KANAL24.AZ
Az Iw En Ru

Qadın məhkumların sayı artıb: Səbəblər nədir?

Ölkədə cəzaçəkmə müəssisələrinə düşən qadın məhkumların sayı artıb.

Bu barədə Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevmediaya açıqlamasında bildirib. Ə.Nuriyevin sözlərinə görə, qadın məhkumların sayı 470 nəfəri keçib. Ancaq sevindirici haldır ki, cəzaçəkmə müəssisələrində yetkinlik yaşına çatmayan qızlar yoxdur. Qadın məhkumların hamısı 18 yaşdan yuxarıdır.

Ə.Nuriyevin sözlərinə görə, qadınlar əsasən, dələduzluq, oğurluq, narkotik maddələrin istifadəsi və dövriyyəsi, insan alveri, bəziləri isə adam öldürmə maddəsi ilə cəza çəkirlər.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, qadınlar ən çox dələduzluq səbəbi ilə həbsə düşür:

“Qadınların əsas cinayəti dələduzluqla bağlı olur. Borc alıb qaytarmamaq və sair. Təəssüfləndirici məqam ondan ibarətdir ki, öz doğma balasını öldürdüyü üçün məhkumluq yaşayan qadınlar da az deyil. Bu da son illər ərzində müşahidə etdiyimiz ən pis cinayət işlərindən olub”.

M.Zeynalova bildirib ki, qadınların törətdiyi cinayətlər əsasən iqtisadi problemlərlə bağlı olur:

“Qadınları adətən varlanma həvəsi, imkansızlıq cinayət törətməyə məcbur edir. İstənilən halda qadınların törətdiyi cinayətlərin başında qazanc əldə etmək, varlanmaq dayanır.

Bəzi hallarda ailə yükü, övladları qarşısında öhdəliklər, məsuliyyət hissi qadınları dələduzluğa, pulu alıb qaytarmamağa, narkotik alverinə sövq edir. Qadın cinayətləri arasında çox az sayda məişət zorakılığı zəminində adam öldürmə halı da var.

İnsan alveri məsələsi də əvvəlcədən planlaşdırılmış cinayət olsa da, bunun da kökündə varlanmaq həvəsi dayanır”.

Qeyd edək ki, hazırda Qobustan qapalı həbsxanasında cəza çəkən xanım məhkum yoxdur. Həmçinin Azərbaycanda qadınlara qarşı ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmayıb.


05:00 17.10.2017
Xəbər lenti
Bütün xəbərlər