KANAL24.AZ
Az Iw En Ru

Futbol üzrə Azərbaycan Premyer Liqası: XIII turun son oyunları keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun son 2 oyunu keçiriləcək.

Günün ilk görüşündə "Sumqayıt" və "Səbail" komandaları üz-üzə gələcək.

"Kapital Bank Arena"da təşkil olunacaq qarşılaşmanı FİFA referisi Rəhim Həsənov idarə edəcək. Bu, iki komanda arasında ikinci matç olacaq. İlk dövrənin oyununda "Sumqayıt" səfərdə 2:0 hesablı qələbə qazanıb. Hazırda Samir Abasovun baş məşqçi olduğu komanda 16 xalla 5-ci pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi xal qazana bilsə, yenidən 4-cü pilləyə qayıdacaq. 12 xalı olan "Səbail" isə qələbə əldə etsə belə, yenə 6-cı pillədə qalacaq. Bununla belə, Samir Əliyevin rəhbərlik etdiyi kollektivin "Sumqayıt"la xal fərqi minimuma enəcək.

Bu qarşılaşmanın ardından "Qarabağ" və "Zirə" komandaları qarşılaşacaq. Zirə İdman Kompleksinin stadionundakı görüş keçmiş FİFA referisi Fariz Yusifova tapşırılıb. İki kollektiv artıq 10-cu dəfə üz-üzə gələcək. Əvvəlki 9 oyunun 6-da Qurban Qurbanovun baş məşqçi olduğu komanda qələbə qazanıb. Daha 3 matçda, o cümlədən, son 2 görüşdə heç-heçə qeydə alınıb. Ağdam klubu ardıcıl 8 oyunda - daha dəqiqi 2015-ci il dekabrın 13-dən bəri "Zirə" klubuna qol vura bilməyib. Bugünkü qarşılaşmada "Zirə" qələbə qazana bilsə, bu, yubiley matçında ilk qalibiyyət kimi tarixə düşəcək.

Hazırda "Qarabağ" 11 görüşdən 28 xalla 1-ci, "Zirə" 12 matçdan 27 xalla 3-cü pillədə qərarlaşıb. Qələbə təqdirində, "Zirə" həm də liderliyi ələ keçirəcək. Hərçənd, Ağdam komandasının ehtiyatda bir oyunu var.

Azərbaycan Premyer Liqası, XIII tur

26 noyabr

16:00. “Sumqayıt” – “Səbail”

Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Vüsal Əliyev

“Kapital Bank Arena”

18:00. “Zirə” – “Qarabağ”

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Məlik Həsənov

Zirə İdman Kompleksinin stadionu  


21:40 26.11.2017
Xəbər lenti
Bütün xəbərlər