KANAL24.AZ
Az Iw En Ru

Qazaxıstandakı çovğun ölkəmizə necə təsir edəcək? – AÇIQLAMA

Qazaxıstanda qeyri-sabit hava şəraiti müşahidə edilir. Ölkədə çovğun baş verib. Qar yağıb, küləyin sürəti 30 ms qədər yüksəlib. Pis hava şəraiti ilə əlaqədar Astanada hava limanının fəaliyyəti dayanıb, məktəblərdə və ali təhsil ocaqlarında tədrisdə fasilələr yaranıb. Çovğunlu hava Qırğızıstana da keçib. Ölkədə fırtına təhlükəsi ilə bağlı xəbərdarlıq yayılıb.

Qazaxıstandakı baş vermiş çovğunun Azərbaycana keçməsinə dair sualını cavablandıran Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib ki, növbəti günlərdə ölkə ərazisində havanın temperaturu sabit olacaq:

“Sabah, yəni yanvarın 12-si ölkə ərazisində hava şəraitinin nisbətən sabit və gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Lakin ayın 13-də bəzi yerlərdə mülayim qərb küləyi arabir güclənəcək. Küləyin sürəti 15-18 ms, arabir 22-23 ms-yə qədər təşkil edəcək. Şimal rayonlarında yağıntılı hava şəraiti gözlənilir.

Güclü küləklə bağlı hər hansı informasiya olsa, öncədən xəbərdarlıq ediləcək”.

Qeyd edək ki, ETSN-nin yaydığı məlumata görə, Azərbaycanın rayonlarında yanvarın 12-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə  arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.


01:01 12.01.2018