KANAL24.AZ
Az Iw En Ru

“Heç bir normal insan bunun əleyhinə ola bilməz”

İşlə təminat məsələsində öncüllük şəhid ailələri, eyni zamanda, Qarabağ əlilləri və veteranlarına verilməlidir.

Bunu Milli Məclisin plenar iclasında 2018-ci il üzrə büdcə zərfinə daxil olan layihələrin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva deyib. Millət vəkili müvafiq qurumları şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin problemlərinin həllinə daha çox diqqət ayırmağa çağırırb:

“Qarabağ müharibəsi veteranlarının müavinətlərinin artırılması çox vacibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri, Qarabağ əlilləri və veteranlarının bu istiqamətdə problemlərinin həlli üçün xüsusi proqramın hazırlanmasına ehtiyac var. İşlə təminat məsələsində öncüllük şəhid ailələri, Qarabağ əlilləri və veteranlarına verilməlidir. Cəmiyyətdə heç bir normal insan bunun əleyhinə ola bilməz. Nazirliyi və hökuməti bu məsələyə xüsusi diqqət ayırmağa çağırırıq. Çünki iş bu ailələr üçün vacibdir”.

Q.Paşayeva şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış evlərinin tikintisi məsələsinə də toxunub:

“Artıq iki ildir ki, Tovuzda şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları üçün yaşayış evlərinin tikintisi tamam azalıb. Bu problemin sürətli həlli istiqamətində gələn ilin dövlət büdcəsində nəzərdə tutulan vəsait artırılmalıdır. İstər şəhərlərdə, istərsə də kəndlərdə yüzlərlə şəhid ailəsi və Qarabağ müharibəsi əlili ev növbəsindədir. Özəlliklə ağır vəziyyətdə yaşayan ailələrə daha çox diqqət yetirilməldiir. Cənab prezident də hər zaman çıxışlarında bildirir ki, bu ailələrə hər birimiz daha da çox qayğı göstərməliyik”.

Millət vəkili həmçinin şəhid ailələri və Qarabağ qazilərinə verilməli olan sığorta pulunun ödənilməsində yaranan problemlərdən də söz açıb:

“Bu ailələrin əksəriyyətinin həmin pula böyük ehtiyacı var. Bununla bağlı əlində məhkəmə qətnaməsi olan yüzlərlə insan var. Onlar millət vəkillərinə müraciət edərək bu məsələnin həllini tapması üçün kömək istəyirlər. İlk növbədə ən çox ehtiyacı olanlardan başlayaraq, bu vəsaitin həmin insanlara ödənilməsinə 2018-ci ildən başlanılması çox vacibdir”.


00:05 24.11.2017