KANAL24.AZ
Az Iw En Ru

Tarixçi alim Moskvada Şamxor faciələrinin 100 illiyi mövzusunda elmi seminarda Azərbaycan həqiqətlərini müdafiə edib

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda Vadim Muxanovun “Qafqaz inqilab dövründə. 1917-ci il - 1918-ci ilin birinci yarısı Zaqafqaziya tarixinə dair” kitabı əsasında “1918-ci il Şamxor faciələri. İlkin şərtləri, gedişi və nəticələri” mövzusunda elmi seminar keçirilib.

Seminarda institutun əməkdaşları ilə yanaşı, Moskvanın digər elmi dairələrinin nümayəndələri, həmçinin Rusiya paytaxtında yaşayan azərbaycanlı tarixçi alimlər iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi seminarda V.Muxanovun əsas elmi opponenti kimi çıxış edib. Belə ki, 1917-1920-ci illər Cənubi Qafqazda baş verən hadisələrə dair yazdığı əsərlərində Azərbaycana və azərbaycanlılara qarşı qərəzli münasibəti ilə tanınan bu moskvalı alim öz yeni kitabında və seminardakı çıxışında da 1918-ci ilin əvvəllərində baş vermiş Şamxor hadisələrini məlum tarixi faktları təhrif etməklə və saxtalaşdırmaqla minlərlə insanın ölümünə səbəb olmuş bu faciədə Gürcüstanın və Azərbaycanın siyasi xadimlərini, xüsusilə də yerli əhalisini günahlandırıb.

1917-ci ilin sonlarında Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi və Rusiyanın Birinci Dünya müharibəsindən çıxması nəticəsində Qafqaz cəbhəsinin dağılması, on minlərlə silahlı əsgərin əmrə tabe olmaqdan boyun qaçırması bölgədə görünməmiş xaos və özbaşınalıq mühiti yaratmışdı. Bu şəraitində Qafqaz Cəbhəsi komandanlığı və yerli hakimiyyət orqanları cəbhədən eşelonlarla evə qayıdan əsgərlərin tərksilah edilməsi, silahların bir qisminin yeni yaranmaqda olan Azərbaycan ordu hissələrinə verilməsi barədə qərar qəbul etmişdir. Lakin əsasən rus və erməni əsgərlərindən ibarət olan eşelonların silahları verməkdən boyun qaçırması Şamxor dəmir yol stansiyasında qanlı qarşıdurma ilə nəticələnmiş, hər iki tərəfdən mindən artıq insan həlak olmuşdur. Birinci Dünya müharibəsinin gedişində hərbi əməliyyatlardan biri sayılan bu hadisə öz zamanında müxtəlif fikirlər doğursa da, Stepan Şaumyanın erməni maraqlarından doğan, gürcü və müsəlman (Azərbaycan) milli qüvvələrinə ünvanlanan ittihamları sonradan Sovet tarixşünaslığında yer almışdır.

O hadisədən 100 il keçdiyi, Rusiya tarixçilərinin özlərinin də sovet dövrü tarixinə münasibətləri köklü surətdə dəyişdiyi halda moskvalı alimin sırf bolşevik-erməni mövqeyindən yazılmış əsərləri və çıxışı professor Solmaz Rüstəmova-Tohidi tərəfindən faktlar, sənədlər və elmi təhlil əsasında kəskin tənqid edilib. V.Muxanovun öz çıxışında “faciə” adlandırdığı Şamxor hadisələrinin qurbanlarından danışarkən yalnız rus və erməni əsgərlərindən bəhs etməsi, müharibə başlanan zamandan 4 il müddətində - qatarlarla cəbhəyə gedən və qayıdan rus hərbi hissələrinin Azərbaycan ərazisində törətdiyi özbaşınalıqlar və cinayətlərindən əzab çəkən minlərlə Azərbaycan kəndlisinin Şamxor hadisələrində iştirakını və həlak olmasını isə ən təhqiramiz şəkildə xatırlatmasını azərbaycanlı alim istər elmi, istərsə də etik baxımdan qəbuledilməz olduğunu bildirib.

Professor S.Rütəmova-Tohidi 40 dəqiqəlik çıxışında V.Muxanovun adı çəkilən əsərində erməni generalı Andraniki, erməni əsilli bolşevik Stepan Şaumyanı və digər erməni xadimlərini “rus xalqının dostu”, azərbaycanlıları isə “onları 4 il cəbhələrdə müdafiə etmiş rus əsgərlərinə arxadan güllə atan quldurlar” adlandırması və s. bu kimi ifadələri nümunə gətirərək müəllifin açıq-aydın erməni maraqlarından çıxış etdiyini vurğulayıb, belə əsərlərin rus və Azərbaycan xalqları arasında milli ədavəti qızışdırmaq kimi qiymələndirilə biləcəyini bütün seminar iştirakçılarınən nəzərinə çatdırıb.

Seminarda iştirak edən erməni nümayəndələri dəfələrlə azərbaycanlı alimin sözünü kəsmək, ayağa qalxaraq bəyanatlar vermək və digər təxribatlar törətmək cəhdlərinə baxmayaraq onların tədbiri pozmaq niyyəti baş tutmayıb.

Qeyd edək ki, azərbaycanlı jurnalistlər və tələbələrin həmin tədbirdə iştirakına icazə verilməyib.


22:16 04.02.2018