik, bir-birimizi dəstəkləyirik. Bizim ulduz da olmasalar da, yaxşı futbolçularımız var. Çalışmışıq ki, təcrübəli və gənc futbolçuların, eləcə də legionerlərin sintezini yaradaq.

- Hər bir məşqçinin özünün iş prinsipi, futbolçulara yanaşma psixologiyası var. Sizin futbolçularla münasibətləriniz necə qurulub?

- Çalışıram futbolçularla dostluq münasibətləri yaradım, insanlara etibar edim. Bununla belə, məşqçi heyəti ilə futbolçular arasında sərhədi yaddan çıxarmıram.

- Komadanız bu mövsüm hamıdan az top buraxıb və çox da qol vurmayıb. Sizin üçün əsas olan nədir – gözəl oyun, yaxud nəticə?

- Hücum edərkən müdafiəni unutmuruq , müdafiə olunarkən isə hücuma can atırıq. Hər bir oyundan qabaq rəqibin zəif və güclü tərəflərini öyrənirik və meydanda oyunumuzu buna görə qururuq. Eyni zamanda öz oyun üslubumuza da riayət edirik.

- Böyük məşqçilik karyerasına yenicə başlayırsınız. Bu yolu necə görürsünüz?

- Həmişə “Mançester Yunayted”in oyunu xoşuma gəlib və kumirim Aleks Feryusondur. Məşqçinin komandada rolu böyükdür, ən əsası o, nəticəyə cavabdehdir. Məşqçinin işində nüanslar çoxdur, lakin o, elə etməlidir ki, oyunçular yaxşı oynasın və komanda qalib gəlsin. Məşqçi bütün biliklərini sərəncamında olan futbolçuların köməkliyilə həyata keçirən insandır. Hər bir məşq ümumi ideyaya əsaslanmalıdır. Məşqçinin əsas işi meydandan kənardadır. O, məşq proqramları və taktiki tapşırıqların hazırlanmasına, rəqiblərin və öz komandasının matçlarına baxmağa xeyli vaxt sərf edir. Məşqçi əla psixoloq olmalıdır, çünki bütün işi insanlarla bağlıdır.

- Qarşıdakı iki turda sizi çempionatın liderləri olan “Qarabağ” və Qəbələ” ilə ağır oyunlar gözləyir. Sizin proqnozunuz necədir?

- Bu oyunlar oyunçularımız üçün ciddi sınaq olacaq, özlərini göstərməyə və zəruri təcrübə qazanmağa kömək edəcək. Necə deyərlər, qoy, ən güclü qalib gəlsin...


18:24 17.10.2015