KANAL24.AZ
Az Iw En Ru

TV və radioda bunu edənlər cərimə olunacaq

Azərbaycan televiziya və radio proqramlarında ədəbi dil normalarını pozan şəxslər cərimələnəcək.

Kanal24 xəbər verir ki,Kult.az-a açıqlamasında Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva söyləyib. O bildirib ki, sözügedən cərimələr yalnız televiziya və radio verilişlərinə yox, həm də reklam elanları və lövhələrinə də şamil olunacaq:

“Bu layihə televiziya-radio proqramlarında, reklam lövhələrində işlədilən dialekt sözləri ilə yanaşı, sözlərin mənaya uyğun istifadə olunmaması, cümlədə söz sırasının pozulması, bəzi sözlərin dilimizdə qarşılığı ola-ola xarici dildə olan formalarından istifadə olunması, fonetik, qrammatik və s. normaların pozulması hallarının qarşısının alınmasını nəzərdə tutur. Məsələn, bəzən aparıcılar “zamanımı aldı” ifadəsini işlədir. Halbuki dilimizdə bunun qarşılığı kimi “vaxtımı aldı” sözü var.

Bakı küçələrində, eləcə də rayonlarda reklam lövhələrində belə hallara kifayət qədər çox rast gəlinir. Bu gün KİV-də, xüsusilə də televiziya və radio aparıcılarının nitqində ağırlaşmalar müşahidə olunur. Buna uyğun olaraq reklam çarxlarında, iaşə obyektlərinin adlarında və s. ədəbi dil normalarının pozulmasının qarşısını almaq məqsədilə dövlət proqramında müvafiq maddəyə uyğun olaraq cərimələr tətbiq olunacaq”.

S.Əliyevanın sözlərinə görə, son dövrlər bu sahədə aparılan maarifləndirmə işi gözlənilən nəticəni vermədiyindən, bir sıra xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da cərimə tətbiq olunması təklifi irəli sürülüb:

“Təbii ki, biz maarifləndirmə yolu ilə ədəbi dil normalarının pozulmasının qarşısının alınmasının tərəfdarıyıq. Lakin son 5 ildə əldə olunan nəticələr onu göstərir ki, bu sahədə müəyyən qədər irəliləyişlər qeydə alınsa da, bu, istənilən səviyyədə deyil. Buna görə də AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsi bununla bağlı layihə hazırlayıb və yaxın zamanlarda təsdiqlənməsi üçün müvafiq qurumlara təqdim olunacaq.

Layihədəki cərimələr yalnız hüquqi şəxslərə şamil olunacaq. Məsələn, hansısa televiziya və radio proqramlarının aparıcısı ədəbi dil normalarını pozarsa, onun özü yox, çalışdığı qurum cərimələnəcək. Televiziyanın həmin şəxsə ayrıca cərimə tətbiq etməsi, onu hansısa formada cəzalandırması və ya xəbərdarlıq etməsi televiziyanın daxili işidir. Biz buna qarışa bilmərik. Cərimələr Tarif Şurasının tətbiq etdiyi cərimə növlərinə uyğun olaraq müəyyənləşdiriləcək. Yəni kiçik həcmli reklam lövhəsində cərimələr az olacaq, həcm böyüdükcə cərimələrin də miqdarı artacaq. Layihə təsdiqini tapmadığından hansı hallarda nə qədər cərimə tətbiq olunacağını indidən deyə bilmərik, amma hələlik təxmini qiymətlər müəyyənləşdirilib. Biz inanırıq ki, cərimələrin tətbiq olunmasından sonra müsbət mənada kifayət qədər dəyişikliklər baş verəcək.

Reklam lövhələrində reklam olunan malın və ya əşyanın yalnız xarici, yəni tərcümədə verilməsi “Reklam haqqında” və “Dövlət dili haqqında” qanuna ziddir. Dövlət dili haqqında qanuna görə, reklam lövhələrində Azərbaycan dilində olan hissə iri həcmdə olmalı, digər dildə olan mətnlər isə nisbətən kiçik olmalıdır. Qanunvericiliyin tələbləri pozulan lövhələr üçün ayrıca cərimələr nəzərdə tutulub”.

Sevinc Əliyeva dil normalarının pozulmasının dövlət rəsmilərini də narahat etdiyini vurğulayıb:

“Oktyabrın 6-da “Azərbaycan ədəbi dilinin qorunması və inkişafında KİV-in rolu” mövzusunda keçirilən tədbir və Prezidentin İctimai-Siyasi məsələlər üzrə köməkçisi, PA-nın şöbə müdiri Əli Həsənovun çıxışı göstərdi ki, Azərbaycan ədəbi dil normalarının qorunmaması dövlət səviyyəsində ciddi narahatlıq doğurur. Təəssüf ki, bu narahatlıq əbəs yerə deyil. Belə davam edərsə, biz KİV-də ədəbi dil normalarının kütləvi şəkildə pozulmasını müşahidə edə bilərik”.


21:14 16.10.2017