KANAL24.AZ
Az Iw En Ru

"Heç kim unudulmur, heç nə yaddan çıxmır" adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib (FOTO)

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Heç kim unudulmur, heç nə yaddan çıxmır” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib.

Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaət, igidlik və rəşadət nümunələri göstərmiş Azərbaycanın Milli Qəhrəmanları və onların valideynləri, Qarabağ Vətən müharibəsi veteranları, Azərbaycan Xüsusi Xidmət Veteranları, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə və “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” İctimai birliklərinin rəhbərləri və üzvləri, Daxili İşlər, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin akademiyalarının və xüsusi təyinatlı ali təhsil müəssisələrinin zabit və kursantları, əsgərləri, həmçinin Azərbaycan Gənclər Təşkilatları Milli Şurasına daxil olan gənclər təşkilatlarının təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının fakültə rəisi polkovnik, professor Cəlal Qasımov çıxış edərək DTX-nin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyevin adından tədbir iştirakçılarını salamlayıb.

O, bu tədbirin bir neçə gündən sonra bütün xalqımız tərəfindən anılacaq Xocalı soyqırımının 26-cı ildönümünə təsadüf etdiyini, belə görüşlərin gənc nəslin maarifləndirilməsi və dövlətçilik amallarına sədaqət ruhunda tərbiyələndirilməsində əhəmiyyətini qeyd edib.

Tədbirdə çıxışçılar tərəfindən xüsusi qeyd olunub ki, möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin son dərəcə inamlı və cəsarətli daxili və xarici siyasəti sayəsində müstəqil Azərbaycanda ictimai-siyasi sabitlik dönməz xarakter alıb. Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə dinamik sürətdə inkişaf edir, xalq-iqtidar həmrəyliyi gündən-günə möhkəmlənir, Vətənimizin siyasi-iqtisadi nüfuzu və mövqeyi dünyada ildən-ilə daha da güclənir.

Diqqətə çatdırılıb ki, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində respublikanın müdafiə qabiliyyəti durmadan yüksəlir və bu gün Silahlı Qüvvələrin hərbi-texniki potensialının gücləndirilməsi ilə Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü orduya çevrilib. Bu isə xalqımızda işğal olunmuş ərazilərimizin tam azad ediləcəyinə inam hissini və əzmini daha da artırıb.

Tədbirdə çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov bildirib ki, 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra Azərbaycan torpaqlarına köçürülən ermənilər Azərbaycan xalqının adət ənənələrini, mətbəxini, mədəniyyətni özününküləşdirməyə başladı:

“Bu məqsədlə 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə iki dəfə xalqımıza qarşı soyqırım törədiblər, ərazilərimiz işğal olunub, etnik təmizləmə aparılıb. Bu işğal sovet hakimiyyəti dövründə də davam edib. 1988-ci ildə ermənilər Azərbaycana qarşı işğal siyasətini genişləndirməyə başladılar. Bundan sonra ərazilərimizin işğalına başlandı, 20 mindən çox vətəndaşımız qətlə yetirildi, 50 mindən artıq insan yaralandı və ya şikəst oldu, bir milyondan artıq qaçqın və məcburi köçkün ermənilərin etnik təmizləmə siyasətinin qurbanı oldu. Müharibədə ən ağır itki insan itkisidir. Hərbçi və ya mülki şəxs olmasından asılı olmayaraq, insan itkisi daha çox iz buraxır. Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 1 fevral 2018-ci il tarixinə olan məlumata görə, 3875 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Azərbaycanın qanunvericiliyinə görə münaqişə bölgəsində itkin düşmüş şəxs şəhid hesab olunur”.

İ.Axundov vurğulayıb ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu rəşadəti ilə özünü təsdiq etdi, “məğlubedilməz Ermənistan ordusu” mifini darmadağın etdi: “Aprel döyüşlərində şəhid olan hərbçilərin hər biri bizim üçün əzizdir. Bu döyüşlərə Azərbaycan Prezidenti yüksək qiymət verir. Biz Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizlə qürur duyuruq, onların xatirəsi daim bizim üçün əziz olaraq qalacaq”.

 
 

19:28 21.02.2018