KANAL24.AZ
Az Iw En Ru

Millimizə tanış hakim Belarusla oyunumuzu idarə edəcək

Martın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Belarus yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib. 

Qarşılaşmanın baş hakimi Andris Treymanis olacaq. 

Ona Harald Gudermanis və Aleksey Spasyonnikov kömək edəcəklər. Hər üç FIFA referisi latviyalıdır.

33 yaşlı latviyalı referi bizə tanış hakimdir. O cəmi 4 ay öncə də millimizin matçında fit çalıb. Treymanis DÇ-2018-in seçmə mərhələsinin Almaniya – Azərbaycan oyununu idarə edib. Ötən il oktyabrın 8-də keçirilən görüşdə Bundestim 5:1 hesabı ilə qələbə qazanıb. Görüşdə 1 sarı vərəqə göstərən Treymanis Riçard Almeydanı cəzalandırıb.

2011-ci ildən FİFA referisi olan Treymanısin təmsilçilərimizlə ilk qarşılaşması da həmin ilə təsadüf edib. Latviyalı 7 il öncə Bakıya gəlib. O, Avropa Liqasının 2011/12 mövsümünün AZAL – “Minsk” görüşündə fit çalıb. FİFA referisi 1:1 hesablı heç-heçə bitən matçda meydan sahiblərinə 1, qonaqlara 3 sarı vərəqə göstərib.

Həmin il U-17-nin Avropa çempionatının seçmə oyunlarında da baş hakim olan latviyalı yığmamızın Xorvatiyanı 2:1 hesabı ilə yenməsi və Ukrayna ilə qolsuz heç-heçəsinə də şahid olub. Futbolçularımız ilk görüşdə 2, sonrakı oyunda 1 xəbərdarlıq alıb.

2014-cü ildə U-21 millimiz İsraillə görüşüb. Seçmə oyunda yığmamız 3:0 hesablı qələbə qazanıb. Treymanıs futbolçularımıza 2 sarı vərəqə göstərib.

 


01:34 17.02.2018