KANAL24.AZ
Az Iw En Ru

"Qurban cavandı, bacarar"

Həmişə deyirəm ki, millidə yerli baş məşqçi olmalıdır. Yaxşı ki, uzun illərdən sonra yerli məşqçiyə şans verildi. Qurban müəllimi təbrik edirik. Məşqçilər Komitəsi tərəfindən nə kömək lazımdırsa, biz hazırıq.

Kanal24 xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

"Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun millimizə baş məşqçi təyin olunmasına münasibət bildirən təcrübəli mütəxəssis onun iki vəzifənin öhdəsindən gələ biləcəyini qeyd edib: "Yəqin ki, əsas baza "Qarabağ" olacaq. SSRİ dönəmində belə bir təcrübə olub. Bunun müsbət və mənfi cəhətləri var. Nəticənin necə olacağını zaman göstərəcək. Klubda iş çoxdur. Ancaq hər şey Qurbanovun özündən asılıdır. Maşallah, cavan oğlandır, gücü də var, bacarar. Yəqin ki, "Qarabağ"ın Çempionlar Liqasındakı oyunlarından sonra həm millidə, həm də "Qarabağ"ı çalışdıracağı haqda qərar verəcək".

Əməkdar məşqçi "Qurban Qurbanov "Qarabağ"dakı uğuru millidə də təkraralaya bilərmi" sualını belə cavablandırıb: "Hər şey işləməkdən və oyunçulardan asılıdır. Milli ilə klub arasında fərq böyükdür. Milli komandanın bütün futbolçularını diqqətdə saxlamaq lazımdır. Klub isə əlinin altındadır. Həm də kluba legionerləri də cəlb edə bilirsən. Ancaq gəlin, Qurbanovun işgüzarlığın da nəzərə alaq. O, işini yaxşı bilir".

 

Mircavadov Qurbanova da əcnəbi mütəxəssislər kimi yaxşı şəraitin yaradılmalı olduğunu əlavə edib: "Yerli məşqçiyə inanmaq lazımdır. Qurbanova da yaxşı şərait yaratmalıdırlar. Necə ki, bunu əcnəbi mütəxəssislər üçün edirlər".


20:38 03.11.2017