KANAL24.AZ
Az Iw En Ru

Yardımlıda 108 hektar fındıq bağı salınıb

Son illər Yardımlı rayonunda ənənəvi əkin sahələrinin genişləndirilməsinə diqqət artırılıb. 43 hektar tütün sahəsindən 125 ton yaş tütün yığılıb. Hazırda tütün tədarükü davam edir. Həmçinin 108 hektarda Zaqatala rayonundan gətirilən və yüksək məhsuldarlığı ilə seçilən 54 min fındıq tingi əkilib.

Bu barədə Yardımlı rayonunda cari ilin doqquz ayında sosial-iqtisadi inkişaf sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə dair keçirilən hesabat yığıncağında danışılıb.

Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov bildirib ki, hesabat dövründə sahibkarlıq və kənd təsərrüfatının inkişafı, tikinti, abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının təmiri, əhalinin içməli su ilə təminatı, tibb müəssisələrinin inşası, kommunal yaşayış binalarının təmiri və digər infrastruktur layihələri həyata keçirilib.

Qeyd olunub ki, 9 yaşayış binasının bloku təmir edilib, fasad hissələri rənglənib, 4 yaşayış binasının dam örtüyü yenisi ilə əvəz olunub. Kənd İnvestisiya Layihəsi çərçivəsində, əhaliyə tibb xidmətinin yaxşılaşdırılması məqsədilə rayonun Honuba-Şıxlar və Avaş kəndlərində həkim məntəqəsi tikilərək istifadəyə verilib. Hazırda Horavar və Şəfəqli kəndlərində iki şəhid ailəsi üçün sahəsi 110 kvadratmetr olan dördotaqlı ev tikilir. Təbii-texnogen hadisələrin təsirindən qəzalı vəziyyətə düşmüş Yardımlı şəhərində 3, Köryədi kəndində 1 və Zevin kəndində 1 evin tikintisi davam etdirilib.

Qeyd olunub ki, kənd yollarının çəkilişi, əsaslı təmiri istiqamətində də bir sıra işlər görülüb. Masallı-Yardımlı avtomobil yolunun sıradan çıxmış asfalt örtüyü təmir olunaraq avtomobillərin hərəkəti təmin edilib. Yardımlı şəhərinə ümumi uzunluğu 75 kilometr olan su və 45 kilometr kanalizasiya xətlərinin çəkilməsi davam etdirilib. Rayonun Horavar və Əngövül kəndlərinə içməli su xətti çəkilib. Hazırda bu su xəttindən 8 yaşayış məntəqəsinin 6 min nəfəri istifadə edir. Aşağı Astanlı və Deman kəndlərinin hər birində bir artezian quyu qazılıb, Deman kəndində qazılmış quyu istifadəyə verilib.

Bildirilib ki, bu ilin doqquz ayında Yardımlıda 53 milyon 180 min manatlıq ümumi məhsul istehsal olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çoxdur.

Cari ilin məhsulu üçün 2016-cı ilin payızında 3 min 549 hektar sahədə payızlıq taxıl bitkiləri əkilib. Bunun 3 min 455 hektarı payızlıq buğda, 78 hektarı payızlıq arpa, 16 hektarı isə vələmir sahəsidir. Sahələrdən 83 min 24 sentner taxıl, 82 min 482 sentner kartof, 21 min 943 sentner tərəvəz və 6 min 137 sentner meyvə yığılıb.

Hesabat yığıncağında çıxış edən rayon Yol İstismarı İdarəsinin rəisi Yaqub Əliyev, Su-Kanal İdarəsinin rəisi Füzuli Babayev, elektrik şəbəkəsinin müdiri Cavid Cavadov, Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışıb, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Sonda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.(Azərtac)


01:20 15.10.2017