KANAL24.AZ
Az Iw En Ru

Güləşçilərimiz Kiyevdə beynəlxalq turnirdə qüvvəsini sınayır

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir keçirilir.

turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edir. 37 komandanın iştirak etdiyi turnirin ilk yarış günündə 18 güləşçimiz xalça üzərinə çıxıb. Güləşçilərimiz ilk yarış gününü 5 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Yunan-Roma güləşi üzrə 55 kq-da Eldəniz Əzizli, 63 kq-da Taleh Məmmədov və 82 kq-da Rafiq Hüseynov bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalını qazanıb. 82 və 97 kq-da mübarizə aparan Elvin Mürsəliyev və Orxan Nuriyev turnirin bürünc medalını qazanıb. Elvin Mürsəliyev həlledici görüşdə Ermənistan təmsilçisini, Orxan Nuriyev isə Belarus idmançısını məğlub edib. Sərbəst güləş üzrə 97 kq-da Nurməhəmməd Hacıyev və 57 kq çəki dərəcəsində mübarizə aparan Georgi Edişeraşvili final, Əfqan Xaşalov (57 kq) isə bürünc medal görüşlərini qələbə ilə başa vurub. 65 kq çəki dərəcəsində finala qədər bütün rəqiblərini üstələyən Hacı Əliyev həlledici görüşdə uduzub və turnirin gümüş medalına sahib olub. Qadın güləşi üzrə 65 kq-da mübarizə aparan İrina Netreba finala qədər bütün rəqiblərini üstələsə də, həlledici görüşdə Finlandiya təmsilçisi Petra Olliyə uduzaraq turnirin gümüş medalına yiyələnib. 50 kq çəkidə Türkan Nəsirova isə bürünc medal uğrunda görüşdə zədələndiyindən mübarizəni davam etdirə bilməyib və görüşü məğlub başa vurub.


01:51 26.02.2018