KANAL24.AZ
Az Iw En Ru

Taekvondoçumuz medalın bir addımlığında büdrədi

Çinin Usi şəhərində taekvondo üzrə "Böyük Dəbilqə" beynəlxalq açıq turnirinə start verilib. Yarışa 8 idmançı ilə qatılan Azərbaycan yığmasının 5 üzvü yarışın ilk günündə dayanq üzərinə çıxıb.

Olimpiya çəki dərəcələri üzrə baş tutacaq G1 kateqoriyalı turnirdə Ramin Əzizov (+80 kq) medalın bir addımlığında dayanıb. Belə ki, 1/8 finalda Jenyu Guonu 5:2, ardınca Dinghuanqı (hər ikisi Çin) 21:16 hesabı ilə məğlub edən təmsilçimiz yarımfinalda Yun Min Beaya (Cənubi Koreya) 4:13 hesabı ilə uduzub. Turnirdə bir bürünc medal verildiyindən bu mükafat 1/4 finalda digər taekvondoçumuz Payam Qobadi Oğaza 17:13 hesabı ilə qalib gələn xorvatiyalı Vedran Qoleçə qismət olub. Nəticədə Əzizov 4-cü, Oğaz 5-ci yeri tutub.

68 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Tağızadə startda Xu Vanqa (Çin) məğlub olub (3:15). Onunla eyni çəkidə dayanq üzərinə çıxan gənc taekvondoçu Əliəsgər Əliyev də ilk qarşılaşmasında Ruddi Mateo (Dominikan Respublikası) ilə bacarmayıb - 2:8. Bu idmançılardan fərqli, 68 kq-da yarışan Məhəmməd Məmmədov 1/4 finaladək irəliləyib. Lakin bu mərhələdə Deni Andrun Raziç (Xorvatiya) keçilməz olub (6:8). Yekunda Məmmədov 5-ci yerdə qərarlaşıb.

 

Qeyd edək ki, bu gün Qaşım Maqomedov, Əli Məmmədov (hər ikisi 58 kq) və Səid Quliyev (80 kq) gücünü yoxlayacaq. Turnirdə mükafatçılar sırasında yer alacaq taekvondoçular dekabrda keçiriləcək "Böyük Dəbilqə" seriya yarışlarına lisenziya əldə edəcəklər.


21:43 24.11.2017