KANAL24.AZ
Az Iw En Ru

Altı şəhərdə simulyatorlarla çempionat keçiriləcək

Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə “Sənin sürət formulan” regionlarda avtoidman üzrə maarifləndirmə ayı ilə əlaqədar mətbuat konfransı keçirilib.

Bakı Kristal Zalında baş tutan tədbirdə BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və AAF-ın mobillik üzrə koordinatoru Zafiq Xəlilov iştirak edib.

Konfransda çıxış edən Nigar Arpadarai sözügedən layihənin təşəbbüskarları barədə danışıb:

“Bu layihənin təşəbbüsü Bakı Şəhər Halqası tərəfindən olub. Qarşı tərəf də bunu müsbət qarşılayıb”. 

AAF-ın nümayəndəsi Zafiq Xəlilov isə bildirib ki, layihə çərçivəsində məktəblilərə yol hərəkətinin təhlükəsizliyinə dair seminarlar keçiriləcək.

Fevralın 19-dan martın 10-dək davam edəcək layihə çərçivəsində keçiriləcək çempionat və seminarlarda Lənkəran, Şirvan, Füzuli, Mingəçevir, Qax və Qubada olan yuxarı sinif şagirdləri iştirak edəcəklər. Növbəti illərdə bu layihə başqa şəhərlərdə keçirilə bilər.

Çempionatın ilk mərhələsində hər regiondan bir qalib seçiləcək və həmin qaliblər Bakıda Novruz bayramı ərəfəsində baş tutacaq final mərhələsində mübarizə aparacaqlar. Yarışın sonunda qaliblə yanaşı, final mərhələsinin digər iştirakçılarına da sertifikat və dəyərli hədiyyələr təqdim olunacaq.

Mətbuat konfransından sonra yuxarı sinif şagirdlərinin istifadə edəcəyi simulyatorlar KİV nümayəndələrinə nümayiş etdirilib.

 


23:27 16.02.2018
Xəbər lenti
Bütün xəbərlər