KANAL24.AZ
Az Iw En Ru

Özəl klinikadakı uşaq ölümü ilə bağlı şahidlər ifadə verib

Bu gün Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı Arzu Qurbanlının ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Ruqiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. 

Klinikada pediatr işləyən Aytən Əkbərova ifadəsində deyib ki, hadisə günü axşam saat 20:00 radələrində Arzu Qurbanlının vəziyyətinin pis olduğunu görüb: "Dərhal həmin palataya getdim. Gördüm ki, həkim növbətçi reanimotoloq reanimasion tədbirlərə başlayıb. Təxminən 30 dəqiqə çalışsaq da, uşağı xilas edə bilmədik".
 
O qeyd edib ki, uşağın anası Xəyalə Qurbanlı ilə heç bir danışığı olmayıb. Onun ifadələrində ziddiyyət olduğu üçün ibtidai istintaqa ifadəsi elan olunub. Şahid isə ibtidai istintaqa ifadəsini təkzib edib.

Digər şahid klinikanın tibb bacısı Bənövşə Yadigarova isə deyib ki, uşaq əməliyyat olunan gün növbədə olub və əməliyyatda iştirak edib. Onun sözlərinə görə, əməliyyat normal keçib: “Yarım saat əməliyyatda oldum və uşağın palataya köçürüldüyünü gördüm”.

B. Yadigarova da ibtidai istintaqa ifadəsini təkzib edərək, orda düzəliş olduğunu iddia edib.
 
Proses oktyabrın 25-də davam etdiriləcək.


01:37 19.10.2017