KANAL24.AZ
Az Iw En Ru

"Xəzər-Lənkəran" liqaya qayıdır? - "20 dəqiqəyə hər şey HAZIR OLACAQ" - RƏSMİ AÇIQLAMA

2016-cı ildə Premyer Liqadakı fəaliyyətinə son qoyulan, cənubun fırtınalı klubu “Xəzər-Lənkəran”ın geri dönüşü barədə iddialar yayılıb.

mövzu ilə bağlı açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bunları dedi:

“Bu, çox həssas mövzudur ki, minlərlə insan bu arzu ilə yatıb-durur. Ona görə qeyri-dəqiq xəbərlərlə minlərlə insanın hissi ilə oynamaq olmaz. Müzakirələr gedir. Ancaq “Xəzər-Lənkəran”ın gələn mövsümdən liqaya qayıdacağı ilə bağlı konkret qərar yoxdur.

Hazırda akademiyamız fəaliyyət göstərir. Stadion yerində, baza yerində. İşlər qaydasında gedir. Bircə çatışmayan “Xəzər-Lənkəran”ın əsas komandasıdır. Buna da qərarı Mübariz Mənsimov verəcək. Komandanın liqaya geri qayıtması üçün infrastruktur baxımından tələb olunan hər şey hazırdır. Bu gün əmr verilsin ki, “Xəzər-Lənkəran” liqaya geri dönür, biz 20 dəqiqəyə hazır olacağıq. Yəni, durum bu səviyyədədir”.

H.Cəbrayıloğlu stadiouna məxsus ərazidə fəaliyyət göstərən mağazaların bağlanma səbəblərinə də aydınlıq gətirdi:

“Əsas komanda olmadığı üçün təbii olaraq mağazaların iş qabiliyyəti aşağı düşüb. Hər ay 3-4 oyun keçirirdik. 15 000 azarkeş qəbul edirdik. Karnaval kimi matç olurdu. Ona görə də mağazalarda satış yaxşı olurdu. İndi komanda yoxdur. Stadionla üzbəüz hərbi hissə var idi. O da fəaliyyətini dayandırıb. Belə olduğu halda mağazaların bir qismi bağlandı”.

Qeyd edək ki, “Xəzər-Lənkəran” klubu 2004-ci ildə fəaliyyətə başlayıb. Klub Lənkəran şəhərini təmsil etsə də, futbol aləmində bütün cənub zonasının təmsilçisi kimi daha çox məşhurluq qazanıb. “Gəmiçilər”in "Neftçi" ilə qarşılaşmaları bütün ölkədə maraqla izlənib və bu matçlar "Böyük oyun" adlandırılıb.

Xəzər Lənkəran 1 dəfə Azərbaycan çempionu, 3 dəfə Azərbaycan kubokunun sahibi, 1 dəfə isə Birlik Kubokunun qalibi olub. “Dəniz Piyadaları” ev oyunlarını 15 000 azarkeş tutumuna malik olan Lənkəran şəhər stadionunda keçirib. Stadion klubun pərəstişkarları arasında "Fırtınalar meydanı" kimi məşhurdur.


00:30 17.02.2018